Slimfit
  1. AZƏRBAYCAN

Ağdam

Ağdam
Sakura

Ağdam — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər

Ağdam — Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində şəhər.

1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

 

Tarixi

Etimologiya

Ağdam adının mənşəyi haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələrə görə, "Ağdam" sözü qədim türk dilində "kiçik qala" deməkdir. Bu versiyaya görə, uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişmişdir. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının yaradıcısı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr vermişdir.Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ oriyentirə çevrilmişdir. Bu mənada, "Ağdam" – günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

 

Gerbi

XVII-XIX əsrlər

Şəhərin rəsmi olaraq salınması bəzi mənbələrdə 1741-ci il, bəzilərində isə 1752-ci il kimi qeyd olunur.

1828-ci ildə Ağdama şəhər statusu verilmişdir.

 

XX əsr

1918-ci ilin oktyabrın 1-də türk generalı Nuru Paşa Ağdama gəlmişdir. Onları qarşılamaq üçün qara çərkəzi geyimdə olan yerli gənclərdən ibarət 30 nəfərlik fəxri qarovul göndərildi. Şəhərin girişində məktəblilərdən ibarət orkestrlə bərabər yerli könüllü hissələr dayanmışdı. Birinci zəfər qapısı yanında isə ruhanilər və beynəlmiləl komitə üzvləri əllərində şəhərin açarlarını tutmuşdular. Səhər saat 10-da qoşunlar aşağıdakı tərkibdə şəhərə daxil oldular: qabaqda süvarilər, arxasınca topçular və pulemyotçular. Qoşunların arxasınca isə Qaladərəsi qəhrəmanları Sultan bəy və İldırım bəy Qarabağ süvariləri ilə hərəkət edirdilər.Nuru Paşa Ağdamda Azərbaycan bayrağını qaldırıb, Şuşaya doğru hərəkət eləmişdir.

Qarabağ müharibəsindən əvvəl şəhərdə səkkiz xəstəxana fəaliyyət göstərirdi.

Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək məqsədilə 1988-ci ilin fevral ayından başladığı müharibəyə Ağdam rayonu da cəlb olunmuş, hadisələrin ilk günlərindən ən böyük ağırlıq Ağdam rayonunun üzərinə düşmüşdür. 1988-ci ilin son aylarında Ermənistandan və daha sonra isə Dağlıq Qarabağdan qovulub çıxarılan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna gətirilmişdi. 1993-cü il iyulun 4-də erməni qüvvələri artilleriya ilə Ağdamı bombalamış, şəhərin əksər hissəsini məhv etmişdilər və bunun nəticəsində, əsgərlərlər və mülki vətəndaşlar şəhərdən evakuasiya olundu.

1994-cü il may ayının 12-dək davam edən hərbi təcavüz nəticəsində isə ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etməyə nail oldular. Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə qismətinə 5897 şəhid, 3531 nəfər əlil, 1871 nəfər yetim uşaq düşdü. Minlərlə insan fiziki şikəstlik qazanmış, 126 min nəfərdən artıq ağdamlı öz doğma ev-eşiyindən didərgin düşmüşdü.

 

XXI əsr

 
2010-cu ildə Ağdam şəhərinin xarabalıqları

2008-ci ildə "Lonely Planet" jurnalı Ağdamı "Qafqaz Hiroşiması" adlandırıb. 2010-cu ildə Əl-Cəzirənin internet nəşri, Ağdamı "ruhlar şəhəri" siyahısına salıb. 2010-cu ildə qondarma Dağlıq Qarabağ rejiminin qərarı ilə Ağdam şəhəri Akna adlandırılıb.

 

Coğrafiya

Relyef və geologiya

Qarabağ atı Ağdamda yayılmışdır. Şəhərdə 1949-ci ildə şəhərdə Ağdam Atçılıq Zavodu fəaliyyat göstərmişdir. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaratmışdı. Zavod yaradıldıqdan sonra cins daхilində ailə və хətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir.

 

İqlim

Ağdamın iqlimi əsasən mülayim isti, quraq subtropikdir.Şahbulaq silsiləsi Cənub-Şərqdə Ağdam şəhəri yaxınlığıda kəskin görünür və Çullu, Qiyaslı, Xıdırlıkəndləri yaxınlığında nisbi yüksəkliyi 10-15 metrə çatan qayalı təpələr yaradır. Qarqar çayı zirvəsi Ağdam şəhəri yaxınlığında yerləşən və sahəsi 50kv. m. çatan gətirmə konusunu yaradır.

Ağdam şəhərinin iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Maksimum orta, °C 4 5 8 12 9 13 14 17 17 12 8 5 11,3
Orta temperatur, °C 2 3 5,5 9 11 14 15 14,5 14,5 9,5 6 6 9,1
Minimum orta, °C 0 1 3 6 13 15 16 12 11 7 4 1 7,4
Yağıntı norması, mm 5 5 6 9 9 7 2 3 3 7 7 5 5,66
Mənbə: World Weather Online

 

Əhalisi

Demoqrafiyası və etnik tərkibi

1912-ci ilin Ağdamın "Qafqaz Təqvimi"nə görə, şəhərdə 623 nəfər yaşayırdı. 1989-cu ildə şəhərdə 28.031 nəfər yaşayırdı. 2010-cu ilin statistikasına görə, Ağdamda 360 nəfər yaşayırdı.

 

Din

 
Ağdam Cümə məscidinin qalıqları

Ağdamda yerləşən məscidlərdən Cümə məscidi və Şahbulaq məscidini qeyd etmək olar. Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Azərbaycan məscidləri dağıdılaraq təhqir olunmuş, heyvanların saxlandığı yer olaraq istifadə edilmişdir. 2016-cı ildən Ağdam Cümə məscidi ermənilər tərəfindən hərbi qərargaha çevrilmişdir.

 

İqtisadiyyat

    Qarabağ atı

Qarabağ müharibəsindən əvvəl, Ağdamda dəzgah avadanlıqları, aerokosmik və rabitə cihazları, metis-furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, avtomobillərə texniki xidmət stansiyaları, məişət xidməti kombinatı, elektrik şəbəkəsi, kənd təsərrüfatı, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi stansiyaları fəaliyyət göstərirdi.

1860-cı ildə Xublarov qardaşları tərəfindən tikilən Ağdamda çaxır zavodu, Azərbaycanda ilk çaxır zavodlarından biri sayılır. 1948-ci ildə SSRİ-də "Ağdam" portveyn tipli tünd şərabın istehsalına başlanılıb. İçkinin tərkibindəki şəkər və spirtin yüksək dərəcəsinə görə portveyn SSRİ-də populyar olub. Digər əksər portveynlərdən fərqli olaraq, "Ağdam" portveyndə şəkərin miqdarı isə 8%, spirtin tündlülüyü 19%h. idi. "Ağdam" ordinar portveyn tipli şərabın hazırlanmasında "Bayan-Şirə" və "Rkasiteli" üzüm sortlarından geniş istifadə edilirdi. "Ağdam" şərabının istehsalı əsasən müəyyən qədər qıcqırmış şirəyə spirt-rektifikat əlavə etməklə hazırlanırdı. Alınmış şərab materialı müxtəlif böyük həcmli çənlərdə açıq səma altında saxlanılırdı ki, bu da şərab materialının temperaturunun yüksəlməsi nəticəsində melanoidlərin əmələ gəlməsini sürətləndirirdi. Əmələ gələn melanoidlər şəraba qovrulmuş fındıq və qoz ətri verirdi ki, bu da portveynin əsas göstəricilərindən biridir.

XX əsrdə Ağdam Atçılıq Zavodunun yaradılması Qarabağ atının cins tərkibinin yaxşılaşdırılmasında böyük rol oynayıb. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülərək hələ 1946-cı ildə Xalq Torpaq Komissarlığının xüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Xocavənd, Bərdə, Yevlax, Tovuz rayonlarını gəzərək cinsin xarakterik əlamətlərini özündə saxlayan 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilərək, onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində atçılıq zavodu yaradılıb. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının ümumi inkişafı, Ağdam Atçılıq Zavodunun maddi-teхniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atının inkişafına münbit şərait yaradıb.

 

Memarlıq

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri vardır. Onlardan XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid Sərdabə və Hatəm Məlik qalasını qeyd etmək olar. 1986-cı il iyul ayının 26-da açılan Çay evinin müəllifi 1984-1988-ci illərdə Ağdamda baş memar işləyən Naiq Səmədov olub. Çay evi akademik Xudu Məmmədovun ideyası ilə inşa edilib.2015-ci il mayın 10-da Ağdam rayonu Quzanlı qəsəbəsində Çay evinin bənzəri tikilib.

 

Parkları və bağları

1930-cu ildə şəhərdə park salınmışdır. Parkda fıstıq, meymun alması ağacı və rəqs meydançası var idi.

 

Mədəniyyəti

Musiqi səhnəsi

Ağdam musiqi irsinin mühüm hissəsinə muğam daxildir. 1956-cı ildə Ağdamda Xosrov Fərəcovun rəhbərliyi ilə "Şur" ansamblı yaradılıb. 1985-ci ildən fəaliyyət göstərən Ağdam muğam məktəbi, "Qarabağ bülbülləri" ansamblı ilə dövlət tədbirlərində, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, televiziyada, hərbi hissələrdə geniş proqramla konsertlər vermişdir.

2014-cü ildə, alman bəstəkarı və pianoçusu Hauschka fortepiano üçün yazılan “Xaraba Ağdam” əsərini şəhərə həsr edib.

 

Muzey və qalereyaları

 
2012-ci ildə Ağdam şəhərində Çörək muzeyinin xarabalıqları

Dünyada ikinci hesab edilən Ağdam Çörək muzeyinin yaradılması ideyası 1982-ci ildə rayon partiya komitəsinin birinci katibi işləmiş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 25 noyabr 1983-cü ildə muzey ilk ziyarətçilərini qəbul etmişdi. Çörək Muzeyinin yerləşdiyi dəyirman XIX əsrin sonlarında rayonun tanınmış nəsllərindən olan Məhəmməd Qarayev tərəfindən inşa edilmişdi. Muzey Azərbaycan SSR dövləti tərəfindən yerli mədəniyyət abidəsi kimi qorunurdu. Kompleksə karvansaray da daxil idi.Sovet dönəmində "Dəyirman həyəti" adlanan ərazidəki karvansaray yaşayış üçün uyğunlaşdırılaraq yerli sakinlərə verildi. Qarabağ müharibəsi zamanı muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. 1992-ci ilin avqust ayının 12-də, saat 16:40-da Əsgəran rayonunun Naxçıvanik kəndi istiqamətindən atılan ermənilərə məxsus 120 mm-lik top mərmisi muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir.

 

Kino səhnəsi

Ağdamda çəkilən məşhur kinolardan "Azərbaycana səyahət" və digərlərini qeyd etmək olar.

Teatrları

1908-ci ildə Ağdamda Əbdürrəhim bəy Haqverdiyev adına truppa fəaliyyət göstərmişdir. 1910-cu il noyabr ayının 30-da Ağdam şəhər məktəbində Nadir, Əhməd bəy, Abbas və Məmiş Dərgahovun iştirakı ilə "Ev tərbiyəsinin bir şəkli" və "Dursunəli və Ballıbadı" əsəri tamaşaya qoyuldu. Həmin il, Ağdamda Həmzə Qəniyevin evində Əbdürrəhim bəy Haqverdiyevin öz rejissorluğu ilə "Ac həriflər" truppa məharətlə oynamışlar.

1920-ci ilin əvvəllərində Ağdamda teatr bölməsi yarandı. Bu bölmədə dövrün ən tanınmış teatr xadimləri fəaliyyət göstərmişdir. 1930-cü ildə Ağdam beynəlmiləl klubu nəzdində təşkil olunmuş dram və opera zəhmət kollektivi fəhlə-kəndli klubunun dram kollektivi ilə birləşərək Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", "O olmasın, bu olsun", "Arşın mal alan" opera və operettalarını da tamaşaçılara göstərmişlər.

1937-ci ildə haqqında bəhs edilən kollektiv əsasında şəhərdə Dövlət Dram Teatrı təşkil edildi. Teatra görkəmli dramaturq, rejissor, teatr təşkilatçısı Ə.Haqverdiyevin adı verildi. Teatr 10 il ərzində fədakarlıqla fəaliyyət göstərdi, Şuşa və onların ətraf kəndlərində deyil, Yevlax, Ağdaş, Göyçay, Bərdə və digər rayonların zəhmətkeşləri qarşısında da çıxış etdi. Ağdam teatrının quruluş verdiyi "Məhəbbət", "Vəfa" və "Praqanın şabalıd ağacları altında" tamaşalarında ilk dəfə olaraq müharibə illərinin qəhrəmanlıqla dolu hadisələri konkret şəkildə göstərilirdi.

İkinci dünya müharibəsindən sonra Ağdam teatrının hazırladığı "Qatır Məmməd" tamaşası kollektivin ən yaxşı işlərindən biri kimi qiymətləndirildi. 1949-cu ildə ölkənin bir çox rayon teatrları, o cümlədən Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram teatrı bağlandı və bu ölkə mədəniyyətinə böyük təsir göstərdi. Ağdam xalq teatrına 11-ci mövsümündə Dövlət teatrı adı verildi; teatr yenə də Əbdürrəhimbəy Haqverdiyevin adı ilə daha ciddi yaradıcılıq yollarında addımlamağa başladı. Ağdam teatrının istər ilk illərdəki dram dərnəyində, istər 1937-1949-cü illərdə Dövlət Dram teatrında, istərsə də 1959-1969-cu illər xalq teatrında repertuarında opera və operettalar müvəffəqiyyətlə tamaşaya qoyulmuşdur. 1970-ci illərdə teatrda "Qaynana", "On üçüncü sədr", "Gəl qohum olaq", "Sevil", "Oqtay Eloğlu", "Qaraqum faciəsi", "Unuda bilmirəm", "Həsrət", "Adam və Yeva", "Qismət", "Şəhərin yay günləri", "Dağılan tifaq" və s. tamaşalara uğurla quruluş verilmişdir.

 

Təhsil

Qarabağ müharibəsindən əvvəl şəhərdə 7 orta məktəb, 1 səkkizillik məktəb, musiqi və tibb texniki peşə məktəbləri, 5 məktəbdənkənar uşaq müəssisəsi, 1 uşaq bağçası, 4 körpə evi, kənd təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi texnikumu və kənd təsərrüfatı texnikumu fəaliyyət göstərirdi.

 

İdman

Ağdamı Azərbaycan Premyer Liqasında "Qarabağ" təmsil edir. Ermənistan Silahlı Qüvvələrinin Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, daha sonra isə paytaxtda, Bakıda keçirirdi. 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. 1952-ci ildəm Qarabağ müharibəsindən qədər şəhərdə "İmarət" Stadionu yerləşirdi.

 

Nəqliyyat

1923-cü ildə Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran və Xankəndindəki erməni evlərinin əhatəsinə salındı. Şəhərdə Ağdərəyə qovuşduran avtomobil şose yolu keçir. Qarabağ müharibəsindən əvvəl, Ağdamda iki dəmiryol vağzalı və aeroport fəaliyyət göstərirdi.

 

Tanınmış sakinləri

Şəhərin tanınmış sakinlərdən dramaturq Məcid Şamxalov, pediatr Ədilə Namazova, Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov, yazıçı Ramiz Abbaslı, aktyor Murad bəy Muradov, tarzən Qurban Pirimov, xanəndə Nəzakət Teymurova, Sosialist Əməyi Qəhrəmanı Əminə Cəfərova, film direktoru Rimma Abdullayeva, futbolçu Vüqar Nadirovu və digərlərini qeyd etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR