AMEA-da BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri ilə görüş keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İbrahim Quliyev BMT-nin Ətraf Mühit Proqramının xoşməramlı səfiri, əfsanəvi xokkeyçi Vyaçeslav Fetisov və həmkarı Sergey Rıbakov ilə görüşüb.
Görüşdə regionun qlobal ekoloji problemlərinin səbəbləri, təbiətə və bəşəriyyətə təsiri, fəsadları, iqtisadi zərəri və onların aradan qaldırılması yolları müzakirə edilib.
Akademik İbrahim Quliyev AMEA-nın elmi müəssisələrində bu istiqamətdə aparılan araşdırmalar, Xəzər dənizinin tədqiqi və mühafizəsi üzrə həyata keçirilən və nəzərdə tutulan layihələr barədə qonaqlara məlumat verib. Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyevin Azərbaycana səfərini xatırladan alim müvafiq istiqamətdə beynəlxalq əməkdaşlığın yüksələn xətlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Görüşdə ətraf mühit problemlərinin həlli üçün qlobal monitorinqlərin keçirilməsinin, istehsal sahəsinə nəzarətin gücləndirilməsinin, həmçinin cəmiyyətin bütün təbəqələrinin maarifləndirilməsi işinə elmi ictimaiyyətin cəlb edilməsinin vacibliyi vurğulanıb. Tərəflər bu istiqamətdə konkret məsələləri əhatə edəcək əməkdaşlıq sənədinin imzalanması üzrə razılığa gəliblər.
Görüşdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva iştirak ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət