Slimfit
  1. İQTİSADİYYAT

"Ağ qızıl"ın tarixi şöhrəti bərpa olunur

"Ağ qızıl"ın tarixi şöhrəti bərpa olunur
Sakura

"Ağ qızıl"ın tarixi şöhrəti bərpa olunur

Pambıqçı fermer: "Prezidentin tapşırığını yüksək məhsul əldə etməklə yerinə yetiririk"

Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı müvafiq tədbilər həyata keçirilir, dövlət proqramları qəbul edilir, Prezident fərman və sərəncamları imzalandı. Məhz bu diqqətin nəticəsi olaraq, iqtisadiyyatın aparıcı sahələrindən biri olan pambıqçılıq son dövrlər sürətlə inkişaf etməyə başlayıb. Söz yox ki, pambıqçılığın inkişafı həm də yeni iş yerləri deməkdir. Statistik məlumata əsasən, demək olar ki, hazırda pambıqçılıq sahəsində, ümumilikdə, 200 min nəfərə yaxın insan çalışır. Bu isə məşğulluğun artırılması və insanların maddi şəraitinin yaxşılaşdırılmasına mühüm töhfə verir. İldən-ilə pambıq əkilən sahələr də genişləndirilir. Məsələn, 2018-ci ildə 2017-cı ilə nisbətən 2,7 dəfə çox - 136 min 413,2 hektar sahədə çiyid səpilmişdi. Pambıqçılar hava şəraitinin çətinliklərinə baxmayaraq, istər səpin və budama, istərsə də, kolların alaq otlarından təmizlənməsi uğurla həyata keçirilib.

Pambıqçılığın sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bu, faktdır ki, Azərbaycanda pambıqçılığın sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə Azərbaycanda 300 min ton pambıq tədarük edilirdi. 1981-ci ildə isə Azərbaycanda bir milyon ton pambıq yığılmışdır. Sonradan, hər bir sahədə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaşandı və 1990-cı ildə Azərbaycanda pambığın tədarükü bir milyondan 500 min tona düşmüşdür. Yalnız Ulu Öndərimiz Heydər Əliyev xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıdışından sonra "ağ qızıl"ın tarixi şöhrətinin bərpası istiqamətində geniş və məqsədyönlü tədbirlər həyata keçirildi. Bununla da, qısa müddətdə, bu istiqamətdə ciddi dönüş əldə olundu. Ulu Öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev kənd təsərrüfatının inkişafı istiqamətində mühüm sərəncamlar imzalamış və dövlət proqramları qəbul etmişdir. Prezident İlham Əliyevin 13 iyul 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" buna misal ola bilər. Dövlət Proqramına əsasən, 2022-ci ilədək xam pambıq istehsalının 500 min tona çatdırılması hədəflənir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirib ki, kənd təsərrüfatı dövlətin dəstəyi olmadan inkişaf edə bilməz: "Bunu hamı bilməlidir. Əlbəttə ki, rentabellilik olmalıdır. Bəzi sahələr rentabelli sahələrdir, bəzi sahələr subsidiya hesabına yaşamalıdır. Bu, inkişaf etmiş ölkələrdə də belədir. Orada da subsidiyalar var, orada da dövlət fermerləri dəstəkləyir ki, ərzaq təhlükəsizliyi təmin edilsin, iş yerləri yaradılsın. Biz də bu yolla gedirik. Ona görə əgər hansısa kənd təsərrüfatı sahəsində istehsal o qədər də rentabelli deyilsə, bu, böyük faciə deyil, bundan faciə düzəltmək lazım deyil. Dövlət ilkin mərhələdə öz dəstəyini göstərir, bundan sonra hər şey yoluna düşəcək. Necə ki, biz indi kənd təsərrüfatının istehsalında bu artımı görürük. Əgər dövlət lazım olan vaxtda öz dəstəyini göstərməsəydi, bu gün kənd təsərrüfatında 4,1 faiz artımdan söhbət belə gedə bilməzdi və əksinə, bəlkə də bu sahə tənəzzülə uğrayardı".

Dövlət dəstəyi Azərbaycan pambıqçısında gələcək nailiyyətlər üçün böyük inam hissi yaratmışdır

Dövlət dəstəyi və bunun nəticəsində əldə olunan nailiyyətlətlər, bir daha neftdən sonra "ağ qızıl" adını daşıyan pambığın strateji məhsul olduğunu təsdiqləyir. Hazırda fermerlər məhsul yığımına hazırlaşırlar. Pambıq əkilən rayonlardan hesab olunan Saatlı rayonunun fermerləri, əvvəlcədən tərtib etdikləri plana uyğun olaraq, məhsul yığımını itkisiz və keyfiyyətli şəkildə başa çatdırmaq üçün səfərbər olunurlar. Rayonun Azadkəndi fermerləri ilin əvvəlindən çəkdikləri zəhmətin bəhrəsin görməyə hazırlaşırlar. Pambıq kollarında qozaların sayının çox olması yüksək keyfiyyətli məhsul əldə ediləcəyindən xəbər verir. Bu, təbii ki, fermer təsərrüfatlarında çalışan zəhmətkeş insanları sevindirməyə bilməz. Maddi vəziyyətlərinin yaxşılaşması ilə bərabər, bu, həm də, Prezident İlham Əliyevin pambıqçılar qarşısında qoyduğu vəzifələrin, tövsiyə və tapşırıqların yerinə yetirilməsi deməkdir. Saatlı rayonunun Azadkənd kəndindən olan fermer Nuhəli Kərimov saldığl yamyaşıl, göz oxşayan pambıq sahələrini göstərib, gümrah və əmin səslə deyir ki, dövlət tərəfindən kənd təsərrüfatının inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə dəstəyi və zəruri olan hər cür köməyin göstərilməsi pambıq istehsalının tarixi şöhrətinin bərpa olunmasına təkan olur: "Əsasən, kənd təsərrüfatı rayonu olan Saatlı taxılıçılıq və heyvandarlıqla yanaşı, pambıqçılığın inkişafı ilə də respublikada ön sıralarda olub. Təkcə 1981-ci ildə rayonda 15 min hektardan çox sahədə pambıq əkilib və hər hektardan 40 sentner olmaqla, 60 min tona yaxın pambıq tədarük olunub. Hazırda pambığın tarixi şöhrətinin bərpası istiqamətində çox xeyirhax işlər gösrülməkdədir. Bu il martın 26-da Prezident İlham Əliyevin Sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişaf etditrilməsi ilə bağlı keçirilən müşavirə və bu müşavirədə pambıq istehsalının artırılması, əkin sahələrinin genişləndirilməsi və digər səslənən fikirlər biz fermerlərin fəaliyyətinin daha da genişləndirilməsinə dəstək oldu. Dövlətin birbaşa dəstəyi hesabına kəndlərdə pambıq əkininə maraq getdikcə artır. Göstərilən kömək aqrotexniki qaydalara, hər işi vaxtında görməyə imkan verir. Suvarma məsələlərinə ciddi diqqət göstərilir. Lazım olan yerlərdə suvarma kanalları yenidən qazılır, lildən təmizlənir. Bir sözlə, ölkədə artıq böyük bir pambıqçılıq hərəkatı başlayıb. Pambıqçılıq geniş vüsət alıb. Artıq heç bir təbliğata ehtiyac qalmayıb. İnsanların işgüzarlığının artması isə onların yaşayış səviyyəsinin yüksəlməsi deməkdir".

N.Kərimovun sözlərinə görə, dövlət dəstəyi Azərbaycan pambıqçısında, ilk növbədə, gələcək nailiyyətlər üçün böyük inam hissi yaratmışdır: "20 hektara yaxın sahədə çiyid səpini həyata keçirdik. Bol məhsul əldə edəcəyik. Çünki qazandığımız təcrübə buna imkan verir. Biz Prezidentin tapşırığını yüksək məhsul əldə etməklə yerinə yetiririk. Ötən il hər hektardan 40 sentner pambıq yığmaqla ili başa vurmuşduqsa, bu il bu göstəricini 55-60 sentnerə çatdırmaq fikrindəyik. Yüksək məhsuldarlıq fermer təsərrüfatında çalışan on ailənin maddi durumunun yaxşılaşması deməkdir. Növbəti illərdə icarə torpaqları hesabına pambıq sahələrini genişləndirməyi nəzərdə tuturuq. Bunun üçün bizə heç nə mane olmur. Əksinə, dövlət dəstəyi, rayonda fəaliyyət göstərən pambıq qəbulu zavodlarının, əvvəlcədən avans olaraq, maliyyə yardımları göstərilməsi və işçi qüvvəsi nəzrdə tutduğumuz işlərin yerinə yetirilməsinə imkan verir". Nuhəli Kərimovun fermer təərrüfatında çalışan işçilərdən Pəri Həsənova, Göyçək İsmayılova, Dilarə Zahidova, Kənan Cəfərov, İntiqam İsmayılova, Qızqayıt İsmayılova və digərləri yeni dövrün sosial-iqtisadi inkişafının tələblərinə uyğun olaraq, pambıqçılığın sürətli inkişafına nail olunduğunu bildirdilər. Pəri Həsənova yüksək məhsuldarlığın əldə olunması ilə gəlirlərinin də artdığını və buna görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq etdiklərini söylədi. Onun sözlərinə görə, əmək fəaliyyətləri qarşılığında aylıq olaraq, ümumilikdə, 300-350 manat maaş alırlar ki, bu da kənd şəraitində onların maddi ehtiyaclarının tam şəkildə ödənilməsinə çox böyük dəstək verir.

Tarladan növbəti reportajını hazırlayan "Azərbaycan fermeri" qəzetinin əməkdaşı Ağaverdi Şəmmədov deyir ki, dövlətimizin maddi dəstəyi ilə pambıqçılığın inkişafının yeni mərhələsinə qədəm qoyur: "Artıq bir neçə gündən sonra pambıq yığımına başlanılacaq. Bölgələdə tez-tez oluram. Fermerlərlə görüşür, talalarda oluram. Müşahidələrimə əsasən, deyə bilərəm ki, bu il də yüksək məhsul gözlənilir. Məhsul bolluğu kəndlinin sosial-rifah halının yaxşılaşması deməkdir. Buna görə, ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarıq. Məhz Onun dəstəyi hesabına pambığın inkişafı sahəsində yüksək nailiyyətlər əldə olunur".

"Kənddə qalıb, ruzi-bərəkət qazanmaq daha yaxşı olar"

Fermer Elxan Zahidov isə, göz oxşayan pambıq sahəsini əli ilə göstərib deyir ki, ruzi-bərəkət əldə etmək və pul qazanmaq üçün şəhərlərə üz tutmaq deyil, kənddə qalıb, maddi durumunu yaxşılaşdırmaq daha yaxşı olar: "Bizə hər cür şərait yaradılıb. Heç bir problemimiz yoxdur. Dah çox əmək sərf etməklə daha çox gəlir əldə etmək olar. Hazırda hər kəsin başı əkin-biçinə, pambıq yığımına qarışıb. Digər fermer Əlizadə Kərimov əkdiyi pambıq sahəsini gəzə -gəzə deyir ki, pambığın yığım qiymətinin artırılması, hər hektara görə subsidiya və güzəştli qiymətə mineral gübrənin verilməsi bu məhsulun becərilməsinə marağı artırıb: "Dövlətin diqqət və qayğısı nəticəsində, kənd təsərrüfatının, bütün sahələrində olduğu kimi, pambıqçılıqda da məhsuldarlığın artırılmasına geniş imkanlar açılır. Əvvəlcədən verilən avans hesabına biz pambıq sahələrinin əkilməsi, onlara lazımi qaydada aqrotexniki qulluğun göstərilməsini həyata keçirə bilirik. Yüksək məhsul əldə edəcəyik. Növbət il bu sahənin daha da inkişaf etdirilməsi üçün icarə torpaqlarını da əkməyi planlaşdırırıq. Göstərdiyi qayğıya görə, Prezidentimizə minnətdarlıq edirəm".

Gənclər də, kənd həyatında aqrar sahənin inkişafında mühüm rol oynayır və fəallıq göstərirlər. Azadkənd kəndindən olan gənc fermer Elnur Kərimov bildirir ki, dövlətin dəstəyi onları daha böyük uğurlar əldə etməyə həvəsləndirir: "Allaha şükür, dövlətimiz bizim daha rahat və firavan yaşamağımız üçün hər cür şərait və imkanları yaradıb. Kəndlə rayon mərkəzini birləşdirən magistral yol əsaslı şəkildə yenidən qurulub, qaz xətti çəkilib. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün geniş imkanlar yaradılıb".

E.Kərimov gənc olaraq, şəhərə getmək deyil, kənddə qalıb, aqrar sahədə çalışmağa üstünlük verib : "İki ildir ki, pambıq əkirik. Ötən illə müqayisədə bu il yüksək məhsul əldə edəcəyimiz gözlənilir. Hər hektardan 50-55 sentner pambıq yığmağı nəzərdə tuturuq. Əvvəlcədən avans almağımız bu sahədə daha sərbəst və əminliklə çalışmağımıza imkan yaradıb. Növbəti il pambıq sahəsini genişləndirməyi də planlaşdırırıq".

 Mənbə: Sia.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR