Slimfit
  1. MEDİA

AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq  haqqında saziş imzalanıb
Sakura

AMEA ilə Rusiya Elmlər Akademiyası arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb

Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdədir.

Bu gün qonaqlar Fəxri Xiyabanda Ümumilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə gül dəstələri qoyulub.

Sonra Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Rəyasət Heyətinin üzvləri nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan akademik Akif Əlizadə AMEA ilə REA arasında səmərəli əməkdaşlıq əlaqələrindən danışıb. Təxminən 50 il öncə SSRİ Elmlər Akademiyasının prezidenti, akademik M.V.Keldışın Azərbaycana səfəri zamanı onu şəxsən müşayiət etdiyini qeyd edən AMEA rəhbəri 1945-ci il martın 27-də Azərbaycan SSR Elmlər Akademiyasının təsis edilməsinin ölkə elminin inkişafında böyük rolunun olduğunu vurğulayıb. 2018-ci ildə isə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 27 mart tarixinin respublikamızda “Elm günü” kimi qeyd olunduğunu əlavə edib.

Görüş çərçivəsində iki qurum arasında imzalanacaq elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışan akademik Akif Əlizadə bildirib ki, müasir elmin çağırışlarını və hazırda bir çox elmi istiqamətlərin multidissiplinar xarakter daşıdığını nəzərə alaraq, elmin, yeni texnologiyaların və innovasiya fəaliyyətinin inkişafı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi və hər iki qurum arasında müxtəlif sahələr üzrə elmi əlaqələrin gücləndirilməsi məqsədini daşıyan əməkdaşlıq haqqında sazişin imzalanmasına zəruriyyət yarandığını qeyd edib.

Səmimi qəbula görə AMEA rəhbərliyinə minnətdarlığını bildirən akademik Aleksanrd Sergeyev bu gün Prezident İlham Əliyevlə görüşdüyünü, həmin görüşün böyük əhəmiyyət daşıdığını vurğulayıb. Azərbaycana səfərinin əsas məqsədinin ikitərəfli elmi əlaqələrin möhkəmləndirilməsi və daha da genişləndirilməsindən ibarət olduğunu qeyd edib.

İmzalanacaq sazişin əhəmiyyətindən danışan akademik Aleksandr Sergeyev gələcək perspektivərdən söz açıb. Bildirib ki, Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi, ekoloji problemləri, Xəzər dənizin iqlim və demoqrafik şəraitə təsiri, neft kimyası, nanotexnologiyalar, kosmik tədqiqatlar, tibb və farmakologiya, tarix, arxeologiya kimi elmi sahələrin prioritet istiqamət olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev gələcək tədqiqatlara dair bir sıra təkliflər irəli sürüb. Qeyd edib ki, Xəzər dənizinin biosenozunun öyrənilməsi, paleogenetika məsələləri və Qafqazın biomüxtəlifliyini araşdıran tədqiqatların aparılmasına böyük ehtiyac duyulur.

REA-nın prezidentinin müavini, akademik Taliya Xabriyeva öz çıxışında Xəzər dialoqunun iqtisadiyyat, ekologiya, energetika və etnik miqrasiyalar sahələrində birqə tədqiqatların təşkilinə, həmçinin Xəzər məsələləri üzrə hüquqi bazanın təkmilləşdirilməsi məsələsinə müsbət təsir edəcəyini bildirib.

Sonra AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov nanoplazmonika sahəsində multidissiplinar tədqiqatların aparılması, AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova isə etnogenez, fəlsəfə, mədəniyyətlər və dinlərarası əlaqələrin öyrənilməsinin vacibliyini qeyd ediblər.

Sonda AMEA və REA arasında elmi-texniki əməkdaşlıq haqqında saziş imzalanıb. Sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi və elmi-texniki layihələrin hazırlanması və həyata keçirilməsi, bilik, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrların hazırlanması, birgə tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapır.

Sazişi AMEA-nın prezidenti, akademik Akif Əlizadə və REA-nın prezidenti, akademik Aleksandr Sergeyev imzalayıblar.

Görüşdə həmçinin REA-nın Xarici Əlaqələr İdarəsinin rəisi Olqa Qluxovtseva, REA prezidentinin Katibliyinin rəisi Valeriya Belyanina, Q.V.Plexanov adına RİU-nin Hüquqi Tədqiqatlar və Regional İnteqrasiya İnstitutunun direktoru, professor Rəşad Qurbanov, AMEA-nın vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli, Dilgəm Tağıyev, Rasim Əliquliyev, İradə Hüseynova, AMEA-nın akademik-katibi vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, elmi bölmələrin akademik-katibləri, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və digərlər əməkdaşlar iştirak ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR