Akademik Akif Əlizadə elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüşüb
AMEA Rəyasət Heyətində elmi istiqamətlər üzrə elmi şuraların sədrləri ilə görüş keçirilib. Tədbirdə AMEA-nın vitse-prezidentləri, AMEA-nın akademik-katibi, elmi istiqamətlər üzrə elmi şuraların sədrləri və elmi tədqiqatların koordinasiyası işinə məsul olan şəxslər iştirak ediblər.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, akademiyada uzun illər fəaliyyət göstərən elmi şuraların əsas məqsədi elmin inkişafı ilə bağlı qəbul edilən qərarların icrasını həyata keçirmək, yeni, yüksəkixtisaslı kadrlar hazırlamaq, prioritet elmi istiqamətləri formalaşdırmaq olub.
Alimin sözlərinə görə, hazırda elmi-tədqiqat işlərinin əlaqələndirilməsi, müxtəlif elmi strukturların birgə elmi tədqiqatlara cəlb edilməsi və onların işinin müasir səviyyədə təşkilini nəzərdə tutan elmi şuraların yeni fəaliyyət planlarının hazırlanmasına dair işlər davam etdirilir.
A.Əlizadə ötən il Nazirlər Kabinetinin qərarı ilə yaradılan Azərbaycan Respublikasının Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının qarşısında duran əsas vəzifələri xatırladıb. Bu vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə elmi istiqamətlər üzrə elmi şuraların yaradıldığını və onların sədrlərinin təyin edildiyini nəzərə çatdırıb. Alim bundan sonra elmi şuraların 40-a yaxın yeni elmi istiqamətdə fəaliyyət göstərəcəyini deyərək, bu istiqamətlər üzrə daha səmərəli nəticələrin əldə edilməsi məqsədilə elmi şuralara müəyyən tapşırıqlar verib.
AMEA rəhbəri elmi mövzuların, aktual elmi problemlərin müvafiq istiqamətdə fəaliyyət göstərən elmi şuralarda müzakirə olunmasının vacibliyini qeyd edib: “Hər bir mövzu seçilərkən onun yeniliyinə, aktuallığına və elmi əhəmiyyətinə diqqət yetirilməlidir. Bu məsələdə məsul şəxslər fəal olmalı, yeni təkliflər verməli, hər bir elmi işə məsuliyyətlə yanaşmalıdırlar.”
Alim Azərbaycan elminin dünya elminin tələblərinə cavab verməsi üçün aktual, prioritet istiqamətlərdə araşdırmaların aparılmasının vacibliyini vurğulayıb, elmi şuralarda bu məsələ ilə bağlı geniş müzakirələrin aparılmasının məqsədəuyğun olduğunu deyib.
A.Əlizadə onu da əlavə edib ki, hazırda AMEA-nın iştirakı ilə ölkəmizdə fəaliyyət göstərən elmi müəssisələrin akkreditasiyası haqqında əsasnamənin layihəsi hazırlanır.
Sonra akademik Əhliman Əmiraslanov, akademik Kamal Abdulla, akademik İradə Hüseynova, akademik Rafael Hüseynov, AMEA-nın müxbir üzvü Bilal Bilalov, akademik Şahin Mustafayev, AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın müxbir üzvü Akif Musayev və AMEA-nın müxbir üzvü Nuru Bayramov çıxış ediblər. İclasda dissertasiya mövzularından ibarət olan elekrton məlumat bazasının hazırlanması, şuraların veb-saytlarının yaradılması, respublikanın elmi tədqiqat və ali təhsil müəssisələrində elmi tədqiqatların əlaqələndirilməsi, elmi tədqiqatlarda təkrarçılığın aradan qaldırılması kimi məsələlər müzakirə olunub.
Həmçinin, elmi şuraların tərkibinin formalaşdırılmasına, elmi şuraların nümunəvi əsasnaməsinin layihəsinin təsdiq olunmasına və elmi şuraların gələcək fəaliyyətinin təşkilinə dair fikir mübadiləsi aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət