Abbasqulu ağa Bakıxanov - Qurd və ilbiz
Bir almanın içində bir qurd vardı, nagəhan,
Külək qopdu, ağacı silkələdi durmadan,
Alma qopub budaqdan düşərək yerə dəydi,
Qurd da düşüb qorxuya əvvəlcə nalə çəkdi.
Sonra gördü sağ qalmış, sakitləşdi bir qədər,
Ahəstə çölə çıxıb saldı ətrafa nəzər.
Qamətini qaldırıb dedi: «Mənəm qəhrəman,
Zərər yetirməz mənə nə bir külək, nə tufan».
Bizim bala qurdcığaz hey döşünə döyürdü,
Qabil şəxsiyyət kimi hey özünü öyürdü.
Deyirdi: «Çox gərəkli varlığam ki, belə mən,
Allah məni qurtardı qəbr içində ölümdən».
Qurda yaxın bir ilbiz sıxılıb daxmasına,
Ətrafı seyr edirdi, qurd onun baxmasına--
Nəzər salıb fəxr ilə bağırdı: «Ey, bura bax,
Gör mən necə qoçağam». O, bir az da qalxaraq,
Alma üstə dikəldi, dedi: «Minarəyəm mən,
Yaxın gəl, ta sayəmdə qorunasan küləkdən».
Lakin ilbiz sıxıldı etibarlı qınına,
Dinməyib altdan-altdan baxdı heyrətlə ona.
Birdən külək başqa bir güclə əsdi, çoxaldı,
Ağacdan yer üstünə böyük bir alma saldı.
Alma düşdü dos-doğru məğrur qurdun başına.
Bu qoçağı döndərdi dərhal xəmir aşına.
Hava sakitləşəndə ilbiz çıxdı yuvadan,
Gördü əzilmiş səfeh, təkəbbürlü pəhlivan.
İlbiz ahəstə dedi: «Budur şöhrətin sonu,
Yersiz öyünmək; qurur məhv etdi axır onu».
İnanın bu ilbizə, bir hikmət söyləyim mən,
Öz yurduna sığınmaq yeydir sarsaq ölümdən.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət