Slimfit
  1. AZƏRBAYCAN

ABŞ konqresmenləri Stiv Kohen və Stiv Şabot 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər

ABŞ konqresmenləri Stiv Kohen və Stiv Şabot 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər
Sakura

ABŞ konqresmenləri Stiv Kohen və Stiv Şabot 20 Yanvar faciəsi ilə bağlı bəyanatlar veriblər

20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri, Tennesi ştatını təmsil edən konqresmen Stiv Kohen və ABŞ Konqresinin xarici məsələlər komitəsinin üzvü Stiv Şabot tərəfindən ayrı-ayrılıqda bəyanatlar verilib.

AZƏRTAC xəbər verir ki, ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədri qismində bəyanat verən konqresmen Stiv Kohen Azərbaycan tarixində ən dəhşətli faciələrdən olan Qanlı Yanvar hadisələrinin 29-cu ildönümünün yad edilməsi məqsədilə bəyanat verdiyini diqqətə çatdırır.

Bəyanatda bildirilir ki, 1990-cı il 20 yanvar gecəsi təqribən 26 minlik sovet ordusu tank və zirehli texnika ilə Azərbaycanın paytaxtı Bakı şəhərinə hücum edib. Həmin gecə sovet hərbçiləri silahsız azərbaycanlılara zor tətbiq edib, qadın və uşaqlar da daxil olmaqla dinc nümayiş iştirakçılarını fərq qoymadan atəşə tutub. Bu qəddar hərəkətlər nəticəsində 147 insan həlak olub, 800-ə yaxın insan yaralanıb, 841 nəfər həbs edilib, 5 nəfər isə itkin düşüb.

Konqresmen “Human Rights Watch” təşkilatının “Azərbaycanda Qara Yanvar” adlı hesabatına istinadən vurğulayır ki, Bakıya hücum zamanı ən ciddi insan hüquqları pozuntularına yol verilib. Belə ki, tibb işçilərinə, təcili tibbi yardım avtomobillərinə və hətta xəstəxanalara hücumlar edilib. Hesabatda sovet ordusu tərəfindən törədilmiş zorakılığın kollektiv cəza üsulu olduğu və Azərbaycan da daxil olmaqla SSRİ-nin digər ittifaq respublikalarındakı millətçilik hərəkatları üçün xəbərdarlıq kimi qiymətləndirildiyi Konqresin diqqətinə çatdırılır. Konqresmen Kohen Azərbaycanın müstəqilliyi uğrunda öz həyatlarını qurban verən şəxslərin ailələri ilə öz dualarını və kədərli düşüncələrini bölüşdüyünü bəyanatda xüsusi vurğulayır.

Qeyd edilir ki, strateji müttəfiq olan ABŞ və Azərbaycan regionda və dünyada ortaq maraqlara malikdirlər. Sonda konqresmen Kohen Azərbaycanda azad bazar iqtisadiyyatı və demokratiya istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.

Konqresin digər üzvü Stiv Şabot da bəyanatında 29 il əvvəl sovet qəddarlığı nəticəsində qətlə yetirilmiş insanları xatırlayıb, Azərbaycanın bu tarixi və faciəvi gününü yad edib.

Stiv Şabot bəyanatında 1990-cı ilin 20 yanvar gecəsi 26 minlik sovet qoşunlarının Bakı və ətraf ərazilərdə törədiyi cinayəti qeyd edir, bu faciənin Azərbaycan tarixinə və xalqın yaddaşına Qanlı Yanvar kimi həkk olunduğunu diqqətə çatdırır. Bu hücumu Azərbaycanda müstəqillik hərəkatını boğmağa və sovet ittifaqını qorumağa cəhd kimi dəyərləndirən Stiv Şabot bu faciənin Azərbaycanda və digər respublikalarda müstəqillik hərəkatlarına təkan verdiyini bildirib.

Bəyanatda, həmçinin məlumat verilir ki, Azərbaycan xalqının təzyiqləri ilə 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Soveti Bəyannamə qəbul etdi. Həmin Bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. 1991-ci ilin noyabrından etibarən Azərbaycanın müstəqilliyi tanınmağa başlanıb, gənc ölkənin müstəqilliyini tanıyan ilk ölkələrdən olan ABŞ 1992-ci il fevralın 28-də Azərbaycan ilə diplomatik münasibətlər quraraq mart ayında Bakıda səfirlik təsis etdi.

ABŞ və Azərbaycanın region üzrə ortaq maraq və məramlara malik olduğunu, ölkələrin xüsusilə enerji resurslarının inkişafı və təhlükəsizlik təhdidləri ilə mübarizə sahəsində əməkdaşlığını vurğulayan Stiv Şabot digər Konqres üzvlərini Azərbaycanın bu faciəvi gününü yad etməyə çağırıb.

Bəyanatların Konqresin rəsmi gündəliyində qeydiyyata alınmış ingilis dilində mətnləri ilə müvafiq olaraq https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE75-4.pdf və https://www.congress.gov/116/crec/2019/01/23/CREC-2019-01-23-pt1-PgE81-4.pdfinternet səhifələrində tanış olmaq mümkündür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR