Alimlər: Fillər sutkada təxminən iki saat yatır
Cənubi Afrikanın Vits Universitetinin mütəxəssisləri fillərin digər məməlilərə nisbətən az yatdığını müəyyənləşdiriblər.
AZƏRTAC “runews24.ru” saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, məməlilərdə yuxu müddəti əsasən onların ölçüsündən asılıdır. Heyvan nə qədər balaca olarsa, bir o qədər çox yatır. Müşahidələr göstərir ki, zooparklarda fillər sutkada 5-6 saat yatır. Lakin ekspertlər vəhşi təbiətdə fillərin az yatdığını bildirirlər.
Nəzəriyyəni təsdiqləmək və ya təkzib etmək üçün alimlər Botsvan qoruğunda yaşayan bir neçə Afrika filinin üzərinə sayğac və GPS qəbulediciləri bərkidiblər. Sonra bu cihazların köməyi ilə əldə edilən məlumatlar təhlil olunub.
Məlum olub ki, vəhşi təbiətdə fillər sutkada təxminən iki saat yatır. Həm də onların adətən sübh çağı yatdığı üzə çıxıb. Alimlər bunu həmin vaxt havanın temperaturunun və rütubət göstəricilərinin fillərə maksimum rahatlıq gətirməsi ilə izah edirlər.
Mütəxəssislər qeyd edirlər ki, adətən fillər üç-dörd gündə bir dəfə yuxu görür. Bundan əlavə, əgər bu heyvanları yırtıcılar və ya ovçular narahat edərlərsə, onlar təxminən iki sutkanı yuxusuz keçirə bilər.
Mənbə: Azertag.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət