Aktrisa Tamara Gözəlova bu gün dəfn olunacaq
Azərbaycanın tanınmış aktrisası, diktor və mədəniyyət xadimi Tamara Gözəlova bu gün dəfn olunacaq.
Ens.az xəbər verir ki, bu barədə "Report"a onun oğlu Vasif Ağamirov məlumat verib.
O bildirib ki, T.Gözəlova Əhmədli kənd qəbiristanlığında torpağa tapşırılacaq.
"Hazırda dəfn mərasimi başlayıb. Dəfn mərasimində isə kənar şəxslər yoxdur, ancaq öz ailə üzvlərimiz iştirak edir", - deyə V.Ağamirov deyib.
Qeyd edək ki, T.Gözəlova mayın 8-i günorta saatlarında uzun sürən xərçəng xəstəliyindən sonra dünyasını dəyişib.
Xatırladaq ki, T.Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. Elə həmin ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.
1956-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.
Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi İbad” adı ilə məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət