Slimfit
  1. AZƏRBAYCAN

Almaniya və Azərbaycan: müasir geostrateji reallıqlar fonunda

Almaniya və Azərbaycan: müasir geostrateji reallıqlar fonunda
Sakura

Almaniya və Azərbaycan: müasir geostrateji reallıqlar fonunda

Qloballaşmanın perspektivləri haqqında beynəlxalq aləmdə rəsmən formalaşmış mövqe, əsasən, Davos İqtisadi Forumunda “Böyük iyirmilər”in son sammitlərində qəbul edilən proqram səciyyəli bəyanatlarda əks olunmuşdur. Bu sənədlərdən açıq-aydın görünür ki, XXI əsrdə formalaşan dünya iqtisadiyyatının ümumi qaydaları bu gün mövcud olan formada kapitalın milli dövlət sərhədlərindən sərbəst hərəkəti əsasında bazar fəaliyyətinin beynəlmiləlləşdirilməsini nəzərdə tutur. Bu, o deməkdir ki, yeni dünya iqtisadiyyatının təməlini iri maliyyə və qeyri-maliyyə korporasiyalarının başlıca rol oynadığı qlobal kapitalist bazarı təşkil edəcək. Təbii ki, bu şəraitdə qlobal və ya transmilli kapitalist sistemi milli iqtisadiyyatlar üzərində dominant rol oynayacaq. Beynəlxalq təşkilatların egidası altında hazırlanan maliyyə və ümumiqtisadi qloballaşma strategiyalarına əsasən aralarında institusional, iqtisadi və digər sosietal fərqlər mövcud olan milli və regional iqtisadi birliklər tədricən qlobal sistemə inteqrasiya olunacaq. Ancaq mütəxəssislər və ekspertlər qeyd edirlər ki, milli sistemlərin institusional divergensiyasının qorunub saxlandığı şəraitdə korporativ kapitalın tənzimlənməsinə və korporativ mülkiyyətə münasibətdə beynəlxalq qanunvericiliyin üstünlük qazanması müəyyən problemlər yaradacaq. 

Bəzi tədqiqatçılar belə hesab edirlər ki, milli dövlətlərin və multimilli idarəçilik orqanlarının ikinci dərəcəli rol aldığı şəraitdə dünya iqtisadiyyatının tam korporativləşməsi ən azı iki səbəb üzündən mümkün deyil. Birincisi, görkəmli iqtisadçıların və bu ssenarini hazırlayanların özlərinin də etiraf etdiyi kimi, həmin proses zamanı uzunmüddətli resessiya baş verə bilər. İkincisi, milli dövlətlər, təbii ki, ümumi iqtisadi resurslardan və yeni texnoloji nailiyyətlərdən fəal surətdə faydalanmağa çalışacaqlar. Böyük dövlətlər isə onların bu arzusunun qarşısına müxtəlif bəhanələrlə sədd çəkib, əngəl törədəcəklər. Digər tədəfdən də qlobal kapital axını siyasi tənzimləmə mexanizmlərinə çevik reaksiya verməyi, daha mükəmməl yanaşma sərgiləməyi tələb edir.

Qlobal iqtisadi idarəçiliyin mərkəzi institusional mexanizmi kimi çıxış edən bank və maliyyə fəaliyyətinin tənzimlənməsində, real sferanın bazar sektorunun islahatı sahəsində mövcud olan və gələcəkdə yaranması ehtimal edilən problem və çətinliklər dünya ölkələrini bu gün israrla ikitərəfli və bəzi məsələlərdə çoxtərəfli əməkdaşlığa sövq edir. Bu baxımdan Avropanın ən böyük iqtisadi gücü sayılan, ümumi daxili məhsul istehsalına görə dünyada dördüncü yeri tutan Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin Azərbaycana səfəri olduqca mühüm əhəmiyyət kəsb edir. 2017-ci ildə Almaniyada ÜDM-in həcmi 3,69 trilyon dollara bərabər olmuşdur. Əhalisi 82,5 milyon nəfər olan (Avropada əhalinin sayına görə 2-ci yeri tutur) Almaniyada adambaşına düşən ÜDM payı 46,9 min dollardır. Əməkqabliyyətli əhalinin sayı 44,4 milyon nəfərdir. Ötən il Almaniya iqtisadiyyatında artım 2,2 faizdən çox olmuşdur.

Dövlət quruluşuna görə Almaniya federativ dövlətdir, 16 inzibati ərazi vahidindən (federal torpaqdan) ibarətdir. İdarəçilik forması parlamentli respublikadır. AFR-in Federal Kansleri 2005-ci il noyabrın 22-dən Xristian Demokrat İttifaqının sədri Angela Merkeldir. Ölkədə icraedici hakimiyyət federal kanslerin rəhbərlik etdiyi federal hökumətə məxsusdur. Siyasi sistem ikipilləlidir. Federal sistem ümumdövlət və beynəlxalq əhəmiyyətli qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Regional pillə federal inzibati ərazi vahidlərində icraedici, qanunverici və məhkəmə hakimiyyətini həyata keçirir. Seçkilərdə uğur qazanan partiyalar dövlətdən maliyyə dəstəyi alır.

2018-ci ilin dövlət büdcəsində gəlirlər 1,598 trilyon, xərclər isə 1,573 trilyon ABŞ dolları həcmində nəzərdə tutulmuşdur.

Ölkənin konstitusiyasına görə, Almaniya Silahlı Qüvvələri işğalçılıq müharibələrində iştirak edə bilməz. Konstitusiya Məhkəməsinin qərarına əsasən, son illərdə Bundesverə Bundestaqın (parlamentin) razılığı ilə BMT missiyası çərçivəsində sülhməramlı tədbirlərdə iştirak etməyə icazə verilib.

Avropa İttifaqının mərkəzi hissəsində yerləşən Almaniya təbii sərvətlər baxımından zəngin olmasa da bir sıra sənaye və texnoloji sahədə dünya lideridir. Dünyada əmtəə ixracı və idxalı üzrə 3-cü yeri tutur. Əhalinin həyat səviyyəsi çox yüksəkdir və bu göstərici üzrə ölkənin reytinqi dünyada 4-cü yerdədir. Federal hökumət sosial təminat, universal səhiyyə sistemi, ətraf mühitin qorunması, pulsuz ali təhsil sahələrinə böyük məbləğdə vəsait ayırır.

Almaniya Avropa İttifaqının yaradıcılarından biridir, 1955-ci ildən NATO-nun üzvüdür, “Böyük yeddiliyə” daxildir. Həyat səviyyəsinin yüksək olmasına görə immiqrasiya baxımından dünyada Amerika Birləşmiş Ştatlarından sonra ikinci cəlbedici ölkədir. Əhalisinin hər beş nəfərdən biri immiqrant keçmişə malikdir.

Mərkəzi Avropa regionunda daş kömür və qonur kömür ehtiyatı böyükdür. Təbii sərvətlərin azlığı səbəbindən ölkə iqtisadiyyatı daha çox sənaye sektoru və xidmət sahəsinə xüsusi diqqət yetirir. İqtisadiyyatın 60-70 faizini xidmət sahəsi, 30 faizə qədərini istehsal təşkil edir.

Dünya üzrə ümumi daxili məhsul istehsalının təqribən 4 faizi, Avropa İttifaqına daxil olan ölkələrin ÜDM istehsalının 30 faizi Almaniyanın payına düşür.

Almaniya yüksək məhsuldarlığa malik kənd təsərrüfatı ölkəsidir. Kənd təsərrüfatı məhsulları istehsalının ümumi həcminə, taxıl və heyvandarlıq məhsullarına görə Avropada yalnız Fransadan geri qalır. Süd istehsalına görə Avropa İttifaqında birinci yeri tutur.

Əsas sənaye sahələri arasında maşınqayırma, kimya, elektrotexnika məhsulları, avtomobil və gəmiqayırma böyük xüsusi çəkiyə malikdir. Almaniya sənayesinin istehsalı olan mallara tələbat bütün dünyada olduqca böyükdür. Ölkə yeni texnologiya və müxtəlif çeşidli keyfiyyətli əmtəə istehsalına hər zaman ciddi önəm verir, iri və əhəmiyyətli nəqliyyat qovşağı olmaqla yanaşı, 2200 müasir gəmidən ibarət ticarət donanmasına malikdir.

Almaniya avtomobil istehsalı sahəsində bu gün Avropada birinci yerdədir. Ölkədə avtomobil istehsalının tarixi 1870-ci ildən başlamışdır. Şirkətlər ən yüksək sinifli avtomobil istehsalı prosesində dizayndan daha çox texniki keyfiyyətə və məhsuldarlığa xüsusi diqqət yetirirlər. Alman avtomobil markaları heyrətamiz dizayn, innovativ texnologiya və digər meyarlar baxımından dünyada ən yüksək nüfuza malikdir. BMW, Volkswagen, Mercedes-Benz, Audi və Porsche təkcə Almaniyada deyil, bütün dünyada lüks-sinif avtomobil istehsalçıları kimi misilsiz nüfuz qazanmışlar.

Təhlükəsizliklə bağlı müəyyən mübahisələr doğursa da, pilotsuz avtomobillər istehsalına dair qanunvericilik bazası hazırlanır. Avtomobilə əyləşib qəzet oxuyan və ya seriala tamaşa edən insanı getdiyi məkana aparan pilotsuz avtomobillərin istehsal olunacağı gün o qədər də uzaqda deyil. Ağır yük avtomobillərinin öncül istehsalçıları olan MAN, FAW Group, Daimler Truck, Volvo, İsuzu, İveco texniki keyfiyyət, təhlükəsizlik baxımından hətta bolid istehsalçılarını belə heyrətə salır.

1973-cü ildə Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası BMT üzvlüyünə qəbul edildilər. İkiyə bölünmüş ölkə uzun illərdən sonra dünya düzənində yaranmış tarixi şəraitdən faydalanaraq, birləşməyə nail oldu. İki alman dövləti “Almaniyaya münasibət üzrə qəti tənzimləmə barədə müqavilə” əsasında birləşdi (müqaviləni imzalayan ölkələrlə bağlı – ADR, AFR, SSRİ, Böyük Britaniya, ABŞ və Fransa – bu sənəd “İki üstəgəl dörd müqaviləsi” də adlanır).

Beləliklə, 1990-cı il oktyabrın 3-də Almaniya Federativ Respublikasının Konstitusiyasına müvafiq olaraq, ADR və Qərbi Berlin AFR-in tərkibinə daxil oldu, Almaniya Demokratik Respublikasının Xalq Palatası (parlamenti – Volkskammer) və hökuməti ləğv olundu.

SSRİ-yə daxil olan respublikalardan 1988-ci ildən sonra Almaniyaya 2,2 milyon alman mənşəli əhali köçmüşdür.

Almaniyanın “Meissen” fəbrikinin istehsal etdiyi farfor məmulatları dünyanın ən məşhur muzeylərini bəzəyir. Sənaye sahələrində robotlardan istifadənin hədsiz artması nəticəsində 12 milyon adamın öz iş yerini itirəcəyi gözlənilir. Bu səbəbdən hökumət iqtisadi artım və sərvətlərin bərabər bölüşdürülməsi arasında kompromis variantlar axtarır. Həmkarlar ittifaqları ilə işəgötürənlərin səmərəli əməkdaşlığı sosial rifahın dayanıqlılığına müsbət təsir göstərir. Ölkə iqtisadiyyatının mühüm xüsusiyyətlərindən biri “Reyn kapitalizmi” adlanır. “Reyn kapitalizmi” iqtisadi inkişaf prosesində banklara mühüm rol ayırır. Banklar ölkədə iri sənaye və xidmət şirkətlərinin əsas səhmdarlarıdır, buna görə də onlar biznes-qərarların qəbulunda fəal iştirak edirlər. Almaniyada sənayeləşmənin yüksək həddə çatması ölkənin dünya iqtisadiyyatında önəmli yer tutması ilə nəticələnib. Bəzi obyektiv səbəblər üzündən ölkə ərazisində iqtisadi inkişaf qeyri-bərabər paylanıb. Məsələn, şərq torpaqlarında inteqrasiya və modernləşmə böyük maliyyə resursları tələb etdiyi üçün müəyyən problemlər yaranır. Federal hökumət problemin aradan qaldırılması üçün şərq əyalətlərinə hər il 100 milyard dollardan çox vəsait ayırır. Ümumiyyətlə, Almaniyada xidmət və əmtəə ixracının artımı dünya iqtisadiyyatının artım sürətindən yüksəkdir. Ümumi maşınqayırma, cihaz və dəzgahlar istehsalı, gəmiqayırma, nəqliyyat sahəsində yeni texnologiyalar, təyyarə istehsalı, dəqiq mexanika, optika, əczaçılıq, parfümeriya-kosmetika, qara metallurgiya, informasiya-kommunikasiya texnikası, kimya və kosmik sənaye sahəsinin yüksək rəqabətqabiliyyətli məhsulları Almaniyanın dünya bazarlarında liderliyini qoruyub saxlamasına əlverişli şərait yaradır. Dünya bazarına çıxarılan maşınqayırma məhsullarının 20 faizindən çoxu Almaniyanın payına düşür. Əlvan və qara metallurgiya idxal xammalı hesabına inkişaf edir. Aviakosmik sənayenin inkişaf sürəti çox yüksəkdir.

Təsadüfi deyil ki, dünya iqtisadiyyatında böyük xüsusi çəkiyə malik olan Almaniya polyak mənşəli ABŞ siyasi xadimi, görkəmli strateq Zbiqnev Bjezinskinin daim diqqət mərkəzində idi. Bjezinski Almaniya və Fransanı Avropanın geosiyasi cəhətdən ən fəal dövlətləri hesab edirdi. Bu baxımdan böyük strateqin “Oyun planı” kitabında “açar dövlətlər”in geosiyasi rolunun təhlili olduqca maraqlıdır. Bjezinski yazırdı: “İndiki şəraitdə bütün dünya miqyasında cəmi beş geostrateji iştirakçı və beş geosiyasi mərkəz (geostrateji iştirakçıların ikisi, bəlkə də, qismən iştirakçı kimi tövsif edili) seçilir və Avrasiyanın yeni siyasi xəritəsində identifikasiya oluna bilər.

Fransa, Almaniya, Rusiya, Çin və Hindistan böyük və fəal fiqurlardır, halbuki, Böyük Britaniya, Yaponiya və İndoneziya (hamının etirafına görə çox vacib olan ölkələr) bu kvalifikasiyaya düşmürlər. Ukrayna, Azərbaycan, Cənubi Koreya, Türkiyə və İran prinsipial geosiyasi mərkəz rolunu oynayırlar”.

Görünür, bu həqiqətləri yaxşı dərk edən Almaniya Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Odur ki, Azərbaycanla intensiv dialoqa və diskussiyaya ciddi ehtiyac duyur. Federal Kansler Angela Merkel bu reallığı Azərbaycana səfəri zamanı açıq-aydın etiraf edərək dedi: “Bizim ikitərəfli münasibətlərimiz onunla xarakterizə olunur ki, bu regionda Azərbaycanın sımasında ən böyük, ən vacib ticarət tərəfdaşımız var. Azərbaycanda xarici ticarət planlarımız var, burada 150 alman müəssisəsi fəaliyyət göstərir. Azərbaycan da öz növbəsində iqtisadiyyatın şaxələndirilməsinin həyata keçirilmısində maraqlıdır və Almaniya bu sahədə öz ciddi töhfəsini verə bilər. Bu gün birgə biznes forumu da buna xidmət edəcək və orada detallar barədə danışacağıq”.

Federal Kansler haqlıdır, Azərbaycanın mühüm geostrateji ərazidə yerləşməsi, bölgədə müşahidə edilən tendensiyalar fonunda müasir, sivil müsəlman dövləti modeli ölkəmizin Qərb üçün cəlbediciliyini xüsusi olaraq artırır.

Hazırda bütün dünyada özünü göstərməkdə olan geosiyasi ziddiyyətlər, böyük dövlətlər arasındakı mürəkkəb iğtişaşlar, hərbi, ideoloji, informasiya və doplomatik savaşlar ciddi narahatlıq doğurur. Qərblə Rusiya arasında vüsət almış qarşılıqlı ittihamlar dalğası da yeni təhlükələrdən xəbər verir. Açıq etiraf edək ki, ABŞ-ın xarici siyasəti artıq liberal dünya nizamını nəticələrinin irəlicədən proqnozlaşdırılması çox çətin olan böhran dönəminə sürükləyir. Dünya nizamının mexanizmləri, onun liberalizm, universalizm və düzənin qorunması kimi üç əsas komponenti dartışma və savaş hədəfinə çevrilib. Başqa sözlə desək, dünya nizamıının gələcəyi sual altına düşüb. Liberalizm siyasi müstəvidə geri çəkilir, demokratik ölkələrdə siyasi populizm güclənir, Avropada isə siyasi radikalizmə meyil artır. Dünya ticarətində proteksionizmin güclənməsi, böyük dövlətlərin yalnız öz maraqlarını güdməsi ölkələri üz-üzə qoymaqdadır. “Hər şeydən öncə Amerika” devizi dünya nizamını təhlükə qarşısında qoyub. Böyük dövlətlər belə mürəkkəb geosiyasi vəziyyətdə müxtəlif maraqları tarazlaşdırmaqda çətinlik çəkirlər. ABŞ-ın Rusiyaya tətbiq etdiyi çoxsaylı sanksiyalar, ABŞ – Şimali Koreya danışıqları, İranla imzalanmış nüvə sazişindən imtina, ABŞ – Çin ticarət müharibəsinin genişlənməsi, Yaxın Şərqdəki gərginlik vəziyyəti daha da kəskinləşdirir.

Hətta, iş o yerə çatıb ki, Rusiyaya qarşı sanksiyalarla kifayətlənməyən ABŞ Rusiyanın qaz nəhəngi – “Qazprom”un Baltik dənizi ilə Almaniyaya çakiləcək “Şimal axını – 2” layihəsi iqtisadi cəhətdən yaxşı əsaslandırılmış və istehlakçılar üçün nə qədər cəlbedici olsa da, bu qaz kəmərənin çəkilişinə görə öz müttəfiqi olan Almaniyanı ciddi ittiham edir. Avropaya qaz ixracatçıları arasında Rusiyanın payı 43 faiz təşkil etsə də, bu layihənin reallaşdırılmasına törədilən əngəllər davam etməkdədir.

Qərb təhlükəsizlik sisteminin çöküşünə aparan proseslərin qarşısını almaq üçün artıq Avropa ölkələri ABŞ-dan asılı olmayan müdafiə-təhlükəsizlik sisteminin qurulması barədə düşünürlər. Federal Kanslerin tez-tez “biz artıq təhlükəsizliyimizi ABŞ-a etibar edə bilmərik” fikri də, görünür, elə bununla bağlıdır.

Geosiyasi proseslərin Qərb qanadının çöküşünü təhlil edən amillər Federal Kanslerin Cənubi Qafqaza səfərini labüdləşdirən səbəblər arasında önəmli yer tutur. Avropa üçün yeni enerji mənbəyi olan, müstəqil siyasət yeridən və etibarlı tərəfdaş kimi bütün dünyada böyük nüfuz qazanmış Azərbaycanla əməkdaşlığı siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək arzusu Angela Merkeli Azərbaycana ciddi tərəfdaş kimi baxmağa sövq edir.

Federal Kanslerin ölkəmizdə həyata keçirilən qlobal layihələr barədə ətraflı məlumata malik olması da bu fikri bir daha təsdiq edir: “Azərbaycan Avropa İttifaqının enerji şaxələndirilməsində də güclü bir amildir və Cənub Qaz Dəhlizinin açılması Avropanın enerji təminatında böyük rol oynayacaq. Biz Azərbaycanda Bakı – Tbilisi – Qars dəmir yolunun açılmasını yüksək qiymətləndiririk. Bu, Avropa ilə ticarət əlaqələrini genişləndirəcək, mübadilə aparılmasını yaxşılaşdıracaq”.

Kanslerin regional təhlükəsizlik, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlaması da xüsusi əhəmiyyət kəsb edir: “Dağlıq Qarabağ məsələsi haqqında açıq danışdıq. Mən bir daha vurğuladım ki, Almaniya bu münaqişənin həllində maraqlıdır və biz buna Minsk qrupu çərçivəsində öz töhfəmizi verəcəyik... Bu regionda mövcud olan bütün münaqişələr sülh yolu ilə həll edilməlidir”.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bu vaxta qədər Federal Kansler Angela Merkellə dəfələrlə görüşmüş və iki ölkənin rəhbərləri arasında səmimi dialoq və etimad mühiti yaranmışdır. Azərbaycanda müasir texnologiyaların tətbiqi, iqtisadi şaxələndirmə və qeyri-neft sektorunun inkişafında Almaniyadan olan 150-dən çox müəssisə fəal iştirak edir. Bu günə qədər həmin şirkətlər Azərbaycanda dəyəri 1 milyard ABŞ dollarından çox olan layihələr icra ediblər.

Statistikaya əsasən, 2017-ci ildə Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarətində Azərbaycanın payı təqribən 66 faizə bərabər olub. Başqa sözlə desək, Azərbaycan Cənubi Qafqaz regionunda Almaniyanın ən böyük və ən etibarlı tərəfdaşıdır.

Federal Kanslerin Cənubi Qafqaz turnesinə marağın böyük olması təbii qarşılanmalıdır. Berlin bu regionda “Böyük Qara dəniz” layihəsinə xüsusi əhəmiyyət verdiyini gizlətmir və bu kontekstdə Almaniyanın maraqlarına uyğun təhlükəsizlik sisteminin yaranması üçün səylərini əsirgəmir. Amma geosiyasi vəziyyətin təhlili göstərir ki, bu mürəkkəb geosiyasi regionda heç bir güc Rusiya, ABŞ, Fransa, Türkiyə, İran kimi böyük dövlətləri gözardı edə bilməz. Həm də açıq etiraf etmək lazımdır ki, bu regionun iqtisadi və geosiyasi lideri Azərbaycandır. Azərbaycanın razılığı olmadan burada hansısa beynəlxalq layihənin baş tutması qeyri-mümkündür. Onu da nəzərə almaq lazımdır ki, baş verən geosiyasi proseslərin fonunda ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizini” xüsusi qeydlə sanksiyalar çərçivəsindən kənara çıxarması ciddi tarixi hadisə kimi dünya düzəninin böyük aktorlarına əhəmiyyətli mesajıdır. Bu mesajına siyasi, iqtisadi və təhlükəsizlik aspektləri çoxlarını düşünməyə və geri çəkilməyə məcbur edəcək. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan müstəqil xarici siyasət yeridir və heç bir dövlətin, beynəlxalq qurumların diktəsi ilə hərəkət etmir.

Rəsmi Bakının öz fəaliyyətində ancaq milli maraqlara və bərabərhüquqlu tərəfdaşlığa üstünlük verməsi Federal Kanslerin Azərbaycana səfəri zamanı bir daha xüsusi vurğulandı. Ölkənin ən ağır problemi olan Dağlıq Qarabağ məsələsindən bəhs edərkən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini, respublikanın qəti və prinsipial mövqeyini cəsarətlə bəyan etdi: “Bu gün biz gündəlikdə duran məsələləri çox açıq, konstruktiv şəkildə müzakirə etdik. Əminəm ki, aparılan danışıqlar, keçirilmiş fikir mübadiləsi gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaradır.

Mən xanım Kanslerə regional təhlükəsizlik məsələləri, xüsusilə Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumat verdim. Bildiyiniz kimi, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan əraziləri uzun illərdir ki, Ermənistanın işğalı altındadır. Bu işğal nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşmüşdür. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və onları icra etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və münaqişə bu prinsiplər əsasında öz həllini tapmalıdır”.

Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın təşəbbüsü öz üzərinə götürə biləcəyini bəyan etməsi düşündürücü məqam olsa da, real mənzərənin mürəkkəbliyini unutmaq olmaz. Dünyanın böyük dövlətləri anlamalıdırlar ki, Dağlıq Qarabağ məsələsinin həllində ədalətli, obyektiv, beynəlxalq hüquqa uyğun mövqe tutmadan Cənubi Qafqazda nüfuz sahibinə çevrilmək qeyri-mümkündür. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır və Prezident İlham Əliyevin bəyan etdiyi kimi ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır. Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcək!

Dünya siyasətinin gündəminin obyektiv təhlili göstərir ki, regionun geosiyasi mənzərəsində Azərbaycan faktorunun aktuallığı getdikcə artır. Bu, birmənalı olaraq Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətlə bağlıdır. Prezident İlham Əliyev həyata keçirdiyi müstəqil və tarazlaşdırılmış xarici siyasət kursu ilə sübut etdi ki, Cənubi Qafqazın lider dövləti etibarlı tərəfdaş olan qüdrətli Azərbaycan dövlətidir.

Mənbə: Azertag.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR