Dərc edildi: Baxış sayı: 526
Ağ Aşıq Allahverdi - Çəkirlər
Bir yandan pristav, bir yandan koxa,
Biçarə rəiyyəti dara çəkirlər.
Qazı, darğa xalqı soyur soğantək,
Dirikən üstündən qara çəkirlər.
Dağ çəkildi Naxçıvana, Sulduza,
Duz nədir ki, həsrət qala el duza.
Axund, molla, seyid dönüb quduza,
Elin sərvətini hara çəkirlər?
Sığındım Göyçəyə, bu mahala mən,
Düşdüm acı dərdə, bir zavala mən.
Üzüqara necə dönüm dala mən,
Ürəyim atəşə, nara çəkirlər.
Ağ Aşıq da dərd əlindən dəlidir,
Kənddə koxa qanı soran zəlidir,
Gözüm yaşı dağ çayının selidir,
Sinəmə dağ-düyün yara çəkirlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət