ABŞ İrana görə Azərbaycanı internetsiz qoyub?
Birləşmiş Ştatlar rəsmi Tehranın Fars körfəzində tankerlərə hücum etməsinin qarşısını almaq məqsədilə İrana kiber hücum təşkil edib.
BAKU.WS xəbər verir ki, belə bir iddia ilə “The New York Times” qəzeti çıxış edib.
Nəşrin iddiasına əsasən, amerikalı hakerlərin hədəfi İranın İslam İnqilabı Keşikçiləri Korpusu olub.
Məlumata görə, Amerika tərəfi İranın raket buraxılış sistemlərinin işini müvəqqəti iflic edə bilib. Tehran indiyədək kiber hücumun nəticələrini aradan qaldıra bilməyib və hərbi birliklər arasında əlaqə bərpa olunmayıb.
Mövcud iddia İranla qonşu ölkələr tərəfindən böyük maraqla qarşılanıb. İnternet sisteminə müdaxilə Azərbaycanın bundan hər hansı təsirlənəcəyi ilə bağlı iddialara ortaya atıb. Çünki Azərbaycan İranı internetlə təmin edən ölkələrdən biridir.
Mövzunu araşdırmaq üçün Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə əlaqə saxladıq. ABŞ-ın İrana kiber hücumları zamanı Azərbaycanın hər hansı ziyan görmək ehtimalını dəqiqləşdirdik. Ekspert BAKU.WS-ə açıqlamasında kiber hücumların Azərbayacan qismən təsir edəcəyini bildirsə də, bütövlükdə internet sitemini sıradan çıxarmaq imkanlarının olmadığını vurğuladı: “Düşünürəm ki, belə bir hal ola bilməz. Çünki Azərbaycanın iki internet "bakraund" provayderi mövcuddur: “Delta-Telekom” və “Azərtelekom”. Onların hər ikisi müxtəlif və bir neçə istiqamətdən trafik alırlar. Məsələn, “Delta-Telekom” vasitəsilə "Rostelecom”, Bolqarıstan, Avropa və Gürcüstan tərəfindən Azərbaycana internet daxil olur. Həmin alternativlik “Azərtelekom”da da var. Yəni bir xətdə nəsə problem olarsa, digəri ilə internet paylaşılır. Bu səbəbdən ölkəmiz üçün təhlükə mövcud deyil.
Lakin məsələnin digər tərəfi var ki, biz, internet satdığımız ölkələrdə bu problemi yaşaya bilərik. Provayderlərimizin İran, İraqa və digər ölkələrə satdığı internetdə problem yarana bilər. Bu da həmin ölkəyə ABŞ və digərlərinin etdiyi kiber hücum və digər müdaxilələrlə əlaqədardır. Həmçinin bizimlə düşmən olan ölkələr də bu istiqamətdə hər hansı cəhd göstərə bilərlər. Lakin bütövlükdə Azərbaycanın internet sistemini sıradan çıxarmaq istisnadır, çünki bizdə alternativlik mövcuddur”.
İnternet və İT sahəsi üzrə ekspert əlavə etdi ki, hər hansı ölkənin internet sisteminə müdaxilə gözlənilməz üsullarla da mümkündür. “Bunun formaları müxtəlifdir. Uzun müddət öncə ABŞ yaddaş kartı vasitəsilə İranın atom enerjisi üzrə fəaliyyətində problem yarada bilmişdi. Nüvə istehsalı üzrə zavodlarda istifadə edilən yaddaş kartı vasitəsilə virus yayılmış və şəbəkə ilə problem yaradılmışdı. İnternet olsa da, olmasa da, müdaxilə istənilən halda mümkündür. Burda birbaşa insan faktoru da ola bilər”,-deyə Osman Gündüz əlavə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət