Anar Bağırov: Son aylar vəkilliyin nüfuzu artıb
Vəkillər Kollegiyasının sədrinin Amerikanın Səsinə müsahibəsi
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov Amerikanın Səsinə müsahibəsində ölkədə vəkillik institutunun durumu haqda danışıb.
Amerikanın Səsi: Son dövrlər ölkədə vəkillik institutunun Avropa standartlarına uyğunlaşdırılması istiqamətində hansı islahatlar həyata keçirilib? Hazırda ölkədə əhalinin hər on min nəfərinə neçə vəkil düşür?
İyulun sonunadək kollegiya üzvlərinin sayı 1550 nəfəri keçəcək.
Anar Bağırov: Bilirsiniz ki, son aylar ərzində Vəkillər Kollegiyası işini şəffaf qaydada qurur, ictimaiyyətlə əlaqələri genişləndirir. Bütün məlumatlar lazımi qaydada İnternet, Facebook səhifələrində yerləşdirilir. Əslində, bu, özü-özlüyündə kollegiyanın dediyiniz Avropa standartlarına uyğun fəaliyyət göstərməsinin bariz nümunəsidir. Ancaq təbii ki, bu, yeganə bir nümunə deyil. Eyni zamanda Vəkillər Kollegiyasında bir çox sahələrdə yeniliklər var. Kollegiyanın maddi-texniki bazası yeniləşdirilir, bütün tələblərə cavab verən müasir binada yerləşirik, normal arxivimiz var, normal elektron şəbəkəmiz var. Vəkillərin elektron kabinetlərini hazırlayırıq. Məlumat üçün deyim ki, Avropanın bir çox ölkələrində hələ vəkillərin elektron kabinetləri yoxdur. Ancaq ümid edirik ki, bu ilin sonuna kimi biz vəkillərin elektron kabinetlərini yaradacağıq. Eyni zamanda elektron vəkil sistemini elektron məhkəmə sistemi ilə inteqrasiya edəcəyik. Bu özü böyük bir məsələdir. Çünki vəkillik fəaliyyətinin asanlaşdırlmasına xidmət edir. Eyni zamanda vəkilliyə tam şəffaf qaydada qəbul keçirilir. Həm yazılı imtahanlar, həm şifahi müsahibə, həm də tədris şəffaf keçirilir. Bütün bunlar barədə ictimaiyyətə geniş məlumat verilir. KİV nümayəndələrinin iştirakı təmin edilib. Qısa zaman ərzində, son yeddi ay ərzində Vəkillər Kollegiyasının üzvlərinin sayı kəskin şəkildə artıb. İyulun sonunadək kollegiya üzvlərinin sayı 1550 nəfəri keçəcək. Hesab edirəm ki, bu, özü böyük bir məsələdir. İlin əvvəlində kollegiyada cəmi doqquz yüzdən bir qədər çox vəkil var idi. Hazırda vəkillərin sayı 1200 nəfərdən çoxdur. İyulun sonunadək 1500 nəfərdən çox olacaq. Vəkilliyin Avropa standartlarına uyğunlaşdırılması məsələsinə gəldikdə bir məsələyə də toxunmaq lazımdır. 2012-ci ildə Avropa Şurası ilə Avropa İttifaqının birgə təşkil etdiyi işçi qrupu tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində vəkilliklə bağlı problemlər araşdırılıb, hesabat hazırlanıb. Hesabatda ölkəmizdə vəkilliklə bağlı bir neçə qüsur, o cümlədən vəkillik fəaliyyəti sahəsinin genişləndirilməsi göstərilib. Hal-hazırda nümayəndəlik institutu ilə bağlı aparılan islahatlar əslində o hesabata uyğun həyata keçirilir. Çünki orada göstərilib ki, məhkəmələrdə vətəndaşları kim gəldi deyil, vəkillər təmsil etməlidir.
Amerikanın Səsi: Bir sıra hüquq-müdafiə təşkilatları onların müstəqil hesab etdiyi bir çox vəkillərin son illər Vəkillər Kollegiyasından uzaqlaşdırılması ilə bağlı bəyanatlar yayıb. Sizin münasibətiniz?
Bugünki əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin “Universal etik davranış qaydaları haqqında” nəzəriyyəyə uyğun bir sənəddir. Bütün beynəlxalq standartlara uyğundur.
Anar Bağırov: Bizim qarşımızda duran ən böyük məqsəd vəkillərin sayının artırılması ilə yanaşı, eyni zamanda vəkilliyin nüfuzunun artırılmasıdır. Vəkilin nüfuzunun artırılmasından ötrü isə vəkillər həm “Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə, eyni zamanda “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamənin tələblərinə əməl etməlidir. Təəssüf ki, əvvəlki dövrlərdə bu deontologiya (peşənin tətbiq edilməsində lazım olan əxlaqi dəyər və etik qaydalar-red.) məsələlərinə kifayət qədər diqqət yetirilmirdi. Birinci, bu, onunla bağlı idi ki, ölkədə 2012-ci ilə kimi “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamə mövcud deyildi. Ancaq 2012-ci ildə qəbul olunmuş əsasnamə də Avropa Şurası ilə Avropa İttifaqının hesabatına əsasən beynəlxalq standartlara cavab vermirdi. Ona görə dekabr ayında biz onu yenilədik. Bugünki əsasnamə Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Birliyinin “Universal etik davranış qaydaları haqqında” nəzəriyyəyə uyğun bir sənəddir. Bütün beynəlxalq standartlara uyğundur. Deyilənlərin hamısı dedi-qodulardır. Razıyam ki, əsasnaməmiz beynəlxalq ekspertlər də cəlb olunmaqla araşdırılsın ki, beynəlxalq standartlara cavab verir ya yox. Bunu tam məsuliyyətlə bildirirəm. Təbii ki, bununla bağlı kollegiyanın İntizam Komissiyası, Rəyasət Heyəti kollegiyaya daxil olan şikayətlərlə bağlı lazımi ölçülər götürür. Kollegiyaya vəkillərin davranışı ilə bağlı müraciət edənlər əsasən vətəndaşlardır. Təbii ki, dövlət və qeyri-dövlət orqanları da müəyyən müraciətlər edir. Siz sualınızda dediniz ki, bir çox vəkillər. Bilirsiniz, bu gün kollegiyada 1200-dən çox vəkil var. Bu bir çox vəkil dedikdə nə başa düşülür? Mənim aləmimdə bir çox vəkil, heç olmasa, on nəfər olmalıdır. Bizdə bu il ərzində yalnız bir vəkilin kollegiyadan xaric edilməsi barədə iddia qaldırılması barədə qərar qəbul olunub, iki vəkil üzvlük haqqı ödəmədiyinə görə analoji qərarlar qəbul olunub. Digər vəkillərin barəsində isə digər intizam tədbirləri görülüb, irad tutulub, töhmət verilib, müəyyən müddətə fəaliyyətləri dayandırılıb. Bütün digər ölkələrdə də Vəkillər kollegiyaları bu funksiyaları yerinə yetirir. Biz burada hesab etmirik ki, kiminsə hansısa mövqeyinə görə kimsə cəzalandırılıb. Bu, tamamilə belə deyil. Çünki kifayət qədər vəkil var ki, onlar da cəzalandırılıb. Lakin onların adlarını heç kim çəkmir. Təəssüf olsun ki, bu məsələlərdə də beynəlxalq təşkilatlar ayrı-seçkiliyə yol verir.
Amerikanın Səsi: Son illər bir neçə vəkil müstəntiqlərin, məhkəmə hakimlərinin və Penitensiar Xidmətin müraciəti əsasında intizam məsuliyyətinə cəlb olunub. Bəs vəkillərin hüquqlarının müdafiəsi sahəsində hansı işlər görülür?
Bütün vəkillərin ən razı qaldığı məqam odur ki, ölkədə vəkilliyin nüfuzu artıb.
Anar Bağırov: Son aylar ərzində onlarla dövlət orqanlarından, hüquq-mühafizə orqanlarından vəkillərin davranışı ilə bağlı şikayətlər daxil olub. Hüquqi əsası olmadığına görə o şikayətlərin heç biri təmin olunmayıb. Məhkəmələrdən şikayətlər daxil olur. Əslində şikayətlər daxil olanda biz çalışırıq ki, vəkilləri barışdıraq. Əgər vəkilin əməlində pozuntu varsa çalışırıq məsələni sülh yolu ilə həll edək. Əgər bu, mümkün olmursa, təbii ki, biz məcbur oluruq ki, intizam işi başlayaq. Əksər şikayətlərə tərəfimizdən baxılır və hüquqi əsas olmadığından rədd edilir. Eyni zamanda vəkillərin Rəyasət Heyəti vəkillərin fəaliyyətinə maneələr və müdaxilələrlə bağlı bütün müraciətləri operativ qaydada təmin edir. Burada konkret işlər və adlar çəkmək niyyətində deyiləm. Ancaq ümumən bizim vəkillər, kollegiyanın üzvləri gözəl bilirlər ki, istənilən məsələ ilə bağlı günün istənilən vaxtı kollegiya rəhbərinə və yaxud Rəyasət Heyətinə müraciət edə bilərlər. Operativ qaydada kollegiya rəhbəri tərəfindən müraciətlərə reaksiya verilir. Vəkillər bununla bağlı kifayət qədər yazılar da, statuslar da yazıblar. Hətta mən bunun əleyhinəyəm. Deyirəm, elə məsələni ictimailəşdirməyin. Bu, düzgün deyil. Bu, daxildə olan bir məsələdir. Ona baxmayaraq, hətta vəkillər öz sevinclərini həmkarları ilə bölüşüblər. Bizim vəkillərin sosial şəbəkələrdə qapalı qrupları da var, orada bölüşürlər. Bu sahədə çox böyük işlər görülür. Ancaq bütün vəkillərin ən razı qaldığı məqam odur ki, ölkədə vəkilliyin nüfuzu artıb. Son aylarda vəkillərə olan münasibət çox dəyişib. Vəkillər onu hiss edir və bizə daim təşəkkür edirlər ki, son aylar vəkillyin nüfuzu artıb. Bu, bizim ən böyük töhfəmizdir. Təəssüf olsun ki, ölkədə vəkilliyin nüfuzu çox aşağı olub. Bizim ən böyük məqsədimiz ölkədə vəkilliyin nüfuzunun artırılmasıdır.
Amerikanın Səsi: Ölkənin regionlarında vəkillik institutunun durumu necədir? Regionlarda vəkillik institutunun inkişafı üçün hansı işlər görülməlidir?
Təsəvvür edin ki, hüquq-mühafizə orqanlarının fəaliyyət göstərdiyi rayonların çoxunda vəkil qurumları yox idi. Nə vəkil bürosu var idi, nə vəkil firması var idi. Hazırda belə bürolar yaradılır və bu proses davam edəcək.
Anar Bağırov: Hazırda regionlarda vəkillərin sayı çox azdır. Biz problemi bilirik, təhlil edirik və bunun həlli üçün tədbirlər görməyə çalışırıq. Birinci növbədə vəkil qurumları olmayan şəhər və rayonlarda vəkil qurumlarının yaradılmasını stimullaşdırırıq. Vəkillərdən xahiş edirik, dəvət edirik ki, qurumlar yaratsınlar. Bu sahədə artıq xeyli işlər görülüb, ictimaiyyətə də məlumatlar verilib. Artıq bir neçə rayonda yeni qurumlar yaradılıb. Təsəvvür edin ki, hüquq-mühafizə orqanlarının fəaliyyət göstərdiyi rayonların çoxunda vəkil qurumları yox idi. Nə vəkil bürosu var idi, nə vəkil firması var idi. Hazırda belə bürolar yaradılır və bu proses davam edəcək. Məqsədimiz odur ki, yaxın illər ərzində ölkənin bütün şəhər və rayonlarında vəkil büroları olsun. İnsanlar bilsinlər ki, filan ünvanda vəkil bürosu yerləşir və gedib həmin ünvanda vəkillərlə lazımı qaydada müqavilə bağlayıb hüquqi yardım ala bilsinlər. Hüquqi yardımın bütün ölkə üzrə əl çatımlılığını təmin etmək istəyirik. Başqa planlarımız da var. Biz hazırda Asan Xidmət Mərkəzi ilə danışıqlar aparırıq. Onlarla birgə vətəndaşlara hüquqi yardımın göstərilməsi işinin daha da təkmilləşdirilməsi üzrə tədbirlər görəcəyik.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət