Slimfit
  1. BİOQRAFİYA

Akif Əlizadə

Akif Əlizadə
Sakura

Akif Əlizadə - tədqiqatçı, geoloq

Akif Əlizadə (d. 25 fevral 1934) — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (2013)[1]; Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının sədri[2], Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü

Akif Əlizadə 25 fevral 1934-cü ildə tanınmış Azərbaycan həkimləri Ağamehdi və Əfşan xanım Əlizadələr ailəsində anadan olmuşdur. Bu məşhur azərbaycanlı ailəsi öz genetik kökləri ilə respublikanın bir çox görkəmli şəxsləri ilə bağlıdır. Onlardan Azərbaycan xalqının ən məşhur və sevilən seyidlərindən biri Ağa Seyidəli Mirmövsümzadəni, uzun müddət Bakı quberniyası Şiələr Məclisinin sədri, sonralar isə Azərbaycanın Şeyxülislamı kimi yüksək vəzifələri tutmuş görkəmli din xadimi Axund ağa Əlizadəni, Azərbaycan gənclərinin parlaq lideri Məsud Ağa Mehdi oğlu Əlizadəni və başqalarını göstərmək olar.

Orta məktəbi gümüş medalla bitirmiş gələcək akademik Azərbaycan Sənaye İnstitutuna daxil olur. Bu, heç də sadə qərar deyildi, çünki ailədə tibb istiqaməti müəyyənedici idi, gümüş medal sahibi isə o dövrlərdə ölkənin istənilən ali məktəbinə müsabiqəsiz daxil olmaq hüququna malik idi. Akif Əlizadə isə geologiyaya üstünlük verdi. Lakin tibb peşəsi ömrü boyu onun sevimli bir istiqaməti olaraq qaldı. Hələ ilk illərdən başlayaraq onun xarakterinin əsas cizgiləri uğursuzluqları dəf etməkdə mətinlik, qeyri-adi məqsədyönlülik, şəxsi intizam, bekarçılıq və nizamsızlığa qarşı dözümsüzlik formalaşmağa başladı.

Tələbə elmi cəmiyyətində fəal iştirakı, ciddi elmi işə həvəs göstərməsi ilə nəticələndi və sonralar seçdiyi bilik sahəsində yeni, hələ öyrənilməmiş məsələlərə can atması gələcək müqəddəratını müəyyən etdi. Məhz buna görə də institutu bitirərək neft mədənlərində quyuların tədqiqi üzrə texnik vəzifəsinin icrasına başlasa da, yenidən elmə qayıtdı. 1957-ci ildə Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutuna işə qəbul edildi. İnstitut həmişəlik fəaliyyət məkanına çevrildi.

 

Elmi fəaliyyəti

Akif Əlizadənin bir alim kimi inkişafı Azərbaycan geologiyasının qızıl dövrünə təsadüf edir. Azərbaycanda geologiya elmi 60-70-ci illərdə özünün inkişaf zirvəsinə yüksəlmişdi. Bu zaman bir neçə geoloq nəslinin səyi nəticəsində regionun geoloji quruluşunun və təkamülinin əsas cizgiləri müəyyən edilmişdi. Bu fundamental nailiyyətlər bazasında Azərbaycan geoloqları tərəfindən uzun illər ərzində respublika iqtisadiyyatının sabit inkişafını təmin edə biləcək neft və qaz, polimetal və filiz, qeyri-metal faydalı qazıntı yataqları kəşf edilmişdir. Bundan əlavə, son onillikdə neft sənayesinin yüksəlişi və bir qədər gecikmiş olsa da, filiz sənayesinin dirçəlişi – bütün bunlar o dövrün geoloqlarının əməyinin bəhrəsidir. Həmin dövrdə Azərbaycanda geologiya və geofizika sahəsində elmi və pedaqoji məktəblər də formalaşmışdı. Elmin sürətli inkişafı gənc alim üçün olduqca əlverişli şərait yaratmışdı. Ardıcıl olaraq əvvəlcə elmlər namizədi, 35 yaşında isə doktorluq dissertasiyası müdafiə etmiş A.Əlizadə SSRİ-də ən gənc yüksək ixtisaslı mütəxəssislərdən biri və Azərbaycan Elmlər Akademiyası sistemində ən cavan direktor müavini olmuşdur.

Bir alim kimi Akif Əlizadənin elmi maraq dairəsi regional geologiya, təbaşir çöküntülərinin stratiqrafiyası, təbaşir dövrünün mollüska faunası kompleksi haqqında təlim, Aralıq dənizi vilayətinin təbaşir onurğasızlar faunasına görə paleobiocoğrafiyası, müxtəlif mollüska qruplarının ümumi təkamül yollarının bərpası kimi problem məsələləri əhatə edir. Fiziki-kimyəvi üsulların ənənəvi paleontologiya və stratiqrafiyaya tətbiqinin vacibliyini dərk edən alim ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq izotop geokimyası üsullarının tətbiqi ilə ilk tədqiqat işləri aparmış, Qafqazda təbaşir dənizlərinin biogeokimyəvi rayonlaşdırılmasını təklif etmiş, qədim dənizlərin və paleohövzələrin geokimyəvi şəraitini, o cümlədən temperatur rejimini öyrənmişdir.

Akif Əlizadənin adı dünya elmi ictimaiyyətinə yaxşı tanışdır. O, 1960-cı ildən Ümumittifaq paleontoloji cəmiyyətin üzvü, Qafqaz regional stratiqrafik komissiyanın sədri, SSRİ EA biosfera problemləri üzrə elmi şuranın üzvüdür. Onun orijinal tədqiqatlarının nəticələri yüksək qiymətləndirilmiş, onların çox hissəsi dərslik və dərs vəsaitlərinə daxil edilmişdir. Elm aləmi Azərbaycan aliminin xidmətlərinə yüksək qiymət vermiş, belemnitlərin yeni ailəsi ("Akifibelidlər") onun adıyla adlandırılmışdır. Bu, paleontoloq üçün böyük şərəfdir.

Akif Əlizadənin çoxsaylı fəaliyyətini şərti olaraq iki mərhələyə ayırmaq olar – 1990-cı illərdən əvvəlki və sonrakı dövrlər. Birinci dövr keçmiş SSRİ-də bir çox alim və elmi rəhbərlərə xas olan tipik inkişaf yolu olub formalaşmış elmi məktəblər çərçivəsində aktiv yaradıcılıq fəaliyyəti, dissertasiya müdafiəsi və elmi-təşkilatı işlərlə səciyyələnir. Bunlar bir-birini tamamlayaraq alim və təşkilatçının bütöv simasını müəyyən edirdi. Hərçənd ki, elmi-təşkilatı karyerada onun fəaliyyəti heç də həmişə asan olmamışdır. Geologiya İnstitutu Akif Əlizadənin rəhbərliyi dövründə (əvvəl 1970-ci ildən direktor müavini, 1976-cı ildən isə direktor kimi) Azərbaycan EA sistemində aparıcı elmi mərkəzlərindən birinə çevrildi. İnstitutun elmi fəaliyyətinin effektivliyi o dövrdəki ənənəvi göstəricilərə – namizədlik və doktorluq dissertasiyalarının, monoqrafik əsərlərin, keçici bayraqların sayına görə kifayət qədər yüksək olmuşdur. Onlarla gənc tədqiqatçı SSRİ-nin aparıcı elmi mərkəzlərinə məqsədli aspirantura və doktoranturaya ezam edilirdi. İnstitut sürətlə beynəlxalq səviyyəyə çıxırdı, dəniz və okeanların öyrənilməsi üzrə beynəlxalq okeanoloji ekspedisiyalarda iştirak edirdi.

Geologiya İnstitutunun alimləri bir sıra geoloji istiqamətlər üzrə, o cümlədən palçıq vulkanizmi və dərinlikdə yatan neft-qaz yataqlarının formalaşmasının öyrənilməsi sahəsində dünya elmində aparıcı yerlər tuturdular. Geologiya İnstitutunun alimləri dünyada ilk dəfə olaraq dəniz və okeanların su qatında submarin qazohidratları və qazları aşkar etmiş və öyrənmişlər. Nəhayət, başqa zamanlar – mürəkkəb və ziddiyyətli 90-cı illər gəldi. Maliyyələşdirmənin tamamilə kəsilməsi, ümumi ənənəvi əlaqələrin, o cümlədən elm məkanında əlaqələrin pozulması, ən qabiliyyətli, bacarıqlı kadrların biznesə, xarici neft şirkətlərinə axını, sadəcə, qazanc dalınca getməsi institutu real dağılma həddinə gətirib çıxartdı. Digər tərəfdən, bu, bir sürpriz oldu, institutun dünya elmindəki yeri hec də onun əldə etdiyi real nailiyyətlərə uyğun gəlmirdi və buna da informasiyanın zəif olması və xarici həmkarlarımız tərəfindən kifayət qədər tanınmaması səbəb olmuşdu. Həmin məqamda gələcək fəaliyyət istiqaməti düzgün seçildi və bu yolun seçilməsi sonralar özünü doğrultdu: dünya elminə sürətli inteqrasiya, qabaqcıl texnologiya və metodlara yiyələnmə, kadrların hazırlanması və təkmilləşdirilməsi.

1994-cü ildə Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Bu müqavilə uzun illər ərzində Azərbaycanın inkişafının bütün sahələrini əhatə etməklə oriyentir oldu. Hazırda bu strateji kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Həmin mürəkkəb illərdə akademik Akif Əlizadə yeganə şansdan məharətlə istifadə etdi. Simvolik əməkhaqqı ilə dünyanın elm "bazarı"nın yeni şəraitində çalışa bilən istedadlı komandanın fəaliyyətini təşkil və təmin etməyi bacardı.

O illərdə neft geologiyası və geokimyası institutu maliyyə, kadr və mənəvi böhrandan tədricən çəkib çıxaran lokomativ rolunu oynadı. Həmin elmi istiqamətin ardınca üçüncü dövr stratiqrafiya və paleontologiyası, struktur və regional geologiya istiqamətləri böyük fayda gətirdi. Bu dövrdə eksperimental baza haqqında düşünmək real olmadığı üçün əsas diqqət kompüterləşdirməyə və informasiyalı texnologiyalara, xüsusilə də, şərikli elmi tədqiqatların maksimal inkişafına yönəldilmişdi. Belə islahatların aparılması çox böyük təşkilatçılıq məharəti tələb edirdi. Fasiləsiz təmaslar, görüşlər, onlarla ölkəyə səfər, çoxsaylı konfranslarda iştirak – bunlar Geologiya İnstitutu direktorunun böyük təşkilatçılıq işinin yalnız bir hissəsidir. Nəticə uğurludur. Son on il ərzində dünyanın aparıcı neft şirkətlərinin elmi mərkəzləri ilə birlikdə 50-dən artıq elmi-tədqiqat işi yerinə yetirmişdir.

Eyni zamanda, kadr hazırlığı və qabaqcıl texnologiyalara yiylənmək məsələləri həll edilirdi. Cənubi Karolina, Yuta və digər universitetlərə pesrpektivli gənc kadrlar uzunmüdətli ezamiyyətə göndərilir, xarici universitetlərin aparıcı alimləri Geologiya İnstitutuna dəvət olunurdu. Bu, təbii olaraq institutun çox da böyük olmayan maliyyə resurslarına təsir göstərirdi. İnstitut 15 il ərzində, elə indi də büdcədənkənar vəsaitlərlə öz tədqiqatlarını təmin edir. Yeni maliyyə imkanları axtarıb tapmaq və ən başlıcası, onları optimal bölüşdürmək məsələsini "kiçik bir möcüzə" adlandırmaq olar. Xarici neft şirkətləri elmi mərkəzlərinin əməkdaşları ilə əlaqələrin genişlənməsi xarici ölkə universitetləri ilə əməkdaşlığı kəskin sürətdə aktivləşdirir. Bu, Azərbaycan alim-geoloqlarının beynəlxalq nüfuzunun yüksəlməsi və onların dünya elmi ictimaiyyətində statusunun xeyli artması deməkdir. Geologiya İnstitutu Azərbaycan elmi müəssisələri sırasında ən çox qrant qazanan liderdir. İnstitut "Soros", "İNTAS", "NATO", "CRDF", "KOPERNİCUS" kimi məşhur fondlar, Ukrayna Elmi Fondu, Amerika Milli Elmi Fondu ilə qarşılıqlı maraq əsasında fəaliyyət göstərir və işləyir. Partnyorların coğrafiyası qeyri-adi dərəcədə genişlənmişdir. Bunlar Böyük Britaniyanın Kembric, Aberdin universitetləri, ABŞ-in Cənubi Karolina, Yuta, Vayominq, Merilend, Kaliforniya universitetləri, Massaçusets Texnoloji İnstitutu və bir çox başqaları, Pyer və Mari Küri Universiteti, Neft İnstitutu (Fransa), Karlsrue, Hannover universitetləri (Almaniya), Moskva Dövlət Universiteti (Rusiya), Delft (Niderland), İstanbul (Türkiyə) universitetləri və başqalarıdır.

MDB ölkələri və Sakit okean regionu alimləri ilə əməkdaşlıq aktivləşdirilir, əlaqələr bərpa etdirilir. Yaponiya Milli Şirkəti, Cənubi Koreya institutları (KİQAM), Çanq-Konq (Tayvan) Universiteti, İndoneziya Milli Neft Şirkəti ilə müştərək işlərin aparılması İnstitutun fəaliyyətinin yeni mərhələsi ilə əlamətdardır. İndi cəsarətlə demək olar ki, institutun şöhrəti təkcə milli və regional səviyyədə deyil, o, artıq bu sahədə, sözsüz, liderdir və bir sıra elmi istiqamətlər üzrə regionun sərhədlərini aşmışdır.

Yüksək texnologiyalar sahəsində dünyada lider olan Massaçusets Texnologiyalar İnstitutu ilə birlikdə 10 ildən artıq müddətdə kosmik geodeziya vasitəsilə Qafqaz, Yaxın və Orta Şərq, Orta Asiya regionunda iri blokların hərəkət sürətinin və istiqamətinin öyrənilməsi üzrə işlər aparılmışdır. Bu işlər nəticəsində əldə edilmiş məlumatlar dünyanın ən nüfuzlu elmi jurnallarında çap olunmuş, beynəlxalq konqres və konfranslarda məruzə edilmişdir. Bu məlumatlar bu gün geologiya sahəsində ən çox sitat gətirilən və tələb olunan elmi işlərdir. İnstitut geologiya elminin fundamental istiqamətləri ilə yanaşı, respublikanın mühüm iqtisadi inkişaf problemlərinin həllində də fəal iştirak edir.

Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş üç kompleksli elmi-texniki proqram bu gün İnstitutun fəaliyyətinin prioritet istiqamətidir. Bunlardan biri, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunmasına yönələrək karbohidrogen potensialının və regionda müasir geodinamik vəziyyətin qiymətləndirilməsi, ikincisi, mineral xammalın çıxarılmasında ekoloji təhlükəsiz texnologiyaların işlənib hazırlanması, üçüncüsü, Azərbaycanda geoloji müxtəlifliyin və təbiət abidələrinin qorunub saxlanılmasıdır.

Akif Əlizadənin rəhbərliyi ilə yaradılmış və nəşr edilmiş səkkiz cildlik unikal fundamental əsərlər – "Azərbaycan geologiyası", habelə ensiklopedik "Azərbaycanın mineralları" atlası öz elmi və maarifləndirici əhəmiyyətini on illərlə qoruyub saxlayacaqdır.

İnstitut müntəzəm olaraq respublika elmi-geoloji seminarlar, gənc alimlərin müsabiqə və konfranslarını keçirir. Bu konfranslar təcrübi baxımdan gənc alimlərin respublikada geologiya və geofizika sahəsində apardıqları elmi işlərin nəticələrinin mübadiləsi üçün yeganə forumdur.

H.Zərdabi adına Təbiət Tarixi Muzeyi direktorun xüsusi diqqət və qayğı obyektidir. Muzeyin qorunub saxlanılması və fəaliyyət göstərməsi, ayrıca büdcə maliyyəsi olmadan paleontoloji və mineraloji kolleksiyaların toplanması və yeniləri ilə zənginləşdirilməsi kimi işlər mübaliğəsiz demək olar ki, akademik Akif Əlizadənin fədakarlığının bəhrəsidir. Bu qəbildən məşhur Britaniya Təbiət Tarixi Muzeyində yüz minlərlə insanın iki il ərzində gəldiyi "Müqəddəs odlar ölkəsi" sərgisinin təşkili və fəaliyyətini də göstərmək olar.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışan Akif Əlizadə respublika miqyasında mühüm elmi-təşkilatı məsələləri həll edir. Mübaliğəsiz demək olar ki, o, Azərbaycanda geologiya elmini xilas etmiş, qorumuş və zənginləşdirmişdir.

 

Məqalələri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR