Allahşükür Paşazadəyə medal təqdim olunub
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Təhsil nazirinin müavini Firudin Qurbanovu qəbul edib. QMİ-dən "Report"a verilən məlumata görə, Təhsil naziri Ceyhun Bayramovun səmimi salamlarını Şeyxülislam həzrətlərinə yetirən F.Qurbanov diqqətə çatdırıb ki, nazirin əmri ilə QMİ sədri “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Nazirin tapşırığı ilə medalı Şeyxülislam həzrətlərinə təqdim edən qonaq məlumat verərək bildirib ki, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının medalı elm və təhsildə böyük uğurlar əldə edən, bu sahələrin inkişafına töhfə verən insanlara verilir. “Mən bir müddət BDU-nun rektoru vəzifəsini müvəqqəti icra edərkən belə bir yubiley medalının hazırlanması işlərinə başladıq. Çox şadam ki, bu gün həmin medalı Sizə təqdim etməyi cənab nazir məhz mənə həvalə etdi”, - deyən nazir mavini Şeyxülislam həzrətlərinin fəaliyyətini yüksək dəyərləndirib: “Müstəqilliyimizin bərpasında və Azərbaycan dövlətçiliyinin qorunmasında Sizin müstəsna xidmətləriniz var. Ən gərgin və mürəkkəb zamanlarda bir dini lider olaraq Siz həmişə xalqın və dövlətin yanında olmusunuz. Bu günlərdə 20 Yanvar hadisələrinin 30 illiyini qeyd etdik, tariximizin qürur və qəhrəmanlıq səhifələrindən olan həmin hadisələr zamanı Sizin prinsipial mövqeyiniz, xalqı birləşdirə bilmək bacarığınız bu gün də gözlərimizin önündədir. Xalqımız bu xidmətinizi həmişə qiymətləndirib və bundan sonra da qiymətləndirəcək”. F.Qurbanov QMİ sədrinin elmi fəaliyyətinə də toxunub, uzun illər BDU-nun professoru kimi yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət