Slimfit
  1. DİN

Allahın insanların ibadətinə ehtiyacı varmı?

Allahın insanların ibadətinə ehtiyacı varmı?
Sakura

Allahın insanların ibadətinə ehtiyacı varmı?

Qurani-Kərimdə namaz qılmaq, oruc tutmaq, zəkat vermək, həccə getmək və s. kimi bir sıra ibadətlərə yer verildiyini görürük. Bu ibadətlərin yerinə yetirilmə şəklini, bununla bağlı geniş şərh və izahları Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatından öyrənirik. Belə bir sual ortaya çıxır ki, görəsən bu ibadətlər kim üçündür, yəni bu ibadətlərə kimin ehtiyacı var? İbadətləri Cənab Allah (c.c) əmr etdiyinə görə, görəsən bu ibadətlərə Cənab Allahın (c.c) ehtiyacı varmı? İnsanlar ibadət etməməklə Cənab Allaha (c.c) zərər, ya da ibadət edərək fayda verə bilərlərmi?

Ens.az Yeniavaz.com-a istinadən  mövzu ilə bağlı bəzi məqamları təqdim edir. Ayədə belə buyurulub: “Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)” (İxlas, 112/2). Bu və digər ayələrdən öyrənirik ki, Cənab Allah (c.c) nəinki insanların ibadətinə, ümumiyyətlə heç bir şeyə ehtiyacı yoxdur. İnsanların isə Cənab Allaha (c.c) ibadət etməyə ehtiyacı var. İbadət etmək mənəvi xəstəliklərə bir şəfa və dərman hökmündədir.

Məsələni belə bir metaforla izah etmək olar… Bir həkim reseptə xəstə üçün zəruri olan dərmanları yazır. Həkim xəstəliyin ciddiyyətini və gələcəkdə törədəcəyi fəsadları nəzərə alaraq israrla və təkidlə xəstədən bunlara əməl etməsini söyləyir. Hətta bunu xəstəyə dönə-dönə tapşırır, əmr formasında deyir. Xəstə adam bu təkidlər qarşısında bir anlıq şübhəyə qapılır və həkimin burada bir mənfəəti olduğunu düşünür. Əks halda həkim onunla belə bir təkid və əmrlə danışmazdı. Ancaq həqiqətdə isə həkim məhz xəstənin şəfa tapması üçün bunları söyləyir. Burada həkimin heç bir mənfəəti yoxdur. Hətta həkimin reseptinə əməl edilməsə, burada zərər çəkəcək olan şəxs həkim deyil, xəstə olacaq. Yenə burada fayda və mənfəətdən söhbət gedirsə, bu da məhz xəstənin mənfəəti və faydasına olan sözlər, tapşırıqlardır.

Cənab Allahın (c.c) insanlardan tələb etdiyi ibadətlər də bu qəbildəndir. Yəni ibadət edib etməmək və buradan hasil olacaq fayda və ya zərar məhz insanlar üçün bağlayıcıdır. Cənab Allahın (c.c) ucalığı, əzəməti, böyüklüyü insanların Ona etdiyi ibadətlərlə ölçülmür. Əksinə insanlar kainatın yaradıcısına ibadət etməklə mənən ucalır, kamillik əldə edirlər. İbadətlər ruhumuzun qidası, qəlbimizdəki mənəvi xəstəliklərin dərmanı və şəfasıdır.

Bir İslam aliminin sözü ilə desək: “İşlədiyimiz hər bir günah, düşüncəmizə girən hər bir şübhə qəlbimizi və ruhumuzu yaralayır. Beləcə də mənən xəstə hala gəlirik. İçimiz çölümüzə çıxarılsa, Həzrət Əyyubun (ə.s) zahiri yaralarından daha çox bizim mənəvi yara-bərə içində olduğumuzu görərik”.

Yuxarıda dediyimiz kimi, ibadət ruhumuzun qidası, qəlbimizdəki xəstəliklərin əlacı və şəfasıdır. Cənab Allahın (c.c) biz insanlara ehtiyacı yoxdur. Bütün insanlar Cənab Allaha (c.c) xalis bir insan tək ibadət etsə, ya da dünyada Cənab Allaha (c.c) ibadət edən  bir nəfər belə qalmasa, bu Ona (c.c) heç bir xələl gətirə bilmz. Cənab Allah (c.c) biz insanlara saysız-hesabsız nemətlər bəxş edir. Yenə burada da ehtiyac sahibləri bizlərik, ehtiyacı qarşılayan isə Cənab Allahdır (c.c). Bütün bu lütf, ehsan və ikramlar qarşısında ibadət edərək şükr vəzifəsini yerinə yetirmək sadəcə olaraq bizə, bütün insanlara düşən bir borcdur.

Cənab Allah (c.c) duyğu və düşüncələrimizi günah paslarından təmizləmək, bizi mənəvi dərdlərdən xilas edərək şəfaya qovuşdurmaq üçün bir məlhəm olaraq ibadəti əmr etmişdir. Məsələ bu qədər açıq və aydın olduğuna görə ibadətlərə Cənab Allahın (c.c) deyil, bizim ehtiyacımız olduğunu görərik.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR