Dərc edildi: Baxış sayı: 471
Ağdabanlı Qurban - Bir-bir
Qəmər üz, qadanı bu canım alsın,
Sallanıb gələndə otağa bir-bir.
Diləfrüzün şöləsində dolansın,
Olsun pərvanələr sadağa bir-bir.
Gözə qoruq yoxdu, dilə qadağa,
Olum gözlərinə qurban, sadağa,
Şəhdi-zülal, bal tökülüb dodağa,
Öpəsən, xal düşə buxağa bir-bir.
Yaşmaq altdan o tər buxaq görünür,
Əzizlənib kəlağaya bürünür,
Onu görən xəstə olur, sürünür,
Məcnun kimi düşür bu dağa bir-bir.
Günəş də tanıyır o mahtabanı,
Qırmızı gül yanağından utanı,
Öldür qurtar, həsrət qoyma Qurbanı,
Qohum-qardaş gəlsin sorağa bir-bir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət