AMEA ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
İyunun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Türkiyənin Doqquz Eylül Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib, qurumlar arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq daim dövlətin diqqət və qayğısı ilə əhatə olunan Azərbaycan Milli Elmlər Akademiyasının tarixi inkişaf yolu, burada aparılan elmi-tədqiqat istiqamətləri haqqında ətraflı danışıb, Azərbaycanla qardaş Türkiyə arasında bütün sahələrdə olduğu kimi, elmi əməkdaşlıq istiqamətində də mühüm addımlar atıldığını diqqətə çatdırıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə beynəlxalq elmi əməkdaşlığın daha böyük coğrafiyanı əhatə etdiyini xüsusi vurğulayan akademik İsa Həbibbəyli son illərdə Akademiyada aparılan islahatlardan, elm sahələriarası əlaqələrdən, yeni yaradılan perspektiv elmi istiqamətlərdən bəhs edib. Bildirilib ki, akademiyanın ayrı-ayrı institutlarında aparılan elmi-tədqiqat işlərinin səmərəliliyinə xüsusi diqqət yetirilir, əsasən innovasiya yönümlü beynəlxalq layihələr uğurla icra olunur. Humanitar və ictimai elmlər sahələrində də aparılan çoxistiqamətli elmi-tədqiqat işlərindən, perspektivli layihələrdən geniş bəhs edən akademik İsa Həbibbəyli müxtəlif profilli elmi araşdırmaların böyük önəm kəsb etdiyini bildirərək beynəlxalq elmi əlaqələrin inkişafından danışıb, AMEA ilə Tükiyənin Doqquz Eylül Universiteti arasında imzalanan müqavilənin iki dost və qardaş ölkənin qarşılıqlı elmi əməkdaşlığının daha da genişləndirilməsi sahəsində böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Türkiyənin Doqquz Eylül Universitetinin rektoru, professor Nükhet xanım Hotar Azərbaycan-Türkiyə elmi əlaqələrinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının inkişaf tarixindən, ali təhsil və elmi araşdırmalar səhəsində qazandıqları nailiyyətlərdən danışıb. İki qardaş ölkənin elm və ali təhsil qurumları arasında qarşılıqlı elmi əlaqələrin yüksək xətlə inkişaf etdiyini xatırladan rektor bundan sonra da genişləndiriləcək əməkdaşlığın perspektivlərindən söhbət açıb. Nükhet xanım Hotar bu münasibətləri daha sağlam mərhələyə daşıyan əməkdaşlıq müqaviləsinin böyük önəm daşıdığını diqqətə çatdırıb.
Sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Doqquz Eylül Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqaviləni AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Doqquz Eylül Universitetinin rektoru, professor Nükhet xanım Hotar imzalayıblar. Əməkdaşlıq müqaviləsində iki ölkənin elm və təhsil qurumları arasında xüsusi əhəmiyyət kəsb edən bir sıra məsələlərin həyata keçirilməsi nəzərdə tutulur.
Görüşdə AMEA-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, Doqquz Eylül Universitetinin əməkdaşlarından İqtisadi və İnzibati Elmlər fakültəsinin professoru Asuman Altay, dövlətlərarası əlaqələndirici professor Levent Çovaş, universitetin professoru Gülmira Kuruoğlu iştirak ediblər.
Tərəflər bir-birinə kitab, kataloq və xatirə hədiyyələri təqdim ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət