Slimfit
  1. MEDİA

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə müsahibə

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə müsahibə
Sakura

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevlə müsahibə

Sual: Ramiz müəllim, ilk növbədə müsahibəyə razılıq verdiyiniz üçün əvvəlcədən AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin kollektivi adından minnətdarlığımızı bildirmək istəyirik. Sirr deyil ki, sizin mətbuatla hər bir təmasınız və yazınız jurnalistlər, ümumilikdə ölkə ictimaiyyəti tərəfindən həmişə maraqla qarşılanıb. Əminik ki, bu müsahibə də istisna təşkil etməyəcək.

Müsahibəmiz xalqımız və dövlətimiz üçün həyati əhəmiyyət daşıyan bir vaxta, Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin 30 ilə yaxındır ki, başçılığı ilə erməni işğalı altında inləyən torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladığı və qısa müddətdə parlaq hərbi qələbələr əldə etdiyi tarixi günlərə təsadüf edir. İlk sualımız da hər bir azərbaycanlıda böyük həyəcan və qürur hissi doğuran bu hadisələrlə bağlı olacaq. Sizcə, uzun illər ATƏT-in Minsk qrupunun vasitəçiliyilə davam etmiş sülh prosesi hansı səbəbdən iflasa uğradı? Nəyə görə diplomatları hərbçilər əvəz etməli oldu? Sizin kimi zəngin təcrübəyə malik, həm Ümummilli lider Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin silahdaşı olmuş, dövlət xadiminin fikirləri ekspertlərimiz və sıravi vətəndaşlarımız üçün çox maraqlıdır.

Ramiz Mehdiyev: Mənim fəaliyyətimə və fikirlərimə verdiyiniz yüksək qiymətə görə sizə təşəkkürümü bildirirəm. Uzun illər idarəçilik sahəsində çalışmış bir insan və  alim kimi fikirlərimin, əsərlərimin ictimaiyyət tərəfindən diqqətlə izlənməsi, maraqla qarşılanması məni elmi axtarışlarımı daha böyük əzmlə davam etdirməyə həvəsləndirir. Mən hər zaman oxucularla və cəmiyyətimizlə səmimi olmağa çalışmışam. Təbii ki, buna nə qədər nail olduğumu ancaq oxucular deyə bilər. Güman edirəm ki, elmi və siyasi irsimə ən dəqiq qiyməti zaman verəcək. Gəlin, bunu vaxtın öhdəsinə buraxaq.

Sizin sualınıza qayıdaq. Əslində, məsələyə ayrı-ayrı epizodlar prizmasından baxılmasını düzgün hesab etmirəm. Qarabağ münaqişəsinə bir bütün olaraq, ardıcıl şəkildə yanaşmaq, tam mənzərəni görməyə və dərk etməyə çalışmaq daha doğru olardı. Azərbaycanın siyasi rəhbərliyini müharibə variantını seçməyə vadar edən zərurət bir gündə yetişməyib. Dövlət başçısı cənab İlham Əliyevin də son günlərdəki çıxışlarında vurğuladığı kimi, uzun illər davam etmiş sülh danışıqlarının heç bir nəticə verməməsi, üstəlik, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın təxribat xarakterli bəyanatları və addımları, həmçinin Dağlıq Qarabağdakı qondarma kriminal rejimin səngiməyən təhrikedici hərəkətləri diplomatiyaya olan son ümidlərin də üzərindən xətt çəkmiş oldu.

Bəli, müharibə dağıntı, ölüm və insan faciəsi deməkdir. Biz bütün bu dəhşətləri Ermənistanın işğalı nəticəsində yaşamış bir xalqın nümayəndələriyik. Bu hisslərin və acıların nə demək olduğunu bizə izah etmək lazım deyil.

Təəssüf hissilə qeyd etməliyəm ki, bizə insan hüquqlarından, azadlıq və sülh kimi dəyərlərə hörmətdən danışanlar nədənsə ötən 30 il ərzində erməni təcavüzü nəticəsində dədə-baba torpaqlarından didərgin düşmüş, yaxınlarını itirmiş bir milyondan çox azərbaycanlının acı taleyinə biganə yanaşıblar. Beynəlxalq hüququn aliliyindən dəm vuranlar isə Azərbaycanın bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün pozulması faktına eyni riyakarlıqla göz yumublar. Cənab Prezidentin təbirincə desək, 30 il Ermənistanın Azərbaycana qarşı açıq-aşkar təcavüzünə susanlar ordumuzun 27 sentyabrdan başlayaraq qazandığı misilsiz qələbələr fonunda birdən-birə sülhdən danışmağı dilə gətiriblər. İşğalçıya olan bu rəğbətin, dəstəyin və havadarlığın səbəbi nədir? Azərbaycanı hər vəchlə öz haqqını təmin etməkdən çəkindirməyə, ordumuzun uğurlu hücumunu dayandırmağa çalışanlar ədalət duyğusundan bu qədərmi məhrumdurlar?

Müharibəyə gətirib çıxaran və cənab Prezidentin səbr kasasını daşıran hadisələr bizim gözlərimiz önündə cərəyan edib. Baş verənləri, heç şübhəsiz ki, bizimlə yanaşı, bütün dünya müşahidə etmək imkanında idi. Əvvəlcə Ermənistanın baş naziri Nikol Paşinyan sülh yolunun əhəmiyyəti, qarşılıqlı anlaşmanın zəruriliyi haqqında danışaraq müəyyən ümidlər yaratdı. Cənab Prezident də öz çıxışında qeyd etdi ki, Paşinyanın çoxsaylı xahişlərini nəzərə alaraq ona prosesləri adekvat şəkildə qavramaq üçün vaxt veririk. Nəticədə nə baş verdi? - Bir müdət sonra sülh danışıqlarının perspektivlərinə olan ümidlər də boşa çıxdı. Əvvəlcə N.Paşinyan dəfələrlə Qarabağa səfər edərək, qondarma rejimə öz açıq-aşkar dəstəyini dilə gətirməyə başladı. Sonra isə müxtəlif məzmunlu məsuliyyətsiz bəyanatlarla sülhə xidmət etmədiyini göstərdi. Ən nəhayət isə, “Qarabağ Ermənistanındır.” bəyanatı ilə Paşinyan həqiqi niyyətini və mövqeyini hər kəsə eşitdirdi. Sülh danışıqlarını dağıtmaq üçün qondarma rejimin rəhbərliyi də Paşinyanla duetdə çıxış edirdi. Cari ilin mayında Azərbaycan mədəniyyətinin incisi Şuşada təşkil edilən paraddan sonra sülhə ümid edən sonuncu optimistlər də susdu. Bu ilin 12 iyulunda Ermənistanın Azərbaycanın Tovuz rayonuna qarşı həyata keçirdiyi hücum böyük müharibənin o qədər də uzaqda olmadığına hər kəsi inandırmış oldu. Nəhayət, 27 sentyabr tarixində baş verən təxribat bardağı daşıran sonuncu damla kimi yadda qaldı. Mən ordumuzun bu məsələdə son sözü deyəcəyinə, işğalçıları torpaqlarımızdan qovacağına qətiyyən şübhə etmirəm.

Siz sülh imkanlarına dair sual verirsiniz. Təbii ki, hər kəs kimi mən də diplomatiyanın öz imkanlarını tamamilə itirmədiyinə inanmaq istəyirəm. Ancaq səmimi olaraq qeyd etməliyəm ki, mənə vasitəçilərin “tərəflər qarşılıqlı güzəştlərə hazır olmalıdır” bəyanatının mahiyyəti sona qədər aydın deyil. Ərazisinin 20%-i işğal edilmiş, 1 milyondan çox qaçqın və köçkün əhalisi olan bir ölkə qəsbkara daha hansı güzəştlərə getməlidir? Yeri gəlmişkən, mən bu sualı əvvəllər də öz xarici həmkarlarımla görüşlərdə onlara ünvanlamışam.

Onlardan soruşmuşam ki, əgər analoji hadisə sizin ölkənizdə baş versəydi, nə cür reaksiya verərdiniz? Belə vəziyyətdə sizin güzəştiniz nədən ibarət olardı? Qeyd etməliyəm ki, bu suallara heç vaxt əsaslı cavab ala bilməmişəm. Azərbaycan rəhbərliyi uzun illər danışıqlara sadiq qalmaqla, hərb yoluna əl atmamaqla Ermənistana ən böyük güzəştini edib. Əgər kimsə düşünürsə ki, Azərbaycan torpaqları hesabına ikinci erməni dövlətinin yaradılması baş tutacaq, həmin şəxslər səhv edirlər. Maraqlıdır ki, Dağlıq Qarabağda Azərbaycanı güzəştə məcbur etmək istəyənlər Qərbdə baş verən analoji vəziyyətlərdə nədənsə ərazi bütövlüyü prinsipini müdafiə edirlər. Misal üçün, Kataloniyanın timsalında və digər regionlarda hər kəs bunu müşahidə edib. İspaniyadan sülh yolu ilə ayrılmağa cəhd edən Kataloniyaya qarşı Madridin sərt reaksiyasını hər birimiz xatırlayırıq. Avropa İttifaqı ölkələrinin əksəriyyəti bu məsələdə Madridi müdafiə etdi. Yaxşı, görəsən Ermənistana havadarlıq edənlər özlərinə rəva görmədiklərini Azərbaycana niyə rəva bilir?

Sülh prosesi gedişində daim xalqların öz müqəddəratını təyin etməsi hüququnu qabardanlar, onun əhəmiyyətini ön plana çəkənlər nədənsə unudurlar ki, erməni xalqının dövləti var – Ermənistan Respublikası. Tarixi həqiqət ondan ibarətdir ki, Ermənistanın özü də tarixi Azərbaycan torpaqları hesabına yaradılıb və SSRİ dövründə də onun ərazisi süni şəkildə genişləndirilib. İrəvan xanlığının ərazisində qurulan Ermənistan bu günədək öz qonşularına qarşı miflərə söykənən ərazi iddialarından əl çəkmir. Cənubi Qafqazda sülhün yaranmasına ən böyük maneə məhz Ermənistanın avantüralarıdır.

Cənab Prezidentin özü həmişə qeyd edib ki, müharibə variantına əl atmamaq üçün səbr göstərib. Ancaq Azərbaycanın da güzəşt imkanları məhdudiyyətsiz deyil. Bütün hallarda sülhü arzulasaq da, hərbə hazır olmalıyıq. Əgər Ermənistan dünya birliyi tərəfindən konstruktiv dialoqa məcbur edilsə, təbii ki, sülh danışıqları bəhrə verəcək. Yox, əgər bu olmayacaqsa, vaxt itirmək əbəsdir.  Cənab Prezidentin qətiyyəti, xalqımızın vətənə bağlılığı, əsgərimizin rəşadəti və vətənpərvərliyi hər bir azərbaycanlı kimi məni də qürurlandırır. İnanıram ki, Azərbaycan dövləti cənab Prezident başda olmaqla, bütün Qarabağ üzərində öz suverenliyini bərqərar edəcək.

Sual: 11 oktyabr tarixində, sübh çağı Ermənistanın Gəncə şəhərinə endirdiyi raket zərbəsi 10 dinc vətəndaşımızın həyatına son qoydu, onlarla insan yaralandı. Hamımızı sarsıdan bu iyrənc terror aktı 10 oktyabrda Moskvada Ermənistan və Azərbaycan arasında əldə edilən humanitar atəşkəsin əldə edilməsindən cəmi bir gün sonra baş verdi. Sizcə, Ermənistana inanmaq olarmı?

Ramiz Mehdiyev: Əlbəttə ki, Ermənistan rəhbərliyinə inanmaq olmaz. Ermənilərin Qarabağ məsələsinə dair dünya birliyini 30 ilə yaxın necə aldatdığını hər kəs yaxşı bilir. Ermənistanın hərbi-siyasi rəhbərliyinin Gəncədə dinc sakinlərə qarşı həyata keçirdiyi terror aktı isə Paşinyan iqtidarının həqiqi mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Biz insani dəyərlərin üzərindən xətt çəkmiş, terrorçu və yırtıcı bir düşmənlə üz-üzəyik. Təəssüf ki, yersiz təəssübkeşlik və ikili standartlar beynəlxalq aləmdə erməni terrorunun vaxtında və ədalətli qiymətini almasına indi də əngəl törədir. Moskvada imzalanmış atəşkəsdən sonra dinc insanları hədəfə alan Ermənistan rəhbərliyinin dünya birliyi tərəfindən  qınanmamasına heç bir məntiqli izah tapmaq mümkün deyil. Ancaq biz əsla  ruhdan düşməməliyik. Azərbaycan Prezidenti bu məsələdə qəti və dönməz mövqedən çıxış edir. Mənim qələbəyə və ədalətə olan ümidim sonsuzdur. Heç bir əngəldən qorxmadan addım-addım, işimizi ehtiyatla tutaraq zəfərə doğru getməliyik. Bizim başqa yolumuz yoxdur.

Sual: Ramiz müəllim, Elmlər Akademiyasının kollektivi ordumuzun əks-hücum əməliyyatına başladığı gün cənab Prezidentin yanında olduğunu bəyan etdi və bu haqq işində ordumuza hər cür dəstək verməyə hazır olduğunu bildirdi. AMEA-nın rəhbəri kimi bu dəstəyin öz əməli ifadəsini hansı addımlarda tapacağını deyə bilərsinizmi?

Ramiz Mehdiyev:  Elmlər Akademiyası şanlı ordumuzun zəfər yürüşünə münasibətini 27 sentyabrda Rəyasət Heyətinin AZƏRTAC-da yayılan bəyanatı ilə bildirdi. Növbəti günlərdə isə Akademiyada təşkil edilən bütün iclas və görüşlərdə dövlətimizə, ordumuza olan dəstək bir daha bəyan edildi. Əməli addımlara gəlincə, ilk növbədə onu qeyd etmək istəyirəm ki, Rəyasət Heyətinin qərarı ilə Akademiyanın müxtəlif qurumları əldə etdikləri gəlirlərdən Silahlı Qüvvələrə Yardım Fondunun hesabına ümumilikdə üç yüz otuz min manatdan çox vəsait keçirmişdir. Bu proses davam edir.

Digər tərəfdən mənim tapşırığımla Akademiyanın Yüksək Texnologiyalar Parkı öz rezidenti ilə birgə Silahlı Qüvvələrimizə müxtəlif növ yuyucu vasitələr, dərman ləvazimatları, isti geyimlər çatdırıb. Akademiyanın Təcrübə-Sənaye Zavodu ordumuzu müxtəlif növ mühərrik yağları ilə təchiz etmək üçün hazırdır. Aidiyyatı üzrə müraciət edildiyi halda, dərhal reaksiya verəcəyik.      

Eyni zamanda, AMEA əməkdaşları qanvermə aksiyalarında da fəal iştirak edirlər. Akademiyanın iyirmi əməkdaşı isə hazırda könüllü olaraq ordumuzun sıralarında döyüşür. Bir daha təkrar edirəm ki, Akademiya ixtiyarındakı bütün imkanları ilə ordumuza dəstək verməkdədir. Silahlı Qüvvələrimizin bizimlə bağlı istənilən müraciəti Akademiya əməkdaşları üçün icrası zəruri tapşırığa, ümdə vəzifəyə çevriləcəkdir. Buna heç kəsin şübhəsi olmasın. Vətən torpaqlarının işğaldan azad edilməsinə töhfə vermək üçün hər kəs kimi Akademiya əməkdaşları əlindən gələni edir.  Əməkdaşlarımız  bunu özləri üçün  şərəfli borc hesab edirlər.  

Biz yaxşı bilirik ki, müasir müharibə yalnız silahla deyil, informasiya və təbliğatla da aparılır. Alimlərimiz bu cəbhədə də səfərbər olunublar. Erməni işğalının bütün dəhşətlərini dünya ictimaiyyətinə çatdırmaq, apardığımız mübarizənin haqlı olduğuna hər kəsi inandırmaq üçün alimlərimiz fəal şəkildə mətbuatda çıxışlar edir, xaricdəki həmkarları ilə iş aparırlar. İnformasiya cəbhəsindəki aktivliyimiz birmənalı şəkildə davam edəcək və biz onu daha da böyük müstəviyə çıxarmaq üçün əlimizdən gələni edirik. Buna şübhəniz olmasın.

Sual: Bəzi KİV-lərdə son günlər guya Akademiyanın və şəxsən sizin cəbhədə baş verənlərə laqeyd münasibətiniz, ordumuzun zəfərini susqunluqla müşahidə etməniz haqqında yazılar dərc edilib. Guya, Qarabağ mövzusuna siz həmişə etinasız yanaşmısınız və guya bu məsələ sizin üçün həssas mövzu olmayıb. Nə deyə bilərsiniz?

Ramiz Mehdiyev:  Bəli, bu yazılarla mən də tanışam. Onlar tamamilə cəfəngiyyat və böhtandan ibarətdir. Akademiyanın Tarix, Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya, Hüquq və İnsan Haqları və digər institutları Qarabağ münaqişəsinin tarixi və bu günü, erməni işğalı mövzusunda ötən illər ərzində kifayət qədər tədqiqatlar aparıb, kitablar çap etdiriblər.

Şəxsən mənim üçün isə Qarabağ mövzusu daim prioritetlər sırasında olub. Müəllifi olduğum “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri”, “Gorus-2010: absurd teatrı mövsümü” və “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabları, “Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Ermənistan vətəndaş cəmiyyəti kontekstində” adlı məqaləm bunu sübut edən ən bariz nümunələr ola bilər. Həmçinin mən Qarabağ münaqişəsi və ümumilikdə erməni saxtakarlıqları mövzusuna “Azərbaycanın Milli məfkurəsi qlobal transformasiyalar dövründə” adlı ikicildlik əsərimdə, “Qriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı cəsusluq aləti”, “Tarixdə ilk xristian dövləti kontekstində ermənilərin mif yaradıcılığı” və başqa kitablarımda geniş şəkildə toxunmuşam. Bu əsərlərdə ifadə etdiyim mövqe dəyişilməz olaraq qalır. Adlarını çəkdiyim əsərlər kitabxanalarımızda mövcuddur. Hər kəs onlarla tanış ola bilər. Onların bir qismi dünyanın aparıcı dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkələrdə nəşr edilib.

Hesab edirəm ki, Akademiyaya və şəxsən mənə qarşı ünvanlanan belə absurd fikirlərin müzakirəsinə vaxt sərf etmək doğru olmazdı. Ciddi məsələlərdən danışsaq, məncə oxucular üçün daha faydalı olar.           

Sual: Siz informasiya müharibəsinə və təbliğat məsələsinə toxundunuz. Doğrudan da, müasir dünyada informasiyanın təqdimatı və təbliğat məsələləri olduqca böyük əhəmiyyətə malikdir. Etiraf etməliyik ki, ermənilər bu işdə bizdən önə keçmək üçün əllərindən gələni edirlər və bəzi hallarda buna nail olurlar. Sizin fikrinizcə, bizim təbliğat işimizdəki boşluqlar nədən qaynaqlanır? Hansı komponentlər daha da gücləndirilməlidir? 

Ramiz Mehdiyev: Erməni təbliğatının geniş miqyas ala bilməsini bir neçə amil şərtləndirir. Birincisi, ermənilər, Qriqorian kilsəsi başda olmaqla, təbliğat işini və lobbiçilik fəaliyyətini üç əsrə yaxındır ki, davamlı şəkildə aparırlar. Onların dünyanın aparıcı siyasi mərkəzlərinin demək olar ki, hamısında təşkilatlanmış diasporu fəaliyyət göstərir. Ermənilər sistemli şəkildə, müxtəlif vasitələrlə həmin ölkələrin elm-təhsil mərkəzlərinə, mətbuatına, siyasi dairələrinə nüfuz edirlər, mövqe qazanmağa çalışırlar. Mövqe tutduqdan və əlaqələr qurduqdan sonra öz imkanlarını erməni təbliğatını gücləndirmək üçün istifadə etməyə çalışırlar. Diasporun effektivliyi onun sayından yox, təşkilatlanma bacarığından, fəaliyyət strategiyasının praktikliyindən asılıdır. Ermənilər buna nail olublar. Əgər kimsə ümid edirsə ki, ermənilər üç əsrdə qət etdiyi yolu biz 20-30 gündə və yaxud bir-iki ildə qət edə biləcəyik, həmin şəxslər yanılırlar. Bunun üçün vaxt və ardıcıl işin aparılması lazımdır.

Ayrı-ayrı əlamətdar günlərdə bir yerə toplaşıb ünsiyyətdə olmaq diaspor demək deyil. Diaspor öz xalqının və dövlətinin maraqları naminə yorulmadan və məqsədli şəkildə fəaliyyət göstərməyi bacaran mexanizm olmalıdır. Hər kəsə yaxşı məlumdur ki, erməni diasporu Ermənistan dövlətinə nəinki yük deyil, əksinə, hər il topladığı ianələrlə ona öz büdcəsini formalaşdırmağa yardım edir. Eyni sözləri biz Azərbaycan diaspor təşkilatları və onun imkanlı nümayəndələri haqqında da deyə bilərikmi? Təəssüf ki, yox. Sirr deyil ki, müxtəlif ölkələrdəki diaspor təşkilatlarımıza cənab Prezidentin tapşırığı ilə mütəmadi olaraq maddi yardım göstərilir. Yəni, Azərbaycan dövləti diasporumuzu dəstəkləyir, onun formalaşmasına yardım edir. Hesab edirəm ki, bu proses öz səmərəsini verəcək. Xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlı iş adamları da bu işdə öz fəallıqlarını artırmalıdırlar.     

O ki qaldı təbliğatımıza, mən bu barədə dəfələrlə danışmışam və yazmışam. Ümumilikdə onu deyə bilərəm ki, biz bəzən tarixi həqiqətləri dünyaya ermənisayaq çatdırmağa çalışırıq, yəni pafosla, gurultulu nitqlərlə, isterik bir formada. Lakin unuduruq  ki, Qərbdə ermənilərə imkan verənlər, bizim üçün bunu etmirlər. Bizim tarixi həqiqətlərə dair təbliğatımız sırf elmi əsaslara söykənməli, təhlil üzərində qurulmalıdır. Yalnız etibarlı mənbələr əsasında yazılan, müasir elmin meyarlarına cavab verən, oxunaqlı əsərlər və müsahibələr bizim işimizə fayda verə bilər. Kiminsə uydurduğu nağıllar, sabun köpüyü kimi dağılan bəsit konsepsiyalarla informasiya müharibəsində uğur mümkün deyil.

İnformasiya müharibəsinin öz silahları, aparılma qaydaları və hədəfləri var. Bütün bunları bilmədən və nəzərə almadan uğur əldə etmək qeyri-mümkündür. Bəzən insanlarda, hətta alimlərimizdə də belə bir yanlış təsəvvür hökm sürür ki, təbliğat nə qədər gurultulu olsa, bir o qədər inandırıcı təsir bağışlaya bilər. Bu, səhv yanaşmadır. Təbliğatın uğuru onun həqiqətə maksimum yaxın olmasına bağlıdır. Təbliğatın arqumentlərinə, ilk növbədə təbliğatçının özü inanmalıdır. Təbliğat yalanların tirajlanması deyil, əksinə, düşmənin qarşı tərəf haqqında ciddi-cəhdlə gizlətdiyi həqiqətlərin tam miqyası ilə çatdırılmasıdır. Uğurlu nəticənin əldə edilməsi üçün təbliğatın fəlsəfəsinə baxış dəyişməli və müasir dünyanın müvafiq praktikası dərindən öyrənilməlidir.

Fikrimi daha aydın izah etmək üçün mən bir nümunə göstərmək istərdim. Hər birimizə yaxşı məlumdur ki, Dağlıq Qarabağdakı xristian abidələrinin böyük bir qismi bizim əcdadlarımız olan Qafqaz albanlarının maddi-mədəni irsidir. Erməni ideoloqları zamanla bu irsi ya mənimsəyib, ya da məqsədli şəkildə məhv ediblər. Üstəlik, ermənilər dünyaya car çəkərək bəyan edirlər ki, Azərbaycan Dağlıq Qarabağdakı xristian-erməni abidələrini məqsədli dağıdır. Bu, ağ yalandır. Əksinə,  Azərbaycan dövlətinin dəstəyi nəticəsində udi icmasının timsalında Alban kilsəsinin və mədəni irsinin dirçəldilməsi istiqamətində geniş miqyasda iş aparılır. İcmaya hər il dövlət tərəfindən maliyyə dəstəyi də göstərilir. Ancaq icma nümayəndələri nədənsə təbliğat işində passivlik nümayiş etdirir, Azərbaycanın qədim xristian irsinin Qərbə lazımi səviyyədə çatdırılması üçün ardıcıl işlər görmür. Diplomatlarımız və təbliğatçılarımız alban irsi amilindən erməni yalanlarının ifşasında effektiv şəkildə istifadə etməlidir. Əfsus ki, Alban icması Keşikçidağ məbədi ətrafında Gürcüstanla yaranmış mübahisədə də sükutunu qorumağa üstünlük verir. İcma albanların varisi kimi öz əcdadlarının irsinə sahib çıxmağı bacarmalıdır. Bu, onların mənəvi borcudur. Belə nümunələr kifayət qədərdir.

Biz bir məqamı da unutmamalıyıq ki, təbliğat işinin qurulması zamanı hədəf auditoriyasının xüsusiyyətləri, incəlikləri mütləq nəzərə alınmalıdır. Ərəb dünyası ilə təbliğat işinin düzgün qurulmasında İslam amili bizə ciddi üstünlüklər yarada bilər. Ərəb dünyası üçün həssas olan bu amili nəzərə almadan, tamamilə fərqli dəyərlər üzərində təbliğatı qurmaq yanlış addımdır. Məlumdur ki, müsəlman dövlətlərinin əksəriyyəti İslam Əməkdaşlıq Təşkilatının platformasında bizi dəstəkləyir. Ancaq ərəb mətbuatını təhlil etsək, görərik ki, erməni maraqlarından çıxış edən yazılar üstünlük təşkil edir. Məncə, bu barədə ciddi şəkildə düşünmək lazımdır. Bizim ortaq mənəvi dəyərlərə malik olduğumuz ölkələrdə informasiya müharibəsində geri qalmağımız doğrudan da narahatedici amildir.  Eynilə də Qərb auditoriyasının eşitmək və görmək istədiyi məqamlar var. Onları da dəqiqliklə seçmək, saf-çürük etmək gərəkdir.   

Təbliğat işinin qurulmasında uğuru təmin edən vacib amillər sırasında kadr məsələsi olduqca böyük əhəmiyyətə malikdir. Mən kadr məsələsindəki boşluqlarla Elmlər Akademiyasında da qarşılaşıram. Kadr ona həvalə olunan sahənin incəliklərinə yaxşı bələd olmalı, daim öz üzərində işləyib axtarışlar aparmalıdır. Çox təəssüf ki, bəzən çarəsizlikdən biz diplomatiya sahəsində işi tərcüməçilərə, filoloqlara həvalə etmək məcburiyyətində qalırıq. Elə hallar olub ki, filoloqu beynəlxalq münasibətlər, konfliktologiya üzrə ekspert kimi qələmə verməli olmuşuq. Təbii ki, bunun fəsadları ilə də qarşılaşmışıq. Düşünürəm ki, bu boşluğu aradan qaldırıb, kadr hazırlığı istiqamətində işimizi hədəfə müvafiq şəkildə qurmalıyıq. Bu, olduqca mühüm məsələdir və böyük səylər tələb edir.

Bu boşluğun qarşısını almaq məqsədilə Akademiyanın nəzdində alimlərimizin iştirakı ilə İdeoloji mərkəz təsis olunub.

Bəli, danılmaz həqiqətdir ki, son illər ərzində, ilk növbədə, şəxsən cənab Prezidentin səyləri nəticəsində Azərbaycanın dünyada tanıtdırılması istiqamətində əhəmiyyətli uğurlar əldə edilib. Ölkəmizdə hər il keçirilən müxtəlif mötəbər tədbirlər erməni təbliğatının Azərbaycan haqqında yaratdığı uydurmalar və miflərin böyük bir qismini dağıdıb. Ancaq əldə edilən uğurlarla kifayətlənməməliyik. Bu istiqamətdə ardıcıl şəkildə fəaliyyət davam etdirilməlidir. Mən hər kəsi bu işdə fəal olmağa səsləyirəm.

Sual: Günümüzün aktual mövzusu ordumuzun əks-hücum əməliyyatı olsa da, Akademiya haqqında bəzi KİV-lərdə səslənən subyektiv fikirlərə münasibətinizi öyrənmək istərdik. Bəziləri Akademiyanı bağlamağa çağırır, bəziləri onu gerilikdə ittiham edir və s. Nə düşünürsünüz?

Ramiz Mehdiyev: Təbii ki, bütün bunlar təəssüf doğurur. Əksər hallarda dünyagörüşü aşağı olan, savadsız, primitiv düşüncəli, elmdən uzaq olan, Akademiyanın real problemlərini anlamayan insanların bu mövzu haqqında danışması həqiqətən də eybəcər mənzərə yaradır.

Elmlər Akademiyası Azərbaycan cəmiyyətinin bir hissəsidir. Və o, hər zaman cəmiyyətinin inkişafına öz töhfəsini veribdir. Elmin inkişafı canlı bir prosesdir, o, kortəbii şəkildə inkişaf etmir, onun qanunauyğunluqları var. AMEA-nın yerində saydığını və heç bir işlə məşğul olmadığını demək ədalətsizlik olardı. Alimlərimiz məhdud imkanlara baxmayaraq, öz fəaliyyətlərini davam etdirir və kifayət qədər yaxşı nəticələr də əldə edirlər. Ancaq problemlər qalmaqdadır və onların aradan qaldırılması vaxt və maliyyə imkanları tələb edir. Bu problemlər həm Akademiyanın idarəçiliyi ilə, həm onun maliyyə təminatı ilə, həm də kollektivin böyüklüyü ilə bağlıdır. Akademiyada on bir minə yaxın əməkdaş çalışır. Biz onları da nəzərə almalıyıq və səmimi deyim ki, bu amil bir çox radikal xarakterli islahatların qarşısını alan sədd rolunda çıxış edir. Kənardan danışmaq, şərh vermək, tənqid etmək asandır. Problemlərin həqiqi mahiyyəti ilə üzləşdikdə isə tamam fərqli reallıqlar ortaya çıxır.

Bəli, bütün bunlar o demək deyil ki, biz ruhdan düşməliyik, yaxud islahat fikrindən daşınmalıyıq. Qətiyyən yox! Akademiyada idarəçiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılmaqdadır və bu proses birmənalı şəkildə davam edəcək.  Elmi fəaliyyətin effektivliyinin artırılması, bürokratik mexanizmlərin aradan qaldırılması bizim əsas vəzifəmizdir. Ümumilikdə qeyd etməliyəm ki, Akademiyanın problemləri geniş bir söhbətin, ayrıca təhlilin mövzusudur. Bu məsələyə bir sual çərçivəsində cavab vermək çətindir. Mən AMEA rəhbəri kimi sözügedən problemlərə öz münasibətimi ətraflı şəkildə bildirəcəyəm. Akademiyanın nailiyyətlərindən və  problemlərindən cəmiyyət mütləq məlumatlı olmalıdır. Hesab edirəm ki, bir çox hallarda əsassız tənqidlərin arxasında məlumatsızlıq və qərəz durur. Cəmiyyəti Akademiyanın fəaliyyəti ilə daha yaxından tanış etmək vacibdir. Alimlərimiz bu məsələlərdə fəal olmalıdırlar.  

Sual: Akademiyada son vaxtlar nəzərəçarpan təmir və bərpa işləri aparılır. İnfrastruktur yenilənməsinə Akademiyanın həqiqətən də böyük ehtiyacı var. Biz bu quruculuq işlərinə görə, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevə və Akademiya rəhbəri olaraq sizə bütün kollektiv adından minnətdarıq. Bu işlərin davam etdirilməsini istərdik.   

Ramiz Mehdiyev: Əvvəlcə onu qeyd etməliyəm ki,  AMEA-nın prezidenti vəzifəsinə seçildikdən sonra dövlət başçısı ilə bu qurumun problemləri və inkişaf perspektivləri haqqında geniş söhbətimiz olmuşdu. Bu görüşdə cənab Prezident mənə bir sıra mühüm tapşırıqlar verdi, icrası vacib olan məsələlər haqqında öz fikirlərini bildirdi. Cənab Prezidentin üzərində xüsusilə dayandığı məsələlərdən biri də alimlərin iş şəraitinin yaxşılaşdırılması və Akademiya infrastrukturunun yenilənməsi, müasirləşdirilməsi idi. Akademiyaya rəhbərlik etdiyim ilk gündən etibarən mənim iştirakımla bu istiqamətdə fəaliyyət planı müəyyən edildi və dövlət başçısı ilə razılaşdırıldıqdan sonra onların icrasına başlanıldı.

Məlum olduğu kimi, Akademiyanın sərəncamında olan bir sıra binalar tarixi əhəmiyyət daşıyır və memarlıq inciləri siyahısında yer alır. Akademiyanın Rəyasət Heyətinin binası da bunun ən bariz nümunəsidir. Sözügedən amil təmir-bərpa işlərinin xüsusi həssaslıqla aparılmasını şərtləndirirdi. Çox şadam ki, Rəyasət Heyətinin binasında aparılan təmir prosesi uğurla başa çatdı və ölkəmizin aparıcı memarları tərəfindən görülən işlərə yüksək qiymət verildi. Cənab Prezidentin köməkçisi Anar Ələkbərov da təmirdən sonra yaradılan şəraitlə tanışlıq zamanı öz razılığını və müsbət təəssüratını bildirdi.

Rəyasət Heyətinin binası ilə yanaşı, Təmir-tikinti və Nəqliyyat-təsərrüfat  şöbələrinin yerləşdiyi geniş ərazidə də abadlıq və əsaslı yenidənqurma işləri aparıldı. Bu işlərin nəticələri haqqında da ölkə rəhbərliyinə məlumat verilib. Həmçinin mənim tapşırığımla Yüksək Texnologiyalar Parkının da infrastrukturu müasirləşdirilir, abadlıq işləri görülür. Akademiyanın kollektivi əmin olsun ki, bundan sonra da infrastrukturun müasirləşdirilməsi istiqamətində bütün zəruri addımlar atılacaq. Akademiya olduqca böyük təsərrüfatdır və onun illərlə yığılıb qalan problemlərini birdən-birə həll etmək mümkün deyil. Bunun üçün böyük vəsait tələb olunur. Ancaq unutmayaq ki, belə məsələlərdə əsas olan iradədir, istəkdir. Cənab Prezident isə iradəsini ortaya qoyub. O, belə hesab edir ki, Akademiya yenilənməli, təkmilləşməli, müasirləşməlidir. AMEA prezidenti kimi mənim vəzifəm bu tapşırıqların icrasını təmin etməkdən ibarətdir. Bir daha qeyd edirəm ki, elmi fəaliyyət çoxşaxəli və mürəkkəb bir prosesdir. Azərbaycan elminin müasir dünya elminin tələblərinə cavab verə bilməsi üçün mərhələli şəkildə intensiv iş aparılmalıdır. Kadr hazırlığı, maddi təminatın gücləndirilməsi, idarəçiliyin sadələşdirilməsi və infrastrukturun yenilənməsi bu istiqamətdə icrası mühüm olan başlıca vəzifələrdir. Cənab Prezident AMEA-dan qayğısını heç zaman əsirgəməyib, bu, indi də belədir. Alimlərimizin də borcu onun etimadını doğrultmaqdan ibarətdir. 

Sual: Sizin ölkəmizdə aparılan islahatlarla bağlı mövqeyinizi öyrənmək çox maraqlı olardı. Əminik ki, sizin bu məsələyə dair fikirləriniz hər kəs üçün çox maraqlıdır. 

Ramiz Mehdiyev: İslahatlar hər bir cəmiyyətin və siyasi sistemin gələcəyi, inkişafı baxımından olduqca vacib, qaçılmaz və təbii bir prosesdir. Azərbaycan da bu mənada istisna təşkil etmir. Mən uzun illər idarəçilik sahəsində çalışmış bir şəxs kimi, alim və vətəndaş kimi aparılan islahatları, yenilənmə prosesini ürəkdən dəstəkləyirəm. Bu islahatlar çərçivəsində, xüsusilə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsini uğurlu, düşünülmüş addım hesab edirəm. Mehriban xanım uzun illər Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycanda mədəniyyətin inkişafı, ölkəmizin xaricdə tanıtdırılması baxımından misilsiz işlər görüb. Bu illər ərzində o, zəngin diplomatik və siyasi təcrübə toplamağa da müvəffəq olub. Əminəm ki, onun təcrübəsi vətənpərvərliyi və bacarığı ilə vəhdətdə ölkəmizin inkişafına yeni töhfələr verəcək.

İslahatların davam etdirilməsi vacibdir. Gəncləşmə də bu baxımdan qaçılmazdır. Ancaq islahatların aparılmasında dünya təcrübəsi diqqətlə öyrənilməlidir. Uğurun formulu təcrübə ilə enerjinin, gəncliyin düşünülmüş, düzgün vəhdətindən keçir. Hər hansı başqa yanaşma xətalıdır. Cənab Prezident bacarıqlı və müdrik dövlət xadimidir. Mən şübhə etmirəm ki, o, lazımi vəhdət nöqtələrini bilir və həyata keçirdiyi işlər də bunu təsdiq edir. Bu məsələlərdə qətiyyən tələsmək olmaz.

- Ramiz müəllim, sonda sizə maraqlı müsahibə üçün bir daha öz təşəkkürümüzü bildiririk.

Ramiz Mehdiyev. Çox sağ olun.  

Hazırladılar:

Ağahüseyn ŞÜKÜROV, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdiri

Gülnar HACIYEVA, AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya şöbəsinin müdir müavini

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR