Slimfit
  1. MEDİA

AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilir

AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda  beynəlxalq elmi seminar keçirilir
Sakura

AMEA-da “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar keçirilir

Noyabrın 8-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq elmi seminar işinə başlayıb.

Əvvəlcə kitabxananın foyesində AMEA əməkdaşlarının rəsm əsərləri və əl işlərindən ibarət sərgi nümayiş etdirilib.

Beynəlxalq seminarı giriş sözü ilə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev açaraq iştirakçıları salamlayıb, tədbirin olduqca aktual mövzuya həsr edildiyini bildirib. Akademik AMEA-da Müstəqil Dövlətlər Birliyi Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə bundan öncə də müxtəlif mövzulara həsr olunan beynəlxalq elmi konfransların keçirildiyini, dövlətlər arasında elmi əməkdaşlıq ənənələrinin yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. AMEA rəhbəri ötən il keçirilmiş beynəlxalq elmi konfransda da çox aktual və müasir problemin müzakirəyə çıxarıldığından bəhs edərək, “Fizika və lirika” mövzusu ətrafında AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında və Rusiyanın Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda təşkil olunmuş müzakirələrin MDB ölkələrində humanitar sahənin alimləri ilə dəqiq və təbiət elmlərini təmsil edən elm adamlarının qarşılıqlı əlaqələrinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Natiq bildirib ki, bu gün “Qayaüstü mədəniyyət: əsatir, rəsm və
dünya” mövzusunda keçirilən beynəlxalq elmi seminarda qədim sivilizasiyaların, ibtidai
insan düşərgələrinin formalaşması, habelə bədii düşüncənin və yazı
mədəniyyətinin əmələ gəlməsi kimi ciddi elmi problemlər müzakirə
olunacaq. Vurğulayıb ki, hazırkı mərhələdə sivilizasiya və insan məskunlaşması
məsələləri beynəlxalq elmi mühitdə geniş müzakirə edilən aktual
problem olduğu üçün burada səslənəcək tezislər dünya elminin
inkişafına mühüm töhfələr verəcək. Bəşəriyyətin qədim qayaüstü mədəniyyətdən müasir mədəniyyətəqədərki keçilmiş yolunun dərslərini və mühüm elmi nəticələrini müəyyən etmək istiqamətində mühüm addımlar atılacaq.

AMEA-nın prezidenti çıxışının sonunda beynəlxalq elmi seminarın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək dünya elmində qayaüstü mədəniyyətin ilkin insan birliklərinin daş yaddaşı kimi qəbul edildiyini, qayaüstü təsvirlərin etnosun mənşəyi və qədimliyini müəyyən etməyə imkan verən əsas faktorlardan biri olduğunu bildirib.

“Azərbaycan qayaüstü mədəniyyəti özündə oturaq mədəniyyəti, habelə əfsanə ilə reallıqları bir yerdə əks etdirir”, – deyən akademik Azərbaycan qayaüstü rəsmlərindəki araba, öküz, yallı, əmək və qoşqu alətləri təsvirlərinin regiondakı oturaq mədəniyyətin nişanələri olduğunu vurğulayıb.

İsa Həbibbəyli Bakı şəhərindən 40 kilometr aralıda yerləşən məşhur Qobustan qayaüstü rəsmlərinin bu torpaqlarda yaşayan ulu babalarımızın həyatı və fəaliyyətinin daş salnaməsi olduğunu nəzərə çatdırıb. Qeyd edib ki, qayaüstü mədəniyyətlər insanlığın inkişaf tarixinin bir karvan yoludur.

AMEA-nın vitse-prezidenti beynəlxalq seminarın keçirilməsini qayaüstü mədəniyyətləri tədqiq edən elm adamlarının koordinasiya edilməsinə doğru atılmış əhəmiyyətli addım kimi qiymətləndirib.

Daha sonra Tacikistan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Karamatullo Olimov “Qayaüstü mədəniyyətin fəlsəfi və ekzistensial aspektləri” mövzusunda məruzə edib. Alim qayaüstü rəsmlərdə estetik dəyər ilə yanaşı,  qədim insanların dünyagörüşü ilə bağlı dərin fəlsəfi fikirlərin gizləndiyini qeyd edib.

Tədbirin əhəmiyyətli mövzuya həsr olunduğunu vurğulayan məruzəçi bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsinin qayaüstü mədəniyyətin öyrənilməsinə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Kemerov Dövlət Universitetinin Tarix və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Olqa Sovetova isə “Minusinsk çökəkliyindəki qayaüstü mədəniyyətin qeyri-real görüntülər dünyası” adlı məruzə ilə çıxış edib. O.Sovetova  tədbirdə müzakirə olunan mövzunun aktuallığını önə çəkərək Azərbaycanda qayaüstü mədəniyyətin öyrənilməsinə ayrılan diqqəti yüksək qiymətləndirib. O, laboratoriya şəraitində qayaüstü mədəniyyətin öyrənilməsində tətbiq olunan yeni tədqiqat metodlarından da bəhs edib.

Rostov İdarəetmə, Biznes və Hüquq İnstitutunun rektoru, iqtisad üzrə elmlər doktoru, professor İmran Əkpərov qayaüstü mədəniyyətin öyrənilməsində rəqamsal dövrün, informasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan danışıb.

Seminarda Qırğızıstan-Rusiya Slavyan Universitetinin Tarix və Mədəniyyətşünaslıq kafedrasının müdiri Lyudmila Stavskaya da çıxış edərək Qırğızıstanın qaya sənətinə dair kitabı təqdim edib.

Tədbirdə, həmçinin “Qaya mədəniyyətinin fəlsəfi və ekzistensial aspektləri”, “Qayaüstü mədəniyyət və müasirlik. Tarixi və mədəni refleksiya və etnoqrafik konvergentlik”, “Gəmiqaya abidə kompleksi: Cənubi Qafqazın bənzərsiz incisi”, “Suuk Dube (Uzgen) mağara rəsmlərinin öyrənilməsi”, “Yaxın Şərqin maddi mədəniyyətindəki Gəmiqaya rəsmlərinin analoqları” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Beynəlxalq seminar “Qayaüstü mədəniyyət: tarixin izləri və təsvirlər”, “Qayaüstü mədəniyyət: süjetlər və piktoqramlar” və “Qayaüstü mədəniyyət: dünya təcrübəsi və Azərbaycan reallıqları” mövzularını əhatə edən sessiyalarla davam edib. Sessiyalarda ölkə alimləri ilə yanaşı, Rusiya, Qazaxstan, Moldova, Qırğızıstan, Tacikistan və digər ölkələrdən gələn alim və mütəxəssislər də elmi məruzələrlə çıxış ediblər.

Seminar öz işinə noyabrın 9-da Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR