“Android 10” sisteminin buraxılış tarixi bəlli olub
“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin sonuncu - 10-cu versiyasının buraxılış tarixini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “Google Pixel” smartfonlarının sahibləri “Android 10” versiyasını sentyabrın 3-dən etibarən quraşdıra biləcəklər.
Məlumata görə, sistem yenilənməsi bütün “Pixel” smartfonları, o cümlədən “Pixel 3”, “Pixel 3XL”, “Pixel 3a”, “3a XL”, eləcə də köhnə “Pixel 2/2 XL” modelləri üçün buraxılacaq. Bundan başqa, 2016-cı il buraxılışlı orijinal “Pixel” və “Pixel XL” modelləri də “Android 10” sistemi ilə təchiz ediləcək.
Qeyd edək ki, ötən həftə “Google” şirkəti “Android” mobil əməliyyat sisteminin yeni versiyalarının şirniyyat və desertlərin şərəfinə adlandırılması ənənəsindən imtina edəcəyini bəyan edib. Bunun əsas səbəbi kimi dünyanın müxtəlif ölkələrinin sakinlərinin şirniyyat adlarını başa düşməkdə çətinliklərlə üzləşməsi göstərilir.
Qeyri-adi ənənə 2009-cu ildə buraxılan “Android 1.6 Cupcake” sistemindən başlayıb. Onun ardınca isə əməliyyat sisteminin “1.6 Donut”, “2.0 Éclair”, “2.2 Froyo”, “2.3 Gingerbread”, “3.0 Honeycomb”, “4.0 Ice Cream Sandwich”, “4.1 Jelly Bean”, “4.4 KitKat”, “5.0 Lollipop”, “6.0 Marshmallow”, “7,0 Nougat”, “8.0 Oreo” və “9 Pie” versiyaları işıq üzü görüb.
Gələcəkdə “Аndroid” sisteminin növbəti versiyalarının hamısı yalnız yeni rəqəmə malik olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət