Ağdamda İran istehsalı olan minaatan mərmiləri aşkarlandı
Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam rayonu, Zəngişalı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis şöbəsinin və Səhiyyə Nazirliyinin Ağdam rayon Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində iki ədəd İran istehsalı 81 mm-lik minaatan mərmisi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək, Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Əməliyyat-axtarış tədbirləri növbəti gün davam etdiriləcək.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət