Slimfit
  1. TARİX

Akif Əlizadə - Heydər Əliyevin dövlət quruculuğu siyasətində elm strategiyası: hakimiyyətlə intellektin vəhdəti

Akif Əlizadə - Heydər Əliyevin dövlət quruculuğu siyasətində elm strategiyası: hakimiyyətlə intellektin vəhdəti
Sakura

Akif Əlizadə - Heydər Əliyevin dövlət quruculuğu siyasətində elm strategiyası: hakimiyyətlə intellektin…

Hər bir xalqın mənəvi-intellektual potensialı, qüdrəti onun yetişdirdiyi tarixi şəxsiyyətin fərdi keyfiyyətlərində, tarixin özünün inkişafını şərtləndirən titanik fəaliyyətində təzahür edir. Azərbaycan xalqının tarixində tarix yaradan şəxsiyyətlər kifayət qədərdir. Xalqımızın XX əsrdə yetişdirdiyi belə görkəmli şəxsiyyət Heydər Əliyevdir. Müasir Azərbaycanın ictimai-mədəni həyatının elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin quruculuq fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Bu sahələr içərisində elmin xüsusi yeri vardır. İstər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə Heydər Əliyevin elm siyasəti milli quruculuq siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Bütün fəaliyyəti xalqa xidmət nümunəsi olan ulu öndər Heydər Əliyev Azərbaycan elminin inkişafında böyük xidmətlər göstərmişdir. Belə həssas münasibətin bütün respublika miqyasında yaratdığı intellektual atmosferdə elm və mədəniyyət xadimləri mövcud elmi potensialın qorunması, inkişaf etdirilməsi, öyrənilməsi işinin milli dövlət quruculuğundakı əhəmiyyətini daha dərindən anlamış, öndərin verdiyi mənəvi stimul alimlərimizi yeni-yeni elmi nailiyyətlərə ruhlandırmışdır.

Ötən əsrin 70-80-ci illərində Azərbaycan elminin yalnız keçmiş SSRİ miqyasında deyil, dünya miqyasında elmi proseslərin inkişafına təkan verən, iqtisadiyyatın bu və ya digər sahəsinə tətbiq olunan çoxsaylı elmi uğurları, elmtutumlu istehsal sahələrinin genişlənməsi bilavasitə Heydər Əliyevin rəhbərliyi ilə dövlətin elmə müstəsna qayğısı nəticəsində mümkün olmuşdur. Məhz Heydər Əliyevin elmi fəaliyyət sahəsində həyata keçirdiyi siyasətin nəticəsi olaraq Azərbaycan elmi sovet dövründə bir sıra ugurlara imza atmışdır. Xüsusən, neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyasının, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, həmçinin digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika sahələrində mühüm əhəmiyyəti olan tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması, əkinçiliyin, torpaqşünaslığın, meliorasiya və su təsərrüfatının, ərazinin flora, fauna və torpaq ehtiyatları, növ tərkibi, mühafizəsi və səmərəli istifadəsinin elmi problemlərinin öyrənilməsi və s. istiqamətlərdə nailiyyətləri qeyd etmək olar.

Ümummilli lider Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi elm siyasətinin nəticəsi olaraq əldə edilmiş bu elmi nailiyyətlər həm sovet hakimiyyəti illərində, həm də sonrakı müstəqillik mərhələsində Azərbaycanın sosial-iqtisadi inkişafının əsas dayaqlarından olmuşdur.

1969-cu ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə gəldiyi zaman Azərbaycan aqrar bir respublika sayılırdı. Respublikamızda elmtutumlu iqtisadi sahələr yox dərəcəsində idi. Elmin strateji əhəmiyyətini düzgün qiymətləndirən ümummilli liderimiz bu sahənin inkişafına xüsusi diqqət yetirməyə başladı. O dövrdə SSRİ Elmlər Akademiyasının prezidenti akademik M.Keldış Azərbaycana gəlir və respublikanın rəhbərliyi ilə görüşür. Həmin görüşdən sonra o vaxtlar böyük əhəmiyyət kəsb edən, o dövr üçün superkompyuter səviyyəsində olan BGSM hesablama maşını Elmlər Akademiyasına verildi. Bu da nəticədə respublikamızda proqramlaşdırma, avtomatika, tətbiqi riyaziyyat, kibernetika və digər sahələrdə böyük alimlər, mütəxəssislər ordusunun formalaşmasına gətirib çıxardı. Akademik M.Keldışın Azərbaycana gəlişindən sonra SSRİ EA-nın müvafiq institutlarında respublikamızın istedadlı gəncləri üçün məqsədli aspiranturalara yerlər ayrılmağa başlandı, elm və təhsil mərkəzlərində təcrübə keçmək üçün mütəxəssislər göndərildi, həmin elm sahəsinin mənimsənilməsi, sonradan ölkəmizə transformasiya olunması istiqamətində müəyyən işlər görüldü. Təbii ki, bütün bu işlər Heydər Əliyevin rəhbərliyi və bilavasitə qayğısı altında həyata keçirilirdi. Heydər Əliyevin həyata keçirdiyi həmin uzaqgörən siyasət bu gün də müstəqil Azərbaycan Respublikasının iqtisadi, elmi və hərbi potensialının əsasını təşkil edir. Ölkəmizin dövlət idarəetmə orqanlarında, iqtisadi strukturlarında, elm-təhsil müəssisələrində ulu öndərimizin yetişdirdiyi kadrlar bu gün də uğurla fəaliyyət göstərirlər. 1969-1980-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri respublikada elm və təhsilin inkişafına xüsusi diqqət yetirilməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verilməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyev üçün xüsusilə böyük əhəmiyyətli məsələ idi. O illərdə Azərbaycanın əldə etdiyi mühüm tarixi nailiyyətlərdən biri də xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılmasıdır. Bu məqsədi uğurla həyata keçirmək üçün Heydər Əliyev hər il azərbaycanlı gənclərin təhsil almaq üçün böyük qruplarla keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi ənənəsinin əsasını qoymuşdur. O dövrdə SSRİ-nin 170 qabaqcıl ali təhsil ocağına 15 minə yaxın azərbaycanlı göndərilmiş, hər il xaricə 800 tələbə yola salınmışdır. Ulu öndər Heydər Əliyev azərbaycançılığın ən mühüm komponenti olan ana dilinin inkişaf etdirilməsi sahəsində də mühüm tədbirlər həyata keçirmişdir. Ümummilli liderimizin fikrincə, ana dili azərbaycançılığın təməl prinsipi idi. Buna görə də xalqa milli-mənəvi dəyərlərini aşılamaq üçün ona ilk növbədə öz dilini qorumağın, inkişaf etdirməyin vacibliyini yaxşı bilirdi. Eyni zamanda, xatırlamaq yerinə düşər ki, ulu öndər o dövrdə bütün rəsmi nitqlərini Azərbaycan dilində edir, bunu bütün rəhbər vəzifəlilərə də tövsiyə edirdi. Başqa bir fakt. 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiya layihəsi qəbul edilərkən, Azərbaycan dilinin ana dili kimi təsbitlənməsi də Heydər Əliyevin cəsarətinin, Azərbaycan dilinə qəlbən bağlılığının, sevgisinin əyani təzahürü idi... Bundan başqa, dahi öndərimizin ötən əsrin 70-ci illərində nəşr olunmuş 3 cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verməsi də dediklərimizə bariz nümunədir. “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı biri-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf etməsi də bizim ən böyük nailiyyətlərimizdən biridir. Bu, təkcə dil məsələsi deyil, həm də azərbaycançılıq məsələsidir” - deyən Heydər Əliyevin azərbaycançılığa, Azərbaycan dilinə sevgisi bitib-tükənməz idi, kökdən gəlirdi. Ona görə də dilin saflığı, təmizliyi uğrunda daim mübarizə aparırdı. Yüksək intellektə malik şəxsiyyət olan Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni nailiyyətlərindən faydalanırdı. O, elm və texnikanın, mədəniyyət və maarifin, ədəbiyyat və incəsənətin inkişafı məsələlərinin həlli məqamlarında yüksək peşəkarlıq göstərir, cəmiyyətin, xalqın inkişafını elmdə, intellektdə görürdü. Heydər Əliyev elmə, alimə həmişə yüksək qiymət verirdi. Bunun ilk səbəbi özünün də elmi təfəkkür sahibi olması, öz fəaliyyətini həmişə elmi prinsiplər üzərində qurması, intellektual potensiala arxalanması idi. Onun Azərbaycan elminə göstərdiyi qayğı və dəstək elə buradan qaynaqlanır. Ulu öndər Azərbaycan elminin, mədəniyyətinin, ədəbiyyatının inkişafını düşünərkən bu sahədə zəhməti olan insanların əməyinə də böyük qiymət verir, onlara böyük hörmətlə yanaşırdı: “O illər (yəni - sovet dövrü) mədəniyyətimizdə, ədəbiyyatımızda, elmimizdə böyük şəxsiyyətlər yetişdiribdir. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev kimi dahi bəstəkarlarımız yeni əsərlər yaratmışlar. Cəfər Cabbarlı kimi dahi yazıçımız Azərbaycan xalqına böyük ədəbi töhfələr vermişdir. Ədəbiyyatımızda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Süleyman Rəhimov kimi böyük şəxsiyyətlər yetişmişdir. Alimlərimiz - Mirəsədulla Mirqasımov, Mustafa bəy Topçubaşov, Heydər Hüseynov, Yusif Məmmədəliyev, Mirzə İbrahimov, bir çox başqa alimlər 1945-ci ildə ilk dəfə Azərbaycanın böyük elmini bir yerə yığıb Elmlər Akademiyası yaratmışlar. Bunların hamısı o çətin, ağır illərin eyni zamanda, böyük nailiyyətləridir”.

Ötən əsrin 70-80-ci illərində əldə edilən nailiyyətlərə baxmayaraq, 90-cı illərin əvvəlləri vəziyyət tamamilə dəyişdi. Bu dövrdə həm regionda, həm də dünyada olduqca mürəkkəb bir vəziyyət yaranmışdı. Böyük bir geosiyasi məkanda həyatın bütün sahələrini total xaos bürümüşdü. O dövrdəki mürəkkəb şərait dövlət quruculuğunu xeyli sayda daxili və xarici amillərdən asılı etdiyinə görə strateji məqamları nəzərə alan siyasi konsepsiyaları olduqca mürəkkəb şərtlər daxilində formalaşdırmaq tələb olunurdu. Başqa sözlə ifadə etsək, 90-cı illərin əvvəllərində baş verən proseslər, yeni transformasiyalar müstəqil Azərbaycanın yeni doktrinasını, prioritetlərini müəyyənləşdirmək zərurətini ortaya cıxarmışdır. Müstəqil Azərbaycanın həm ideoloji, həm siyasi, həm də iqtisadi sferalarında mövcud problemləri müəyyənləşdirmək və həlli yollarını göstərmək isə ilk növbədə elmin vəzifəsi idi. Təəssüf ki, həmin illərdə Azərbaycan elminin düşdüyü ağır vəziyyət bu funksiyanı yerinə yetirməyə imkan vermirdi.

Respublikanın əksər elmtutumlu istehsal müəssisələrinin tamamilə dayanması və ya qismən təsərrüfat fəaliyyəti göstərməsi yerinə yetirilən elmi-tədqiqat işlərinin nəticələrinin istehsal prosesinə cəlb edilməsi sahəsində “elm-istehsalat” əlaqələrinin pozulması ilə nəticələnmişdir. Bir tərəfdən ümumilikdə ölkədə yaranmış maliyyə çətinlikləri ilə əlaqədar olaraq dövlətin elmi-texniki fəaliyyəti maliyyələşdirə bilmə-məsi, digər tərəfdən çoxmənbəli maliyyə mexanizminin formalaşmaması Azərbaycan elmində yaranmış problemləri daha da dərinləşdirmişdir. Bundan əlavə, elmi kadrların hazırlanması və istifadəsi, elmi əməyin bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq qiymətləndirilməsi, elmi nəticələrin tətbiqi, nəşriyyat fəaliyyətinin pozulması elmi potensialın zəifləməsinə səbəb olmuşdur. Təkcə bir faktı qeyd etmək istərdim ki, həmin illərdə elmin maddi-texniki bazasının gücləndirilməsi üçün bir ədəd də olsun avadanlıq alınmamışdı. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən ikinci dəfə Azərbaycanda hakimiyyətə gəldi və əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər tətbiq etməklə vəziyyəti əsaslı olaraq dəyişməyə nail oldu. Müstəqillik illərində Azərbaycan Milli Elmlər Akademiyası da ümummilli liderin növbəti hakimiyyətə gəlişi ilə tamamilə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Ötən əsrin 90-cı illərin əvvəllərində bəziləri Azərbaycanın intellektual beyin mərkəzi, müqəddəs elm məbədi olan Akademiyanı baglamaq istəyirdilər. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Akademiya məhvdən, milli intellektual potensial darmadağın olmaqdan qurtula bildi. O zaman Akademiyanı dağıtmaq istəyənlər buyurub gəlib bu salonda indi Azərbaycan alimlərinin, ziyalılarının ölkənin ictimai həyatındakı fəal iştirakına, dövlət quruculuğu işindəki əvəzolunmaz rollarına şahid ola bilərlər.

Xaricə üz tutan, uzaq düşən alimlərimiz Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra tədricən geri qayıtmağa başladılar. Elmlər Akademiyasının fəaliyyətində canlanma başladı, yeni istiqamətlər müəyyənləşdi. Ulu öndərin ilk görüşlərindən birini 1993-cü il sentyabrın 21-də Azərbaycan Respublikasının Elmlər Akademiyasında keçirməsi də təsadüfi deyildi. Həmin görüşdə Heydər Əliyevin söylədiklərinin bizcə, heç bir şərhə ehtiyacı yoxdur: “Mənə sədalar gəlir ki, Elmlər Akademiyasını, institutları dağıtmaq istəyirlər, elm ocaqlarına biganə münasibət var. Biz bunların hamısına son qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf etməlidir”. Həmin vaxt deyilmiş bu sözlər elm və təhsilin perspektivini cızdı və Heydər Əliyev doğrudan da vədlərini yerinə yetirib ən çətin şəraitdə yaşayan dövlətdə təhsil islahatlarının başlanğıcını qoydu. O islahatları reallaşdıranlar da elə Heydər Əliyevin 1969-1982-ci illərdə elm və kadr potensialının yüksəldilməsini təmin etmək üçün həyata keçirdiyi tədbirlər nəticəsində yetişmiş yüksək ixtisaslı elm və təhsil nümayəndələri idi. İkinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyevin elm və təhsil sahəsində atdığı addımlardan ən əsası 15 may 2001-ci il tarixli fərmanıdır. Həmin fərmanla Azərbaycan Elmlər Akademiyasına Milli Elmlər Akademiyası adı verilmiş və bununla da Akademiyanın elmimizin inkişafındakı rolu və nailiyyətləri rəsmən təsdiqlənmişdir.

1997-ci il yanvarın 31-də Heydər Əliyev Elmlər Akademiyasının aparıcı alimlər qrupunu qəbul edərək, elm sahəsində islahatların aparılmasının vacibliyini təsdiqləyib, Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını qəti olaraq müəyyənləşdirmişdir. Bu tarixi görüşdən başlayaraq, Milli Elmlər Akademiyasının Rəyasət Heyəti ulu öndərin tövsiyələrini rəhbər tutaraq Akademiyada islahatların aparılması, elmi-tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, elmi-təşkilati bazanın hazırlanması sahələrinə dair qərarlar qəbul etdi və tədbirlər həyata keçirdi. Eyni zamanda, “Elmin strateji inkişafı və Azərbaycanın Milli Elmlər Akademiyasında islahatlar” konsepsiyası hazırlandı.

Akademiya alimləri ilə keçirdiyi həmin görüş zamanı Heydər Əliyev Azərbaycan elmi qarşısında dayanan əsaslı problemlərə toxunmuş, onların aktuallığını əsaslandıraraq alimlərimizə Azərbaycan dövləti, xalqı üçün daha gərəkli strateji məsələlərlə məşğul olmağı tövsiyə etmiş, elmin inkişaf strategiyasının əsas müddəalarını irəli sürmüşdür. Humanitar elmlərin xüsusi əhəmiyyətə malik olduğunu vurğulayan ulu öndər ədəbiyyat, mədəniyyət tarixinin yazılması zəruriliyi barədə söhbət açmış, çoxəsrlik Azərbaycan tarixinin dərindən öyrənilməsinin və yüksək elmi prinsiplər əsasında şərhinin dövlət üçün mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırmışdır. Ulu öndərin həmin görüş zamanı dediyi: “Əlbəttə, müstəqil Azərbaycanda fizika, riyaziyyat, biologiya, kimya və başqa fənlərin hamısı inkişaf etməlidir. Ancaq bunların hərəsinin özünəməxsus çərçivəsi vardır. Amma tarix hər bir insan üçün yeniyetməlikdən başlayaraq lazımdır. O cümlədən mədəniyyətimizin, ədəbiyyatımızın, elmimizin tarixi lazımdır” - sözləri hər bir ziyalının, alimin fəaliyyət prinsipinə çevrilmişdir.

Ümummilli liderin 4 yanvar 2003-cü il tarixli fərmanı ilə AMEA-ya Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, Azərbaycan Respublikasındakı bütün elmi müəssisələrin və ali məktəblərin elmi-tədqiqat fəaliyyətini əlaqələndirən və istiqamətləndirən, Azərbaycan Respublikasını xarici ölkələrdə elmi və elmi-texniki fəaliyyət sahəsində təmsil edən ali dövlət elmi təşkilati statusunun verilməsi ilə milli müstəqillik mərhələsində də Akademiyanın fəaliyyət dairəsi xeyli genişləndirilmiş, onun səlahiyyətləri artırılmış, Azərbaycanda elmi-texniki potensialı qorumaq və inkişaf etdirmək, iqtisadiyyatı gücləndirmək, mədəniyyəti zənginləşdirmək, xalqın milli mənafeyini qorumaq baxımından Akademiya qarşısında mühüm vəzifələr qoyulmuşdur.

Heydər Əliyevin elm strategiyasından, dahi öndərin idarəçilik fəlsəfəsinin elmi əsaslarından bəhs edərkən Yeni Azərbaycan Partiyasının intellektual əsaslar üzərində təşkilini də xüsusi olaraq qeyd etmək lazımdır.

İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası 20 ildən artıq bir müddətdə müstəqil Azərbaycanla birgə addımlamış, onunla eyni uğur, nailiyyət, tərəqqi və inkişaf taleyi yaşamışdır! Partiya bu gün də Azərbaycanın sabaha uzanan yollarına işıq salmaqdadır! Bu da tamamilə təbiidir. Çünki tarixən böyük insanlar həmişə böyük əməllər sahibi olmuşlar. Onların yaratdıqları zamanın sınağından uğurla çıxaraq cəmiyyətin və bütövlükdə bəşəriyyətin tərəqqisinə xidmət etmişdir. Ulu öndər Heydər Əliyevin həyat fəaliyyəti bu ideyanın tam təsdiqidir.

Bir elm adamı olaraq qeyd etmək mənə çox xoşdur ki, Yeni Azərbaycan Partiyası hər şeydən öncə yeni Azərbaycan ziyalılığı modelini yarada bilmişdir. Həmin yanaşmaya görə, Azərbaycan ziyalısının intellektual potensialı ölkənin siyasi taleyində mühüm rol oynamalıdır. Tarixi kontekstdə bu reallığı düzgün qiymətləndirmək strateji aspektdə dahiyanə dərəcədə uzaqgörənlik idi. Yeni Azərbaycan Partiyasının, bütün digər xidmətləri ilə yanaşı, həyata keçirdiyi ən böyük missiyalardan biri Azərbaycan ziyalılarının cəmiyyətdəki ənənəvi nüfuzunun və ziyalılıqda varisliyin saxlanmasını təmin etməsidir. Yeni Azərbaycan Partiyası demək olar ki, ölkənin bütün qabaqcıl intellektual gücünü bir yerə toplamışdır. Yeni Azərbaycan Partiyasının üzvlərinin əksəriyyəti respublikamızın görkəmli alimləri, müəllimləri, həkimləri, mühəndisləri, bir sözlə, ziyalılarıdır. Bu fakt bizə tam əsas verir deyək ki, Yeni Azərbaycan Partiyası məhz intellektualların partiyasıdır! Azərbaycan alimlərinin, ziyalılarının böyük əksəriyyəti Yeni Azərbaycan Partiyasının avanqardı olaraq dövlət quruculuğunda yaxından iştirak edirlər. Bu, Heydər Əliyev ideyalarının ən böyük təntənəsidir. Heydər Əliyevin milli dövlət quruculuğunda elm siyasətindən danışarkən bu dövlətin elmi-ideoloji əsasları üzərində xüsusi dayanmaq lazımdır.

Heydər Əliyev bu ideologiyanı “Azərbaycançılıq” kimi formalaşdırmışdır. XIX əsrin ortalarında Azərbaycanın mütəfəkkir şəxsiyyətləri tərəfindən dəfələrlə gerçəkləşdirilməsinə cəhd olunan bu ideyalar XX əsrdə məhz Heydər Əliyevin miqyaslı fəaliyyəti nəticəsində nəzəri müstəvidən real sosial müstəviyə keçdi. Hələ ötən əsrin ortalarında, Azərbaycanın SSRİ-nin tərkibində olduğu dövrlərdə Heydər Əliyev həmin ideoloji çərçivələrin imkan verdiyi şəraitdə, hətta bəzən bu çərçivələri aşaraq Azərbaycançılıq ideologiyasının təməl prinsiplərinin əməli tətbiqi və bu ideyaların kütləviləşərək milli ideyaya çevrilməsi istiqamətində xeyli iş görmüşdür. Azərbaycan dilinin dövlət dili elan olunması, neçə-neçə şair və yazıçının, ziyalının təntənəli yubileylərinin keçirilməsi, əsərlərinin kütləvi nəşri, milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması istiqamətində mühüm addımlar, ictimai-humanitar düşüncədə milli müstəqillik ideyalarının formalaşması, hakim ideologiya ilə müqayisədə mərkəzdənqaçma meyllərinin incəsənətin bütün sahələrində güclənməsi, milli və demokratik ruhlu ziyalıların qorunması və s. özündə əks etdirən 70-ci illərin məşhur elmi-mədəni intibahı birbaşa Heydər Əliyevin adı ilə bağlıdır.

90-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycançılıq ideyası məhz dövlət quruculuğunun əsas ideologiyası səviyyəsinə qaldırıldı. Dövlət dilinin tətbiqi, latın əlifbasına əməli olaraq qayıdış, Füzulinin və “Kitabi-Dədə Qorqud”un yubileyləri, azərbaycanlıların dünya forumu ilə bağlı qərar və sərəncamlar, Azərbaycançılıq ideyasını daşıyan elm və sənət xadimlərinin dövlət qayğısı ilə əhatə olunması və s. neçə-neçə tədbirlər məhz bu məqsədə xidmət edən əməli addımlar idi.

Azərbaycançılıq dahi rəhbərin aşagıdakı tezisində özünün mükəmməl elmi ifadəsini tapmışdır: “Azərbaycançılıq hər şeydən əvvəl öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq deməkdir!”.

2003-cü ildən başlayaraq Azərbaycanda dövlət quruculuğu faktiki olaraq yeni səviyyəyə keçdi. Ölkədə bütün sahələr üzrə dövlət quruculuğu sona çatdırıldı. 2003-2008-ci illərdə Azərbaycan özünü tam təsdiq etdi. Bu, cəmiyyətin bütün sahələrində ciddi yeniləşmələri həyata keçirmək sayəsində mümkün oldu. Eyni zamanda, həmin proses 2008-ci ildən başlayaraq ölkənin modernləşməsinin yeni mərhələsinə keçilməsinə imkan yaratdı. Bununla da dövlət quruculuğu ilə cəmiyyətin yeniləşməsi prosesinin daha mükəmməl əlaqələr sisteminin formalaşması mərhələsinə qədəm qoyuldu.

Yeni mərhələdə Azərbaycanın Prezidenti İlham Əliyev, digər sahələrdə olduğu kimi, dövlətin elm siyasəti sahəsində də ümummilli lider Heydər Əliyevin ənənələrini davam etdirir. O, Azərbaycan milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmi potensialın qorunmasını, inkişaf etdirilməsini dövlət siyasətinin ən vacib istiqamətlərindən biri hesab edir. Bir il bundan öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən elan etmişdir ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Azərbaycan alimləri bu çağırışı özlərinin elmi fəaliyyətlərinin strateji hədəfi kimi qəbul edirlər. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər cür şərait vardır. İndi Akademiya bu istiqamətdə köklü islahatlar aparmaqdadır. 2020-ci ilədək konkret proqram əsasında AMEA-da idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi müəssisələrin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulur. Bu islahatların strateji məqsədi isə mövcud elmi-texniki potensialı qoruyub saxlamaq, onu milli dövlətçiliyimizin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına yönəldilməsidir. Alimlərimiz belə hesab edirlər ki, bu istiqamətdəki islahatlar həm elmi potensialdan milli dövlət quruculuğunda istifadə sahəsində, həm də birbaşa elm siyasəti sahəsində Heydər Əliyev ideyalarına ən böyük sədaqət nümunəsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR