Almaniya miqrantları ölkədən çıxarır, siyahıda azərbaycanlılar da var
Qaçqın statusu almaq istəyən 999 azərbaycanlı Almaniya hökumətinə müraciət edib. Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin cari ilin ilk 6 ayına dair məlumatında deyilir.
Almaniyada yaşayan miqrasiya məsələləri üzrə tanınmış ekspert Əliövsət Əliyev Oxu.Az-a bildirib ki, başçılıq etdiyi hüquqi firma sözügedən federal idarəyə sorğu göndərib.
Məlum olub ki, sözügedən şəxslərdən 706 nəfəri status üçün birinci, 293 nəfəri isə ikinci dəfə müraciət edib. Göstərilən dövr ərzində azərbaycanlıların qaçqın statusu üzrə müraciətləri ilə əlaqəli 1400 qərar çıxarılıb.
Qərarlara əsasən, altı nəfər sığınacaq, 46 nəfər isə qaçqın statusu alıb. “Qaçqın statusu haqqında” qanunun 41-ci paraqrafına əsasən, 15 nəfərin subsidiar (yardımçı) müdafiəsi üzrə müsbət qərar qəbul olunub. Azərbaycana deportasiyanı qadağan edən hallarla əlaqədar “Almaniyada yaşamaq haqqında” qanunun 60-cı paraqrafının beşinci və yeddinci hissələrinə əsasən, yeddi nəfərə müvəqqəti qalmaq icazəsi verilib. Bununla da 74 azərbaycanlı altı ay ərzində Almaniyada müvəqqəti qalmaq üçün icazə alıb.
Hüquq müdafiəçisinin sözlərinə görə, müraciət etmiş 768 nəfərə qaçqın statusu verilməyib. 558 azərbaycanlının müraciəti isə baxılmadan qaytarılıb. Bura vətəndaşların “Dublin razılaşması”na əsasən digər ölkələrə göndərilməsi halları da daxildir. Bu isə o deməkdir ki, 1400 nəfərdən 1326-sı müxtəlif formada imtina cavabı alıb.
Hüquşünas bununla əlaqədar həmyerlilərinə əsaslı hazırlıq olmadan Almaniyada yaşamaq planları qurmamağı tövsiyə edib.
Qeyd edək ki, 2015-ci ildə Almaniya təqribən 1 milyon qaçqın qəbul edib. Həmin il Almaniyaya gələn qaçqınların üçdə biri 2018-ci ilin payızınadək iş tapıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət