Slimfit
  1. SİYASƏT

"ABŞ-la Azərbaycanın mövqeyində üst-üstə düşən məqamlar var" - Deputat

"ABŞ-la Azərbaycanın mövqeyində üst-üstə düşən məqamlar var" - Deputat
Sakura

"ABŞ-la Azərbaycanın mövqeyində üst-üstə düşən məqamlar var" - Deputat

Xəbər verdiyimiz kimi, Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü baş tutub.

Görüşdə regionda təhlükəsizlik, eləcə də Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanması ilə bağlı müzakirə aparılıb. Laçın yolundakı vəziyyət də müzakirə olunub.

Maraqlıdır, Amerika Birləşmiş Ştatlarının Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh müqaviləsinin imzalanmasında hansı töhfəsi ola bilər? ABŞ-ın bu rolu Rusiyanı məsələdə oyundan kənar vəziyyətə sala bilərmi?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, burada biz Azərbaycanın mövqeyinə nəzər salmalıyıq.

Onun sözlərinə görə, əvvəllər də dəfələrlə prezident İlham Əliyev bu məsələyə toxunub və açıq mövqeyini bildirib ki, bu prosesdə həm Avropa İttifaqı, həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları iştirak edirlər:

"Azərbaycan da hər üç platformada məsələlərin müzakirəsinə hazırdır və bu müzakirələri də bu gün Azərbaycan davamlı olaraq aparır. Hazırkı dövrdə məlum olduğu kimi, Avropa İttifaqı məhz Ermənistanın yeritdiyi siyasət nəticəsində iflasa uğradı. Yəni bu gün Avropa İttifaqının bu istiqamətdə prosesləri səngidi. Rusiya zaman-zaman müəyyən addımlar atır və bilirsiniz ki, Rusiyada keçirilən son görüşə Ermənistan xarici işlər naziri gəlmədi, bu görüşü pozdu. İndiki dövrdə isə ən aktiv olan Amerika Birləşmiş Ştatlarıdır. Mən hesab edirəm, bu platformalar arasında ən uğurlu ola biləcək platformalardan biri Amerika Birləşmiş Ştatlarıdır. Çünki ABŞ-ın öz mövqeyi ilə Azərbaycanın mövqeyində müəyyən üst-üstə düşən məqamlar var. Son günlər Ermənistan mətbuatında da yayıldığı kimi görünən odur ki, Amerika Birləşmiş Ştatları bu prosesdə fəaldır. Çalışır ki, ən qısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın. Bizim də istədiyimiz budur".

Deputatın sözlərinə görə, Azərbaycan istəyir ki, ən qısa vaxtda bizim aramızda müqavilə imzalansın və Azərbaycanla Ermənistan münasibətləri normallaşsın.

"Müzakirələr gedir ki, Rusiyada da görüş keçiriləcək. Hesab edirəm ki, bu, daha çox tərəflərin məsələyə hansı prizmadan yanaşmasından asılıdır. Yəni görünən odur ki, qeyd etdiyim kimi, Amerika Birləşmiş Ştatları ilə Azərbaycanın mövqeyində müəyyən üst-üstə düşən məqamlar çoxdur. Rusiyanın yanaşması görünür ki, bir az fərqlidir. Həm də bu ona görədir ki, bu gün Rusiya sülhməramlıları Qarabağdadırlar. Azərbaycanın yanaşması ondan ibarətdir ki, onlar 2025-ci ildə çıxmalıdır. Rusiyanın isə yanaşması belə deyil. Rusiya tərəfi fərqli düşünür. O baxımdan mən düşünürəm ki, bu, daha çox Rusiyanın hansı mövqedə olması, arxada qalması, kölgədə qalması, keçmiş münaqişənin tənzimlənməsinə münasibətindən asılıdır. Yəni, əgər ədalətli mövqe tutulacaqsa, beynəlxalq hüququn prinsipləri nəzərə alınacaqsa, Rusiya da bu prosesə töhfə verə bilər. Amma Ermənistana dəstək, maraqlarının qorunması ilə bağlı danışıqlarda elementlər, məqamlar olarsa, əlbəttə, Azərbaycan bunu qəbul etməyəcək və bu da ümumilikdə Rusiyanın bu istiqamətdə fəaliyyətinə öz təsirini göstərəcək", - deyə C.Məmmədov bildirdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR