Alimlər qlobal istiləşməyə qarşı mübarizədə radikal üsullar təklif edir
Kembric Universitetindən olan alimlər yeni elmi mərkəz yaratmağa hazırlaşırlar. Mərkəz Yer kürəsi iqlimini “düzəldəcək” texnologiyaların işlənib hazırlanması və öyrənilməsi ilə məşğul olacaq. Tədqiqatçılar, həmçinin iqlim dəyişmələri kimi təbiət üçün fəlakətli problemlərin həllində son dərəcə radikal geomühəndislik yanaşmalarını, məsələn, planetimizin qütblərinin təkrar dondurulması, həmçinin atmosferdən karbon qazının təmizlənməsi kimi məsələləri nəzərdən keçirməyə hazırlaşırlar.
AZƏRTAC bu barədə “Hi-News.ru”ya istinadla xəbər verir.
Bu cür elmi mərkəzin yaradılmasına səbəb alimlərin hazırda ətraf mühitin qorunması üçün istifadə edilən yanaşmaların insan fəaliyyəti nəticəsində planetə vurulan təhlükəli və bərpaolunmaz zərərin qarşısını ala bilməməsi olub. Layihə müəllifləri hesab edirlər ki, onların ilk təşəbbüsü atmosferə atılan karbon tullantılarının səviyyəsinin və onların qatılığının əhəmiyyətli dərəcədə azalmasına həqiqətən də kömək ola bilər.
Layihəni Britaniya hökumətinin sabiq elmi müşaviri, professor Devid Kinq əlaqələndirir.
“Yaxın 10 il ərzində biz bəşəriyyətin gələcəyini növbəti 10 min il üçün müəyyən edəcəyik. Dünyada buna bənzər məsələlərlə məşğul olan digər belə bir elmi mərkəz yoxdur”, - deyə Kinq BBC-nin jurnalistləri ilə söhbətində bildirib.
Kinq tərəfindən təsvir edilən və müzakirə olunan problemin həllində gələcəkdə bizə yardım edəcək ideya nümunələri daha çox geomühəndisliklə bağlıdır. Yer kürəsi iqliminin bərpası mərkəzinə doktor Emili Şakburq rəhbərlik edəcək. O, mərkəzin əsas vəzifəsinin iqlim problemlərinin həlli olmasını müəyyən edib. Mərkəzdə təkcə iqlimşünas-alimlər deyil, həm də mühəndislər və sosioloqlar da fəaliyyət göstərəcəklər.
“Qarşımızda tariximizin ən mürəkkəb və mühüm məsələlərindən biri durur və biz onun həllinə bütün məsuliyyətimizlə və səylərimizlə yanaşmalıyıq”, - deyə Şakburq qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət