“Bəzi informasiyalar uşaqlarda narkotikə meyl yaradır”.
“Bəzi informasiyalar uşaqlarda narkotikə meyl yaradır”.
27 saylı Sabunçu II seçki dairəsindən seçilmiş deputat Dilarə Cəbrayılovanın AzNews.az-a müsahibəsi
- Dilarə xanım, 2018-ci ilin geridə qalan dövrü ərzində ölkəmizdə bir sıra mühüm tədbirlər keçirildi. Bu tədbirlərdən biri də Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı xüsusi iclasın keçirilməsi idi. Bir millət vəkili kimi bununla bağlı nə deyə bilərsiniz?
- Xüsusi iclasda iştirak etmək bir millət vəkili kimi məndə yüksək qürur hissi yaratdı. İclasda cənab Prezidentin Azərbaycan Parlamenti ilə bağlı dediyi xoş sözlər biz millət vəkillərinin fəaliyyətinə stimul vermiş oldu. Mən onu bildirmək istəyirəm ki, AXC-nin yaranması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşımızın formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib. Bu gün Azərbaycan Respublikası AXC-nin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini uğurla həyata keçirir və sürətlə inkişaf edir. Müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə inteqrasiya yolunu uğurla keçib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentin rəhbərliyi ilə Azərbaycan çox sürətlə inkişaf edərək iqtisadi inkişaf sürətinə görə dünyada lider dövlətlərdən birinə çevrilib. Sonda onu qeyd edim ki, bu təntənəli, xüsusi iclasın keçirilməsi, iclasda parlament sədrlərinin, parlament sədrləri müavinlərinin rəhbərliyi ilə xarici ölkələrdən çoxsaylı nümayəndə heyətlərinin, bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı böyük siyasi əhəmiyyət daşıyır və Azərbaycanın yüksək beynəlxalq nüfuzundan xəbər verir.
- Bu arada parlamentin payız sessiyası başladı. Təmsil olunduğunuz Ailə, qadın və uşaq məsələləri komitəsi hansı işləri planlaşdırır?
- Komitədə payız sessiyasındə görüləcək işlərlə bağlı iclas keçirilib. Komitə sədri bu yöndə geniş məlumat verib. İş planı təsdiq edilib.
- Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında 6 mart 2018-ci il tarixində Milli Məclisə daxil olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşa çıxarılması gözlənilir. Qanunda nə kimi yeniliklər nəzərdə tutulub?
- İlk öncə onu qeyd edim ki, qanun uşaqların sağlam böyüməsi, onların psixi, fiziki, sosial inkişafına ziyan vuran informasiya məhsullarından müdafiə olunması sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Sənəddə qeyd edilir ki, ölkə ərazisində istehsal olunan kompüter və digər elektron oyunların işarələnməsi satışa çıxarılmazdan, istehlakçıya təqdim edilməzdən və ya şəbəkəyə yerləşdirilməzdən əvvəl həyata keçirilməlidir. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət, istirahət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhəddindən yüz əlli metrdən az olan məsafədə yayılmasına yol verilmir.
- Milli Məclisin iclaslarında, KİV-lərdə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı bir sıra fikirlər səsləndirmisiniz. Sizcə, qanunun qəbulu bu sahədə olan çatışmazlıqları aradan qaldıra biləcəkmi?
- Ümumiyyətlə, informasiya-kommunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsinin həm müsbət, həm də mənfi təsiri var. Ancaq çox təəssüf olsun ki, bu təsirlərin ümumi çəkisində mənfi sindromlar üstünlük təşkil edir. Bu baxımdan informasiya resurslarının imkanlarından doğru istifadə olunmalıdır. Qanun uşaqları onların psixologiyasına zərər verən informasiyalardan qorumaq istiqamətində əməli addımların atılması baxımından böyük əhəmiyyətə malikdir. Bu məsələdə KİV-in də üzərinə böyük yük düşür. Bir məsələni deyim: xəbər saytları durmadan intihar halları barədə məlumatları işıqlandırır. Bəzi informasiyalar isə uşaqlarda narkotikə meyl yaradır. Bəzən hansısa TV-də uşağın üzünü örtməklə onun haqqında elə geniş məlumatlar verirlər ki, onun ailəsi həmin uşağa görə yaşayış yerini dəyişməyə məcbur olur. Buna görə də belə məsələlərlə bağlı çox diqqətli olmaq lazımdır.
- TV-lərdən söz düşmüşkən, yerli kanallara baxırsınız?
- İndi elə bir şərait yaranıb ki, ailə ilə birgə asudə vaxtını TV qarşısında keçirmək mümkün deyil. Bəzi TV-lərdə bayağı verlişlər, yersiz seriallar yayımlanır. Komediya kinolarına baxırsan, olduqca bayağıdır. Gülüş var. Ancaq bu gülüş düşündürücü deyil.
- Bütün bunların qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
- Problemi birdəflik aradan qaldırmaq mümkün deyil. Bunun üçün müəyyən cəzalar tətbiq olunmalıdır. Daha sonra ictimai qınaq olmalıdır. Bütün bu işlər isə kompeks həyata keçirilməlidir. Sosial şəbəkələr kimi TV-lər də hər bir ailəyə asanlıqla daxil ola, orda öz təbliğatını qura bilir.
- Dilarə xanım, ölkəmizdə uşaq hüquqlarının qorunması işində də sistemli fəaliyyət göz önündədir. Uşaq hüquqlarının daha da təkmilləşdirilməsi üçün hansı addımlar atılmalıdır?
- Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı mütəmadi addımlar atılır. Ölkə parlamenti tərəfindən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilmsi prosesi həyata keçirilir. Uşaq psixologiyası və tərbiyəsinə ziyan vuracaq pis vərdişlərin təlqin olunmaması məqsədi ilə "Uşaqların hüquqları haqqında" qanuna dəyişiklik edilib. Bu məqsədlə "Uşaqların hüquqları haqqında" qanuna "Reklamda uşaqların müdafiəsi" adlı yarımbaşlıq əlavə olunub. Bu, eyni zamanda, "Reklam haqqında" qanuna uyğunlaşdırılma məqsədi daşıyır. "Reklamda uşaqların müdafiəsi" yarımbaşlıqlı əlavəyə gəlincə, burada uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirlərin qarşısını almaq məqsədi ilə bir sıra qadağalar nəzərdə tutulub. Belə ki, valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi; başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması; həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə; uşaqlara aid olmayan əmtəənin onlar üçün nəzərdə tutulan reklamlarda yerləşdirilməsi; yayımlanan reklamalrda uşaqların maraqlarına zərbə vuran ünsürlərdən istifadə olunması; uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi kimi əlavələr qanunda öz əksini tapıb. Bəzi hallarda uşaqların valideynlərdən uzaq düşməsi onların psixologiyasına mıənfi təsir göstərir. Rəqəmsal mühitdə formalaşan uşaq daha çox texnikaya meyilli olur. Bu da istər-istəməz onun valideynlərindən uzaq qalmasına səbəb olur. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, bu cür uşaqlarda psixoloji problemlər əmələ gəlir və onlar daha tez depressiyaya düşürlər. Bütün bunların qarşısını almaq üçün təhsil ocaqlarında valideynlərin maarifləndirilməsi yönümündə çox ciddi iş aparılmalıdır. Burada valideynlər uşaqlarla sıx təmasda olmalıdırlar. Belə olan halda, dediyimiz depressiya və uşaqlarda texnikaların yaratdığı digər neqativ hallar aradan qaldırılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət