Dərc edildi: Baxış sayı: 650
Ağadadaş Sürəyya - Feraqı qismət edib çərxi-kəcmdar mənə
Feraqı qismət edib çərxi-kəcmdar mənə,
Məhaldır ola mümkün vüsali-yar mənə.
Behiştə eyləmərəm meyl kuhi-yan qoyub,
Cəza günündə əgər qalsa ixtiyar mənə.
Xəyali-zülfü rüxünlə gecə sabahə kimin
Həramdır yuxu, ey yari-qəmküsar, mənə.
Əgər bu halətilən ölsəm asitanında,
Qazıb o yari-cəfapişə çün məzar mənə.
Yetir özün mənə, ey yari-qəmküsar, ölürəm,
Sabaha çıxmağa çün yoxdur etibar mənə.
Üzari-yan tutub qoymayıb nəzarə yeri,
Yüzü qaralıq edib zülfi-mişkbar mənə,
Xəyali-çərxdə bac istərəm Sürəyyadan,
Məsihvar əgər olsa bəxt yar mənə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət