Slimfit
  1. MEDİA

AMEA Rəyasət Heyətinin iclasında bir sıra vacib məsələlər müzakirə olunub

AMEA Rəyasət Heyətinin iclasında bir sıra vacib məsələlər müzakirə olunub
Sakura

AMEA Rəyasət Heyətinin iclasında bir sıra vacib məsələlər müzakirə olunub

Noyabrın 3-də Azərbaycan Milli  Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, Rəyasət Heyətinin digər üzvləri akademiklər – İsa Həbibbəyli, İbrahim Quliyev, Dilqəm Tağıyev, İradə Hüseynova, Rasim Əliquliyev, Arif Həşimov, Gövhər Baxşəliyeva, Fikrət Əliyev, Adil Qəribov, eləcə də Rəyasət Heyətinin aparat rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA prezidenti katibliyinin rəisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Əmirov və aidiyyəti üzrə dəvət olunmuş şəxslər iştirak ediblər.

Əvvəlcə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev 217 saylı məktəbin 5-ci sinif şagirdi Arzu Soltanovaya məktəblinin məktubla müraciəti əsasında noutbuk hədiyyə edib, ona uğurlar arzulayıb.

Daha sonra akademik Ramiz Mehdiyev tarix elmləri doktoru Şahin Fərzəliyevə tarix elminin inkişafındakı xidmətlərinə görə AMEA-nın Fəxri fərmanını təqdim edib.

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son vaxtlarda Akademiyanın bir sıra elmi-tədqiqat müəssisələrində yoxlama işlərinin aparıldığı barədə məlumat verib. Qeyd edib ki, bir sıra hallarda sənədlər və digər məsələlər gizlədildiyindən yoxlama işlərinin keyfiyyəti qənaətbəxş olmayıb.

Mərkəzi Nəbatat Bağında aparılmış yoxlamalar barədə danışan və Bağın uzun illər baxımsız vəziyyətdə qaldığını deyən akademik Ramiz Mehdiyev müəssisənin ərazisindəki ağacların bir çoxunun quruduğunu, kəsildiyini, kənar şəxslərin orada şəxsi mənzillər tikdiyini diqqətə çatdırıb. Bildirib ki, icra hakimiyyətindən dəfələrlə Bağın qaydaya salınması ilə bağlı AMEA-nın keçmiş rəhbərliyinə müraciətlər olunsa da, bu barədə heç bir tədbir görülməyib.

“Mərkəzi Nəbatat Bağında uzun illər direktor işləyən şəxsi vəzifəsindən azad etdik. Deyə bilərəm ki, Bağda çox ciddi nöqsanlar ortaya çıxıb. Bu gün Mərkəzi Nəbatat Bağında geniş quruculuq işləri gedir”, - deyə AMEA prezidenti söyləyib.

Akademik Ramiz Mehdiyev Botanika İnstitutunda da yoxlamaların aparıldığını, ayrılmış büdcənin xərcləndiyini, lakin heç bir əməli işin görülmədiyini vurğulayıb.

Neft-Kimya Prosesləri İnstitutunda da yoxlamaların aparıldığını bildirən AMEA rəhbəri bir çox sənədlərin gizlədildiyini, müəyyən məsələlərin yenidən araşdırıldığını söyləyib.

“Vaqif Abbasov 10 ildən artıqdır ki, Neft-Kimya Prosesləri İnstitutunda direktor işləyir. Vaqif Abbasov xeyli maliyyə vəsaiti qazansa da, institut 1 manat da olsun, Akademiyanın büdcəsinə xeyir verməyib. Müəssisəyə müraciətlər olanda isə özünün Yüksək Texnologiyalar Parkındakı şirkətinə tapşırır və pul qazanırlar”, - deyə akademik Ramiz Mehdiyev bildirib. AMEA rəhbəri qeyd edilən məsələlərlə bağlı hüquq mühafizə orqanlarına müraciətin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

AMEA prezidenti, həmçinin Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşlarının AMEA-nın Mərkəzi Elmi Kitabxanasında yoxlamalar apardığını və keçmiş rəhbərliyin dövründə bir sıra neqativ hallara yol verildiyini vurğulayıb: “Ciddi nöqsanların sayı həddən artıq çoxdur. Hazırda korrupsiya idarəsində sənədləri hazırlayırlar və bizə də göndərəcəklər. Bu, əlbəttə, bir tərəfdən nəzarətsizliyin nəticəsidir, digər tərəfdən insanın mənəvi keyfiyyəti məsələsidir. Akademiya nə üçün bu vəziyyətə gəlib düşüb? Kimdir günahkar? Özbaşınalıq baş alıb gedib, heç kim digərindən bir şey soruşmayıb, tələb və nəzarət etməyib və institutlarda belə bir vəziyyət yaranıb. Xəbərdarlıq etmək istəyirəm ki, belə vəziyyətə biz dözməməliyik, şəxsən mən məsuliyyət daşıyıram. Tək mən yox, Rəyasət Heyətinin üzvləri, vitse-prezidentlər. Belə məsuliyyətsizliyi, işə yanaşmanı qəti surətdə qəbul etmirəm”.

Akademik Ramiz Mehdiyev sözügedən məsələlərin Rəyasət Heyətində yenidən müzakirə olunacağını deyib, o cümlədən bütün yoxlamaların nəticəsinin Akademiya əməkdaşlarının tanış olması üçün “Elm” qəzetində dərc edilməsi barədə tapşırıq verib.

Sonra iclasda elmi-təşkilati məsələlər müzakirə olunub. Tədbirin gündəliyi barədə AMEA-nın akademik-katibi, akademik Arif Həşimov məlumat verib.

Əvvəlcə AMEA Rəyasət Heyəti aparatının idarə və şöbələrinin əsasnamələri təsdiqlənib. Həmçinin AMEA-da yaradılmış Elm, təhsil və texnologiya problemləri üzrə Elmi Şura ilə Alternativ və bərpa olunan enerji mənbələri üzrə Elmi Şuranın tərkibi və istiqamətləri bənzərlik təşkil etdiyindən şuraların birləşdirilməsi barədə qərar verilib.

AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Ələddin Məlikov isə Akademiyanın doktorantura və dissertanturasına qəbulun nəticələri haqqında məlumat verib.

İclasda növbəti müzakirə olunan məsələ Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bu gün Alban abidələrinin Azərbaycançılıq müstəvisində, dövlətimizin mənafelərinə uyğun tədqiq olunmasına ehtiyac yarandığını söyləyib. Qeyd edib ki, Albanşünaslıq Elmi Mərkəzi sözügedən istiqamətdə tədqiqatların genişləndirilməsinə və sistemləşdirilməsinə, o cümlədən ölkə başçısının bu mövzuda alimlərimiz qarşısında qoyduğu vəzifələri yerinə yetirməsinə geniş imkan verəcək.

Müzakirələrdən sonra Albanşünaslıq Elmi Mərkəzinin Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun strukturuna daxil edilməsi haqqında qərar verilib, tarix elmləri doktoru Qafar Cəbiyev Mərkəzin rəhbəri təyin olunub.

Sonra akademik Rasim Əliquliyev Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün yaradılan “Dissertasiya mövzularının reyestri” sisteminin istifadəyə verilməsi barədə danışıb. Bildirib ki, sistem ölkə başçısının “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 10 dekabr 2018-ci il tarixli Sərəncamı, eləcə də AMEA Rəyasət Heyətinin 28 yanvar 2021-ci il tarixli və AR Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının problem şuralarının fəaliyyəti haqqında 30 aprel 2021-ci il tarixli qərarlarına əsasən yaradılıb. Vurğulayıb ki, portal ölkəmizdə dissertasiya mövzuları üzrə elmi tədqiqatların əlaqələndirilməsinə və təkrarçılığın aradan qaldırılmasına xidmət edəcək.

Daha sonra akademik Rasim Əliquliyev 27-29 oktyabr tarixlərində NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramının dəstəyi, AMEA İnformasiya Texnologiyaları İnstitutu və Polşa Milli Nüvə Tədqiqatları Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” mövzusunda onlayn beynəlxalq konfrans barədə məlumat verib. Bildirib ki, tədbirdə NATO-nun rəsmi nümayəndələri, eləcə də Türkiyə, ABŞ, Kanada, Polşa, Ukrayna, İsveç və Qazaxıstandan tanınmış mütəxəssislər iştirak ediblər və konfransda aktual mövzularda geniş müzakirələr aparılıb.

Akademik Rasim Əliquliyev, həmçinin AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən aparılmış Azərbaycan alimləri diasporunun cari vəziyyəti haqqında məlumat verib. Natiq araşdırmalar nəticəsində akademik Ramiz Mehdiyevin elmi məsləhətçiliyi ilə ikicildlik “Azərbaycan alimləri diasporu” kitabının çap olunduğunu, ensiklopedik nəşrdə xaricdə fəaliyyət göstərən 530 alimimizin adının yer aldığını diqqətə çatdırıb. Eyni zamanda gələcəkdə Azərbaycan alimləri diasporunun veb-saytının yaradılmasının nəzərdə tutulduğunu və onlarla bağlı məlumatların burada yerləşdirilməsinin planlaşdırıldığını söyləyib.

Akademik Ramiz Mehdiyev 2022-ci ilin may-iyun aylarında xaricdə fəaliyyət göstərən alimlərimizin iştirakı ilə konfransın keçirilməsinin nəzərdə tutulduğu barədə məlumat verib.

Tədbirdə, o cümlədən akademik Fikrət Əliyev “AMEA-nın Məruzələri” jurnalının yeni yaradılmış veb-saytını təqdim edib. Qeyd edib ki, 2014-2020-ci illərdə jurnalda dərc olunmuş məqalələrin elektron variantları saytda yerləşdirilib və nəşrin əvvəlki nüfuzunun bərpa edilməsi üçün məqsədyönlü işlər görülür.

İclasda, həmçinin AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsinin strukturunda Mülki müdafiə şöbəsinin yaradılması barədə qərar verilib. Bundan əlavə, AMEA-nın müxbir üzvləri Məsumə Məmmədovanın 70, Qüdrət Kəlbəliyevin 75, Mahmud Abdullayevin 80, Arif Məmmədovun 80 və akademiklər Məhəmməd Mehdiyevin 80 və Musa Musayevin 100 illik yubileyləri barədə müvafiq qərarlar qəbul olunub.

O cümlədən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Gülüş Nabadova qiyabi doktoranturaya keçirilib, Fizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Könül Abbasova qiyabi doktoranturadan xaric edilib.

Eyni zamanda iclasda bir sıra kadr məsələlərinə də baxılıb. Akademik Muxtar İmanov AMEA-nın Folklor İnstitutunun, AMEA-nın müxbir üzvü Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun, tarix elmləri doktoru Məryəm Seyidbəyli AMEA-nın Elm Tarixi İnstitutunun, hüquq elmləri doktoru Aytən Mustafazadə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı AMEA Hüseyn Cavidin Ev Muzeyinin, filologiya elmləri doktoru Nadir Məmmədli AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun, tarix elmləri doktoru Abbas Seyidov isə AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru vəzifələrinə təsdiqləniblər. Aqrar elmlər üzrə fəlsəfə doktoru Ələddin Eyvazovun Zoologiya İnstitutunun direktoru vəzifəsini icra etmə müddətinin isə uzadılması qərara alınıb. Filologiya üzrə fəlsəfə doktoru Aygün Bağırova AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun, tarix üzrə fəlsəfə doktoru Sevinc Nəsirova isə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi vəzifələrinə təsdiq olunublar.

İclasın sonunda bir sıra cari məsələlər müzakirə edilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR