Dərc edildi: Baxış sayı: 794
Almaniyadan deportasiya olunanları Azərbaycanda nə gözləyir?
"Deportasiya olunan vətəndaşlar münasib işlərlə təmin olunmaq, aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli məşğulluq mərkəzlərinə müraciət edə bilərlər".
Almaniyadan deportasiya olunan 61 nəfər Azərbaycan vətəndaşı artıq ölkəmizə geri qaytarılıb. Onlar Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qarşılanıb və evlərinə yola salınıblar. Qeyd edək ki, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" sazişlə dövlət onların normal həyata adaptasiyasını - cəmiyyətə təkrar reinteqrasiyasını təmin etmək öhdəliyi götürüb.
Bəs görəsən, həmin şəxslərin cəmiyyətə bərpası istiqamətində hansı işlər görülə bilər?
Sputnik Azərbaycan-a bu barədə açıqlama verən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov bildirib ki, bu, Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış readmissiya müqaviləsi ilə tənzimlənir. Mənşə ölkəsi olaraq Azərbaycandan Avropaya getmiş, yaxud da Azərbaycandan tranzit ölkə kimi istifadə edərək Avropaya gedən şəxsləri geri qaytardıqda Azərbaycan üzərinə onları qəbul etmək öhdəliyi götürüb. Ona görə də kim ki Azərbaycandan tranzit ölkə kimi istifadə edərək, yaxud da burada müvəqqəti yaşayaraq Almaniyaya gedirsə, Azərbaycanın onları da qəbul etmək öhdəliyi var. Readmissiya çərçivəsində həmin insanlar geri qaytarılırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onların sosial ehtiyaclarına dəstək göstərilməlidir".
S.Məmmədov deyir ki, ölkəmizə deportasiya olunanlarla həmin vaxt söhbət aparılır:
"Onlar geri dönərkən öz ölkələrindən hansı səbəbdən getdikləri, ehtiyacları barədə sorğu-sual olunurlar. Onların nəyə ehtiyacları olduqları həmin vaxt məlum olur. Əgər deportasiya olunanların işə ehtiyacı varsa və qalmağa yerləri yoxdursa, Azərbaycan dövləti onlara bu məsələdə köməklik etməlidir".
Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı isə açıqlamasında bildirib ki, hər bir vətəndaşın əmək bazarına daxil olmaq üçün məşğulluq mərkəzlərinə müraciət etmək hüququ var: "Eləcə də deportasiya olunan vətəndaşlar münasib işlərlə təmin olunmaq, aktiv məşğulluq tədbirlərindən yararlanmaq üçün Dövlət Məşğulluq Xidmətinin yerli məşğulluq mərkəzlərinə müraciət edə bilərlər".
Qeyd edək ki, Almaniyadan deportasiya olunanların 22 nəfəri kişi, 18-si qadın, 21-i uşaqdır.
Mənbə: qaynarinfo.az/
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət