Slimfit
  1. İDMAN

Amil Yunanov: "Oyunumdan çox narazıyam"

Amil Yunanov: "Oyunumdan çox narazıyam"
Sakura

Amil Yunanov: "Oyunumdan çox narazıyam"

“Keşlə” komandasının futbolçusu Amil Yunanovun “Report”a müsahibəsi

- Pemyer Liqanın VII turundan təxirə salınmış oyunda “Qarabağ”la 1:1 hesablı heç-heçə etdiniz. Yeni baş məşqçiniz Tərlan Əhmədovun debüt etdiyi matçla bağlı təəssüratlarınız necədir?

- Yeni baş məşqçimizlə çıxdığımız oyunda yaxşı nəticə qazanmaq istəyirdik. “Qarabağ”ın gücü, səviyyəsi barədə çox danışmağa gərək yoxdur. Maraqlı, eyni zamanda ağır matç oldu. Məğlub duruma düşsək də, bərabərlik qolunu vura bildik. Bunu pis nəticə saymıram, amma yaxşı da deyə bilmərəm. Çünki qalib gəlmək istəyirdik.

- Son vaxtlar “Qarabağ”ın uğursuz çıxışına əsas səbəb kimi, futbolçularının yorğunluğu göstərilir. Bir oyunçu kimi bunu meydanda daha yaxşı hiss edə bilərsiniz. Doğrudanmı əsas amil budur?

- Komandanın içində olmadığım üçün dəqiq bir söz deyə bilmərəm. Futbolda belə şeylər olur. Ardıcıl olaraq həftədə 2 matç keçirəndə istər-istəməz yorğunluq yaranır. Üstəlik, elə özümüzü götürək, nəticə qazana bilməyəndə insan psixoloji baxımdan da əldən düşür. Futbolda ən yaxşı motivasiya qələbədir. Bir neçə matçda qalib gələndə vəziyyət dəyişir.

- Yeni baş məşqçi ilə komandanın qarşısına hansı məqsəd qoyulub?

- Tərlan Əhmədovun “Keşlə” üçün düşərli olacağını düşünürəm. Bir olaraq, komandanı bu durumdan çıxarmaq lazımdır. Hazırda 6 xalla 7-ci pillədəyik. Bu, komandanın potensialına uyğun göstərici deyil. Bununla heç cür barışa bilmərik. Hələ 9 tur oynanılıb. Bizi qarşıda çoxlu sayda görüş gözləyir. Yenidən avrokuboka da düşə bilərik. Ötən il "Keşlə" Azərbaycan Kubokunu qazanmaqla buna nail olmuşdu. Bəli, Avropaya gedən qısa yol kubokdan keçir. Amma bu turnirin başlamasına hələ var. Çempionatdan da əl çəkəsi deyilik. İstəyimiz mümkün qədər üst pillədə qərarlaşmaqdır. Rəqiblərlə aramızdakı xal fərqi elə də böyük deyil. Üçüncü sıradakı “Səbail”dən 10 xal geri qalırıq.

- Ötən çempionatda “Sumqayıt”ın heyətində 28 oyuna 10 qol vuraraq bombardir Baqali Dabodan 3 top geri qalmışdınız. Cari mövsümdə isə aktivinizdə cəmi 1 qol var. Bu, sabiq baş məşqçi Mladen Milinkoviçin sizi mərkəz hücumçusu kimi oynatmaması ilə bağlıdır, yoxsa başqa amillər də var?

- Sabit oynamamağımda əsas səhvi özümdə görürəm. Komandaya yeni gəlmişəm. Öz mövqeyimdə 1 oyuna çıxdım, sonrakı 2 matçda fərqli yerlərdə çıxış etdim. Normal oyun vaxtım “Qəbələ” ilə səfərdə qol vurduğum qarşılaşmadır. Onda da 80-ci dəqiqədən sonra əvəzlənməyimi özüm istədim. Çünki gördüm ki, çətinlik çəkirəm. Neçə vaxtır 90 dəqiqə meydanda olmuram. Məşqlə oyun bir deyil. Özüm çıxışımdan çox narazıyam. Hücumçu üçün bir qol çox azdır. Yeni baş məşqçi yeni ab-hava gətirir. Tərlan müəllim məni yaxşı tanıyır, inanır. Onun etimadını doğrultmağa çalışacağam.

- Milinkoviçin “Keşlə”dəki karyerası niyə uğursuz alındı: Serbiyalı baş məşqçi nələri düz etmirdi?

- O, yayda komandaya gəldi. Mövsümə yaxşı başlamadıq və heç cür "qara zolaq"dan çıxa bilmədik. Onun zəif baş məşqçi olduğunu söyləməzdim. Sadəcə, alınmadı. Geriyə yox, önə baxmalıyıq.

- Bunu Milinkoviçin futbolçuları yaxşı tanımaması ilə əlaqələndirmək olar? Məsələn, sizi daha effektli olduğunuz mövqedə oynatmırdı...

- Bəlkə də, bunun da rolu oldu. Yeni baş məşqçimiz yerli mütəxəssisdir. Ölkə futbolunu çox gözəl bilir, hamımızın potensialına bələddir. Bunun bizim üçün üstünlük olduğunu düşünürəm.

- Sizdən əlavə, komandada daha 4 hücumçu var. Belə rəqabət mühitində əsas heyətə düşə biləcəksiniz?

- Üzərimə düşən yaxşı çalışıb, məşqlərdə özümü göstərməkdir. Qərarı baş məşqçi verir. Həm “Keşlə”yə fayda vermək, həm də milliyə qayıtmaq üçün əvvəlki kimi oynamalıyam. İnkişaf rəqabət olan yerdədir.

- Ötən mövsüm ön planda olduğunuz halda, indi kölgədə qalmısınız. “Sumqayıt”da qalmadığınız üçün peşman deyilsiniz?

- Qətiyyən. “Keşlə”yə keçmək mənim üçün irəli atılmış addımdır. Keçmişdə olan keçmişdə qaldı.

- Noyabrın 3-də növbəti tur çərçivəsində Əhmədovun ötən mövsüm baş məşqçisi olduğu “Neftçi” ilə qarşılaşacaqsınız...

- Bəli, çox ağır qrafikdir. Çempionla matçdan sonra cari mövsümün lideri ilə qarşılaşacağıq. Hamılıqla ancaq yaxşı nəticəyə köklənmişik. Komandanın potensialı “Neftçi”ni belə məğlub etməyə imkan verir. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR