Slimfit
  1. MEDİA

Aleksandr Tarakanov: “Azərbaycanlılar koronavirus təhlükəsinin olduğunu bilir, küçələrdə veyillənmirlər”

Aleksandr Tarakanov: “Azərbaycanlılar koronavirus təhlükəsinin olduğunu bilir, küçələrdə veyillənmirlər”
Sakura

Aleksandr Tarakanov: “Azərbaycanlılar koronavirus təhlükəsinin olduğunu bilir, küçələrdə veyillənmirlər”

Azərbaycanın yunan-Roma güləşi üzrə millisinin rusiyalı baş məşqçisi Aleksandr Tarakanov geniş müsahibə verib.

Ens.az xəbər verir ki, Oxu.Az 61 yaşlı məşqçinin Rusiya mətbuatında dərc olunmuş müsahibəsini oxucularına təqdim edir.

– Hazırda heç bir məşq yoxdur, özünütəcrid formasında yaşayırıq. İşimizi uzaq məsafədən aparırıq. Uşaqlara tapşırıqlar veririk, onlar da ev şəraitində bunları yerinə yetirirlər. İdman zalları bağlıdır, məhdudlaşdırıcı tədbirlər davam etdirilir. Ümumiyyətlə, mən bütün ayı evimdən çölə çıxmamışam. Bakıda hər şey çox sərtdir. Mayın sonları – iyunun əvvəlləri şərtlər yumşaldılmalı idi. Amma hələ hər şey ciddidir.

 

– Ancaq Azərbaycandakı durum Rusiya və Avropa ölkələrindəki kimi gərgin deyil. Heç bir ölümcül nəticə qeydə alınmayıb (əslində isə səhv edir, Azərbaycanda koronavirusdan ölənlərin sayı rəsmi olaraq 58 nəfərdir - red.).

– Bəli, şükür Allaha! Sadəcə olaraq, azərbaycanlılar tez qərar verdilər, məktəbləri, institutları və digər qurumları bağladılar. Evi mağaza, aptek, xəstəxana üçün tərk etməkdən ötrü yalnız iki saat icazə verilir. Artıq şəhər ətrafında hərəkət etməyə icazə verilmir. İndi çıxış üç saata qədər uzadılıb (görünür, müsahibə saat limiti aradan götürülməzdən əvvəl alınıb – S.M.). Tədricən xidmət sənayesi müəssisələri, xüsusən də bərbər salonları açılır. Əvvəllər ümumiyyətlə, heç bir yer işləmirdi.

– Polislər sakinlərin evlərindən nə qədər vaxtdır çıxdıqlarını necə müəyyənləşdirirlər? Axı insan evdən çıxarkən onun üzünə yazılmır ki, bir saat və ya dörd saat əvvəl çıxıb?

– Bu sadədir: evdən çıxanda SMS göndər. Polis saxlayarsa, telefonu dəlil olaraq təqdim edirik. Əks təqdirdə, 100 manat cərimə var – 4 min rubldan çox. Azərbaycanda hər şey sərtdir, hətta bölgələr arasında əlaqələr bağlanıb. Bakıya yalnız paytaxtda qeydiyyatı olan insanlar gələ bilər.

– Çölə çıxanda maska ​​və əlcək geyinirsiniz?

- Mütləq! Zibili belə maska ​​olmadan atmıram. Təhlükəsizlik tədbirlərinə yüz faiz əməl edirəm. Birdəfəlik əlcəklər supermarketin girişində verilir. Əllərini antiseptiklə təmizləyirsən, maska və əlcəkləri geyinirsən və irəli… Əks təqdirdə, içəri buraxılmayacaqsınız. Maskalarla bağlı problem yoxdur. Bütün apteklərdə satılır, bir neçə qəpik edir.

– Bakılıların ümumilikdə əhval-ruhiyyəsi necədir?

– Normaldır. Təlaş yoxdur. Buradakı insanlar intizamlıdır, hamı təcrid olunub. Təhlükənin olduğunu bilirlər, heç kim risk etmir, küçələrdə veyillənmir. Bu baxımdan azərbaycanlılara əhsən düşür, çox yaxşı təşkilatlanıblar.

– Niyə karantin vaxtı Saranska qayıtmadınız?

– Çatdıra bilmədim, sərhədlər bağlandı. Mordoviyadan olan uşaqlarla birgə Bakıda keçirdiyimiz təlim-məşq toplanışından sonra uçmağı planlaşdırmışdım. Səhər onları Moskva təyyarəsi ilə yola saldım, sonra özüm getmədim. Axşam isə bütün xarici uçuşlar ləğv edildi. Beləcə, burada qaldım.

– Rusiya qadın güləş yığmasının baş məşqçisi Məhəmməd Əliömərov koronavirusdan vəfat etdi. Onu tanıyırdınız?

– Bəli, çox yaxşı ünsiyyətimiz olub. Sonuncu dəfə fevralda Romadakı Avropa çempionatında görüşmüşdük. Dağıstanlı Əliömərovun ölümü Azərbaycan üçün də böyük faciədir. Burada işləyib və ciddi nəticələr qazanıb. Onun rəhbərliyi altında azərbaycanlı qızlar dünya, Avropa çempionatlarında və Olimpiya Oyunlarında yaxşı çıxış ediblər. Bir ildən də artıqdır ki, Rusiyanın qadın yığmasının baş məşqçisi təyin edilmişdi. Dəhşətli faciədir. Məhəmməd cənazə mərasimində koronavirusa yoluxub və bir neçə gün sonra özü də son mənzilə yola salındı.

– Bakıda tək yaşayırsınız?

– Bəli. Həyat yoldaşım Saranskda qaldı. Telefonla və internetlə əlaqə saxlayırıq. Video vasitəsilə qohumlarla əlaqə qururam. Hazırkı mərhələdə başqa yol yoxdur.

– Sizə mənzil verilib?

– Bəli, hər şəraiti olan üçotaqlı geniş mənzilim var. Bu baxımdan heç bir problem yoxdur, hər şeylə tam təmin olunmuşam.

– Məşq üçün güləş zalına necə gedirdiniz?

– Bununla bağlı da çətinlik yoxdur. Uşaqlar və məşqçi həmkarlarım məni öz maşınlarında aparırlar.

– Azərbaycanda iş variantı necə yarandı? Təklif üzərində uzun müddət düşündünüzmü?

- Tarixçə belədir... Vladimirdə yarışda olanda zəng etdilər və məni yığma komandanın rəhbəri kimi görmək istədiklərini dedilər. Düşünməyə, evdə ailəmlə məsləhətləşməyə bir az vaxt ayırdım. Tezliklə yenidən konkret sualla mənimlə əlaqə qurdular: hansı günə bilet sifariş edək? Bir saatdan sonra zəng etdim və konkret tarixi bildirdim. Hər şey tez alındı. Respublika güləş məktəbinin rəhbərliyi qərarımı düzgün başa düşdü və ən əsası, məni dəstəklədi.

– Bakı haqqında nə deyə bilərsiniz? Gözəl şəhərdir?

– Bəli, çox gözəldir. Burada evlər mədəndən çıxarılmış boz aqlay daşlarla bəzədilib. Əvvəllər həmin yataqdan minerallar çıxarılırdı, indi qadağandır. Bütün çoxmərtəbəli binalar axşam işıqlandırılır. Çox təsiredici görünür.

– Azərbaycan güləşçiləri tərəfindən necə qarşılandınız? Onlarla tez dil tapa bildiniz?

– Bu baxımdan problem olmadı, çoxdandır bir-birimizi tanıyırıq. Mordoviyalı tələbələrim dünya, Avropa çempionatlarında və digər beynəlxalq turnirlərdə dəfələrlə azərbaycanlılarla görüşüb. Çox yaxşı ünsiyyət qururlar. Postsovet ölkəsidir, buna görə demək olar ki, hamı rus dilini bilir. Federasiya rəhbərliyi ilə də fikir ayrılığı yoxdur. Bizim işimizdə hər şey sadədir – qollarını çırmala və işlə. Təəssüf ki, bu mərhələdə koronavirus bizə maneə törədir. Uşaqlar güləş xalçasından ötrü darıxıb, məşqlərin nə vaxt bərpa olunacağını soruşurlar. Hələ konkret cavab verə bilmirik və gözləyirik. Vəziyyətin tezliklə aydınlaşacağına ümid edirəm.

– Azərbaycanlılar təlim metodologiyanız barədə nə deyirlər? Yüklənmələrin öhdəsindən gələ bilirlər?

– Əvvəlcə çətin idi. Veteran güləşçilər dərhal dedilər ki, sovet vaxtına qayıtdıq. Mən işimdə SSRİ-də istifadə olunan metodologiyanı tətbiq edirəm. Eyni zamanda, bəzi düzəlişlər edirəm və bununla da irəliləyirəm. Uşaqlara dedim ki, dözməliyik və çalışmalıyıq. Təlimatları ciddi şəkildə yerinə yetirdilər və nəticə də özünü çox gözlətmədi. Son Avropa çempionatında çoxları lazımi şəkildə çalışdı.

– Bu çempionatda Azərbaycan komandası tarixində ən yaxşı nəticəyə imza atdı!

– Bəli, komanda yaxşı işlədi, uşaqlar yenidən özlərinə inandılar. Psixoloji dəstək aldılar. İndi ustalığı artırmaq lazımdır: daha həcmli iş, texniki hərəkətlərlə. Azərbaycan komandası daha yaxşı çıxış edə bilərdi, komanda şəklində birinci yeri tuta bilərdik (iki qızıl və dörd bürünc medal qazanan millimiz Rusiyadan sonra ikinci yeri tutub – S.M.). Hər şey buna doğru gedirdi, amma iki güləşçi bizi geri saldı.

– Ciddi səhvlər buraxdılar?

– Əvvəlcə ağır çəkililər yarışdı. Podiuma çıxmağa yaxın olsa da, mübarizəni davam etdirmədi. Dediyinə görə, ayağı çıxmışdı. Sonra yerinə saldıq, amma artıq gec idi. Həmin uşaq Olimpiada mükafatçısı olmuş, İrandan gəlmiş güclü oğlandır (130 kq-da çıxış edən Sabah Şəriətini nəzərdə tutur. O, təsəlliverici görüşdə Rusiya təmsilçisi Zurab Qedexauri ilə görüşdən imtina etmişdi – S.M.). Avropa çempionatında qalib gələ bilərdi, amma təslim oldu. Görüşdə millimizin digər üzvü isə 7:0 hesabı ilə qalib gəlsə də, sonda 7:9 uduzdu (67 kq-da Dağıstandan olan legionerimiz İslambəy Dadovun ilk görüşdə macar Kristian İştvan Vançaya 7:8 hesabı ilə uduzmasını nəzərdə tutur – S.M.).

– Yəqin ki, Bakıda qəhrəman kimi qarşılandınız...

- Bəli, çox yaxşı qarşılandıq. Prezident İlham Əliyev tərəfindən təbrik edildik. Onun sözləri bizə çatdırıldı. Həm Avropa çempionatı, həm də vətənə qayıtmaq bizim üçün çox parlaq oldu. Ancaq uğurumuz rəqibləri həyəcanlandırdı, gələcəkdə Azərbaycan güləşçiləri üçün daha çətin olacaq. Romada bizə çox ciddi yanaşılmadı və biz bundan yararlandıq. İndi tam şəkildə bizə təzyiq olacaq.

– İlin əvvəlində Saranskda təlim-məşq toplanışı keçirdiniz...

– Bəli, iki həftə Respublika güləş məktəbinin zalında məşq etdik. Toplanış çox təsirli alındı. Yenə istəyərdim! Axı, Rusiya komandasında Mordoviyanın 15-ə yaxın güləşçisi var. Saransklı uşaqların ustalıq səviyyəsi çox yüksəkdir. Azərbaycandan olan uşaqlar onlardan çox şey götürdülər və sonra Fransadakı beynəlxalq turnirdə əla çıxış etdilər. Dünya çempionatının qaliblərini və mükafatçılarını uddular. Mordoviya “klassiklər”i də azərbaycanlılarla birgə təlimlərdən faydalanırdı. Komandamda ciddi uşaqlar var: dünya və Avropa çempionları. Sonra Saransk idmançıları Bakıya gəldilər. Onların yol, qalma və yemək də daxil olmaqla, ezamiyyətləri Azərbaycan tərəfindən ödənilmişdi. Bu təlim-məşq toplanışında da səmərəli işlədik. Bu il də birgə təlimlər keçirmək istərdim. Pandemik vəziyyətin necə olacağına baxaq. Bu infeksiyadan çox şey asılıdır.

– Aleksey Mişinin Azərbaycan millisinin məşqçilər korpusuna daxil olacağı doğrudur?

– Belə bir şayiənin kim tərəfindən yayıldığını bilmirəm. Bunun kimə faydası var? Əslində, boşboğazlıqdır. Mişin Rusiya ordusunda zabitdir, buna görə, başqa ölkənin idman federasiyasında işləyə bilməz. Bəli, Aleksey özü Mordoviyadan olan uşaqlarını bura gətirdi. O, bizi izləyir, belə deyir... Mişanın təcrübəsi çox böyükdür. İstənilən ölkə belə bir mütəxəssisi əldə etmək istəyər. Azərbaycanlılar da buna qarşı deyildilər, hətta təklif də etmişdilər. Ancaq o, hərbi xidməti atmayacaq. Hazırkı vəziyyətdə onun heç nəyə ehtiyacı yoxdur.

– Hansı müddətə yerli federasiya ilə müqavilə bağlamısınız?

– Əvvəlcə müqavilə cari mövsümün yayına qədər qüvvədə idi. Lakin pandemiya düzəlişlər etdi, Olimpiada 2021-ci ilə keçirildi. Nəticədə, müqaviləmin müddəti uzadıldı. Bizim vəzifəmiz olimpiya lisenziyaları qazanmaq və Tokioda uğurla çıxış etməkdir. Bu il növbəti turnir, çox güman ki, sentyabra planlaşdırılan Kazanda keçiriləcək MDB çempionatı olacaq. Ancaq hər şey koronavirusdan asılı olacaq.

– Olimpiadanın təxirə salınması Azərbaycan komandası üçün müsbət haldır?

– Ümid edirəm ki, müsbətdir. Baxmayaraq ki, uşaqlar indi əla formadadırlar. Lisenziyalı turnirlərə yüz faiz hazır idik... Amma turnirlər ləğv edildi. Gələn ilin mart-aprel aylarında lisenziya qazanmağa çalışacağıq.

– Yəqin ki, tezliklə Saranska gedə bilməyəcəksiniz. Məhdudlaşdırıcı tədbirlər götürüldükdən sonra aktiv təlim məşqləri davam etdiriləcək...

– Sərhədlər açılan kimi dərhal evə uçacağam. Beş aydır ailəmi görmürəm. Əminəm ki, Azərbaycan Güləş Federasiyasının rəhbərliyi bunu anlayışla qarşılayacaq. Bir müddət sadəcə, evdə qalmalıyam. Sonra Bakıya qayıdıb işimi davam etdirəcəyəm.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR