ABŞ məhkəməsi: “Monsanto” şirkəti xərçəngdən əziyyət çəkən bağbana 289 milyon dollar ödəməlidir
ABŞ-ın San-Fransisko şəhərinin andlılar məhkəməsi bağban Dueyn Consonun “Monsanto” şirkətinə qarşı iddiası üzrə qərar qəbul edib. Qərara əsasən, iddiaçıya dəyən ziyana görə şirkət ona 289 milyon dollar məbləğində təzminat ödəməlidir. Artıq dörd ildir qeyri-Hoçkin limfomasından əziyyət çəkən D.Conson “Monsanto” şirkətini alaq otlarının məhvi üçün nəzərdə tutulan “Roundup” vasitəsindən istifadənin təhlükəli olması barədə informasiyanı gizlətməkdə ittiham edir.
Məktəbdə bağban işləyən 46 yaşlı D.Conson təhsil ocağının ərazisini alaq otlarından təmizləmək üçün uzun müddət həmin kimyəvi preparatdan istifadə edib. Bağbanın vəkilləri bildiriblər ki, kimyəvi vasitənin tərkibində qlifosat herbisidləri var. D.Consona qeyri-Hoçkin limfoması diaqnozu 2014-cü ildə qoyulub.
Xərçəngin bu növünə tutulmuş yüzlərlə digər xəstə də “Monsanto” şirkətinə qarşı iddia qaldırıb. D.Consonun ömrünə bir neçə ay qaldığı üçün onun şikayətinə hamıdan əvvəl baxılıb.
“Monsanto” şirkətinin nümayəndələri bu ittihamları rədd edərək bildiriblər ki, “Roundup” herbisidi insan sağlamlığı üçün tamamilə təhlükəsizdir. Onun tətbiqinin 40 illik tarixi də bunu sübut edir.
BMT-nin müvafiq qurumunun 2015-ci ildə kimyəvi preparatların təhlükəli olması barədə dərc etdiyi hesabatda deyilir ki, “qlifosat ehtimal ki, kanserogendir”. Kimyəvi maddəni Avropa İttifaqı üçün yoxlayan Qida Təhlükəsizliyi Agentliyi isə maddəni təhlükəsiz sayıb.
Andlılar məhkəməsində müzakirələr üç gün davam edib. Nəticədə D.Consona zərərin ödənilməsi üzrə istehsalçının cəzalandırılması üçün 250 milyon və zərərin kompensasiya edilməsi məqsədilə 39 milyon dollar məbləğində təzminat verilməsi barədə hökm çıxarılıb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət