Ailə qurmağın səbəbi, məqsədi, faydası və vaxtı
Hər kəs icdivaca girmək (ailə qurmaq) istəyirsə, gərək Allah-Təalanın buyruğunu yerinə yetirmək niyyəti ilə bunu həyata keçirsin. Necə ki, İmam Səccad (ə) buyurub: «Hər kəs Allah xatirinə və qohumluq əlaqələrini möhkəmləndirmək, inkişaf etdirmək məqsədi ilə izdivaca girərsə, Allah-təala onun başına padşahlıq tacı qoyar».
Bir şəxsin izdivacı halal yol və halal mal ilə baş tutsa belə, ilahi məqsəd daşımasa, bu cür ailə qurluşu səmərəsiz olar. Necə ki, Peyğəmbər-Əkrəm (s) buyurur: «Hər kəs halal yol və halal mal ilə bir qadınla evlənsə və məqsədi özünü başqasına göstərmək, nümayiş etdirmək olsa, Allah-Təalanın nəzərində bu izdivac əhəmiyyətsiz və mənasız sayılar. Həmcinin, əgər izdivac gələcək həyat yoldaşının malına və gözəlliyinə görə olsa, bu nigah da təqdirəlayiq deyil. Hər kim qadınla mal-dövlətinə görə evlənmiş olsa, Allah-Təala onu həmin mal-dövlətə həsrət qoyar. Hər kim bir qadınla gözəlliyinə görə evlənmiş olsa, xoşu gəlmədiyi xasiyyətiləri onda görər və əgər bir qadınla dininə görə evlənmiş olsa, Allah bütün bu nemətləri onlar üçün yetirər».
Məqsədi
Evlənməyin, ailə qurmağın müxtəlif məqsədləri var. O cümlədən:
1. Nəsil artırmaq:
Quranın «Nəhl» sürəsi 72-ci ayəsində Allah-Təala buyurur: «Allah sizin icərinizdən özünüzə zövcələr (taylar) qərar verib. Bu zövcələrdən sizin üçün övlad və nəvə-nəticə vücuda gətirib. Pak nemətlərdən sizin üçün ruzi yetirib.»
Peyğəmbər-Əkrəm (s) buyurur: «Evlənin, ta ki, nəslinizi artırasınız. Qiyamət günü çoxluğunuz üçün sizinlə fəxr edəcəyəm. Hətta ölü dünyaya gələn uşaqlarla ki, onlar behiştin qapısında dayanıb deyəcəklər: bizdən əvvəl ata-anamız gərək behiştə daxil olsunlar».
2. Ruhi aramlıq:
Mübarək «Rum» surəsinin 21-ci ayəsndə buyurulur: «Sizin özünüzdən sizlər üçün taylar yaratmış ki, onlarla rahatlıq tapasınız.»
3. Cinsi tələbatın təminatçısı.
Rəsuli-Xuda buyurub: «Əgər bakirə qızlar qadınların hiss etdiyini dərk edirlərsə, onlar üçün ən yaxşı çarə ərə getməkdir, əks təqdirdə bəşəriyyət fəsaddan əmin-amanlıqda olmaz. Onlar yetişmiş meyvə kimidirlər, dərilməsə, gün onu xarab edər, ya da düşüb məhv olar».
Həzrət Əli (ə) buyurub: «O zaman ki, zövcənizlə əlaqədə oldunuz onları tələsdirməyin, çünki onların öz tələbatıları var».
Faydası
İzdivac insanların mənəvi və maddi faydalarının əsasını, bünövrəsini təşkil edir.
Peyğəmbər-Əkrəm (s) buyurur:
- Hər kim evlənirsə, o, dinin yarısını qorumuş olur, dinin qalan ikinci yarısını qorumaq üçün Allahdan qorxusun.
- Hər kəs evlənib ailə qursa, ibadətin yarısı ona bağışlanır.
- Hər kəs Allahı sevir və onun dərgahına pak və pakizə halda getmək istəyirsə, ailə qursun. (Yəni ailə qurmaq Allahın razılığını əldə etməkdir).
- Subay oğlan və qızları evləndirin, çünki Allah-Təala onları xoşəxlaq edir, onlara ruzi yetirir, şərəf və ləyaqətlərini artırır.
- Özünüz üçün həyat yoldaşı seçin və evlənin, Allah sizə ruzi verər.
İmam Baqir (ə) Həzrət Peyğəmbərdən (s) rəvayət edir: «Möminin evlənməsinə nə mane ola bilər, bir halda ki, Allah yer üzərində ona övlad əta edər ki, «la ilahə illəllah» desin».
Vaxtı
Həm oğlanlar, həm də qızlar yeniyetmə mərhələsinin əvvəllərində kifayət qədər inkişafa və zəkaya malik olmurlar. Bu baxımdan həmin mərhələdə həyata keçirilən izdivacda müəyyən çətinliklərlə, problemlərlə üzləşməli olurlar. Bundan əlavə, həddi-buluğa çatmaq mərhələsinin ilkin iki və ya üç ilində cinsi instinkt tam oyanmır, cavanlara o qədər də təzyiq göstərmir. Bütün bunlara uyğun olaraq qeyd etmək lazımdır ki, oğlanlarda və qızlarda izdivac üçün ən münasib yaş həddi onların dünyanı dərk edib, ailə məsuliyyətini başa düşdükləri vaxtdır. Ancaq evlənmək o qədər də təxirə salınmamalıdır ki, cismani, ruhi və ya ictimai fəsadlara gətirib çıxarmasın. Cinsi instinkt tamamilə oyandıqda, bütün var gücü ilə təhrik edir və cavanı öz təzyiqi altında saxlayır. Cinsi tələbat insanın suya və ya qidaya olan tələbatı kimidir. Məgər hər hansı bir ac və ya susuz adama "yemə" və ya "içmə" demək mümkündürmü? Başqa bir iş, məsələn, idman, əyləncə və ya hər hansı bir oyun növü insanın bu tələbatlarını ödəyə bilərmi? Cinsi ehtiyac bəlkə də aclıq və susuzluqdan daha şiddətli, daha qüvvətli ehtiyacdır. Və əgər bu təbii tələbat icazə verilmiş yolla təmin edilməzsə, onda həmin hisslər, həmin tələbat insanı qadağan edilmiş yollarla və ya günah işlətməyə sövq edirə bilər. Belə olduğda təqdirdə, onun qarşısını almaq çox çətindir. Gəncin bu yasaq edilmiş yollardan çəkindirilməsi də inam, etiqad, həya və əxlaqi təmizlik yolları ilə həyata keçirilməlidir. Əks təqdirdə, xeyli günahlara bata bilər. Amma bütün bunlara baxmayaraq, gəncdə elə bir mərhələ yetişir ki, artıq bu cinsi instinktin qarşısının alınması qeyri-mümkün olur. Və bu halda, yəni müəyyən yaş həddində izdivacdan savayı başqa bir yol qalmır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət