Allah niyə zülm edə bilməz?
Əmirəl-möminin (ə) "Nəhcul-bəlağə"də İlahi ədalətə işarə etmiş və buyurmuşdur: "Ondan üstündür ki, bəndələrinə zülm etsin. Bəndələri arasında ədalətə qiyam edər. Hökmlərində onlara qarşı ədalətə riayət edər".
Ədalət, yəni insaf. Yəni, insana aid olanı ona verəsən və ondan götürməli olduğunu götürəsən. İmam Əli (ə) ədalət barəsində buyurur: "Ədalət odur ki, hər şey öz yerində qərar tutsun".
deyerler.org-a istinadən bildirir ki, Əllamə Təbatəbainin nəzərinə görə ədalət odur ki, bərabərliyə riayət olunsun. Hər bir işə layiq olanı verəsən ki, hər bir iş bərabər olsun. Hər bir şey haqqı olan yerində qərar tutsun.
İslam dini ədaləti iki yerə bölür: təkvini və təşriyi.
Təkvini ədalət odur ki, varlıq aləmi ədalət üzərində möhkəmlənməlidir. Varlıq aləmində balansı pozan heç bir şey müşahidə olunmur.
Təşriyi ədalət odur ki, peyğəmbərlər (ə) tərəfindən təqdim olunan bütün səma qanunları İlahi ədalət üzərindədir. Yəni, Allahın bəndələrinə təyin etdiyi əhkam və hökmlərdə İlahi ədalət hökm sürür. Bu qanunlar bəşərin istedad və qüvvəsinə əsasən təyin edilmişdir. Allah insanı yaradaraq, onun istedadlarından və gücündən agahdır və onun yerinə yetirə biləcəyi şeyləri ondan istəyir.
Qurani-Kərim buyurur: "İman gətirib yaxşı işlər görənlər - (və əlbəttə) Biz heç bir kəsin boynuna qüdrətindən artıq vəzifə qoymuruq". ("Əraf" 42).
İmam Əli (ə) nəql edir: "Bir gün Peyğəmbər (s) məsciddə əyləşmişdi və bir yəhudi daxil oldu. Tövhid və Allahın sifətləri barəsində suallar verməyə başladı. Eyni zamanda soruşdu: "Sənin Allahın zülm edirmi?". Peyğəmbər (s) buyurdu: "Xeyr". Yəhudi dedi: "Hansı səbəbə görə?". Peyğəmbər (s) buyurdu: "Çünki zülmün çirkinliyindən agahdır və onu yerinə yetirməyə ehtiyacı yoxdur". Yəhudi dedi: "Bu barədə Allah tərəfindən sənə bir mətləb nazil olubdurmu?". Peyğəmbər (s) buyurdu: "Bəli" və Qurandan ayələr oxumağa başladı".
İmam Əli (ə) Allah barəsində belə bir şəhadət verir: "Şəhadət verirəm ki, O, adildir. Adildir və düşmənçiliklərə son verən hakimdir".
Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Bütün səma və yer ədalətlə bərpadır".
Bu hədisdən də göründüyü kimi, ədalət deyildikdə hər şeyin öz yerində qərar tutmasından söhbət getmişdir. Ədalət həm bəndələrə şamil olur və həm də varlıq aləminə hakim olan qanunlara.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət