Slimfit
  1. ƏDƏBİYYAT

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (I hissə)

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (I hissə)
Sakura

Abbasqulu ağa Bakıxanov - Firəng məclisi (I hissə)

Ziyafətdə bir gecə oturmuşdu bir cavan,
Eşqin məngənəsində gördüm onu xəstəcan.
Sakit qalıb dinmirdi, danışıqdan qaçırdı,
Lakin onun sirrini göz yaşları açırdı.
Dedim ki, ey zavallı, nədir səndə bu əhval,
Yatmışsanmı, ya səni aparmışdır bir xəyal?
Dedi: «Görmürsənmi ki, ap-ayıqdır gözlərim,
Sanki girdaba düşmüş bir qayıqdır gözlərim.
Belə vəziyyətdə heç xəyala dalmaq olar?
Unutmuşam özümü, qalmamışdır ixtiyar».
Eşitdikdə bu sözü əhvalına yandım mən,
Ürəyimin atəşi alovlandı təzədən.
Düşdü mənim yadıma gənclik günləri haman,
Ki, bir yarın zülfünə bənd olmuşdum o zaman.
Vermiş idim könlümü bir insafsız dilbərə,
Unutmuşdum dünyanı, cəmiyyəti bir kərə.
Baxdım yazıq cavana mən də yazıq baxışla,
Şəkiltək səssiz qaldıq, sonra dedim: «Bağışla!
Toxundumsa qəlbinə qəbul et üzrümü gəl,
Barı, ürək dərdini mənə söylə müfəssəl.
Axı mən də sənin tək aşiq idim bir zaman,
Dərd əhliyəm, çəkinmə, macəranı et bəyan.
Sənə kömək eyləmək gəlməsə də əlimdən,
Heç olmasa qəminə bir şərik olaram mən».
Dedi: «Əsla etmərəm öz sirrimi aşikar,
Heç kim mənim dərdimdən olmamalı xəbərdar,
Sirri gizli tutmağı tələb edir məhəbbət,
Ticarətdə xoş olar çənə-boğaz, söz-söhbət.
Sevgilimi hər kəsə necə tərif edim mən?
Rəqibimdir bəlkə də sözlərimi dinləyən».
Sonra dözməyib dedi: «Yoxdur onun nəziri,
Kim o yarı görərsə dərhal olar əsiri.
Dil biləndir, gözəldir, mələk kimi canandır,
Şux gözləri süzərkən işvəsi can alandır».
Dedim: «Mənə söyləmə lətafəti necədir,
De insafı, əxlaqı, ləyaqəti necədir».
Dedi: «Üzü kimidir davranışı, ədası,
Heyran qoyur insanı onun gözəl sədası.
Əgər nöqsan varsa da yarımda aydın, açıq,
Mən ki, görə bilmirəm o nöqsanı azacıq».
İnsafını soruşdum, dedi: «Onu, bilmirəm,
Xasiyyəti mənə də qalmışdır hələ mübhəm.
Mənə nə lütf edibdir, nə göstəribdir cəfa,
Mənə nə vədə vermiş, nə vədə etmiş vəfa.
Nədən bilim o gözəl zalımdır, ya mehriban,
Hələ yaxın görüşə olmamışdır bir imkan.
Ürəyindən bu qədər xəbərim var, o dilbər,
Məni görən zamanda üzümə salmaz nəzər.
Neçə gün bundan qabaq qonaqdım bir evdə mən
Yığılmışdı oraya bir çox sevən, sevilən.
Hər eşqbaz dolanır bir güləndam başına,
Necə ki, pərvanələr dolanar şam başına.
Hamısı rəqs edərək oxuyub şadlanardı,
Bəd nəzərdən iraq, bu məclisdə şənlik vardı,
Biri açıb eşqini edirdi bir-bir bəyan,
Gizli işvə edərək nazlanırdı o canan.
Hər cür söhbət gedirdi eşqin hərarətindən,
Ən çox xumar göz ilə, zülfün lətafətindən.
Mən ki, eşqə nabələd, xam bir yeniyetməyəm?
Deyirdim bəs nə üçün mən arzuma yetməyəm?
Gözlərinə bir qızın deyirdim ruh çalandır,
Yox, yox onun saçları daha çox can alandır.
Bəh-bəh, bunun yanağı qızıl gül tək necə al,
Xoşdur deyən o birin dodağında qara xal.
Qəlbim hərdən cürbəcür fikirlərə dalırdı,
Hər an halım dolanır, başqa bir rəng alırdı.
Özüm də heç bilmirdim baxım hansı afətə,
Bağlıyım öz qəlbimi hansı pəri sürətə.
Bu arada gözləri xumarlanmış bir gözəl,
Kirpiyilə oxladı ürəyimi əlbəəl.
İldırım tək nəzəri çaxdı üzərimə düz,
Varlığımı yandırdı o atəşsiz, tüstüsüz.
O dünya gözəlləri, canlar alan cananlar,
Ürəkləri ovlayan xumar gözlü ceyranlar.
Cümlə bir an içində silindi gözlərimdən,
Necə ulduz yox olar günəş tulu edərkən,
Elə sərxoş eylədi bu badənin buxarı,
Fərq etmədi mənə nə aşağı, nə yuxarı.
Mən məclisi unutdum, tam itirdim özümü,
Bircə onun üzünə zilləmişdim gözümü.
Yenə dəqiq baxmaqla görmədim o camalı,
Tək, başına gələnlər başa düşər bu halı.
Kim günəşə baxarsa gözləri tez qamaşar,
Onu yaxşı görmədən bəbəkləri oynaşar.
Bir də gördüm o dilbər qəzəbləndi nagahan,
Camalını bir hiddət buludu aldı haman.
Qızışdı ol nazənin, dəyişdi gül siması,
Sanki atəş üstündə göründü su damlası,
Lalə kim qızardı camalı öz-özünə,
Jalə kim düzüldü tər damlası üzünə.
Bu hiddəti görüncə o gözəl simada mən,
Heyranlıq yuxusundan ayıldım sanki birdən.
Sezdim ki, baxır bizə kənardan bir bədnəzər,
Buna görə sən demə hiddətlənmiş o dilbər.
Sonra, heç olsun deyə rəqiblərin töhməti,
O bir hiylə işlədib pozdu bu vəziyyəti.
Arvad min hiylə qurar qısa zaman içində,
Hər nə könlü istəsə çatar bir an içində
Arvad dediyin məxluq hər bir işə qadirdir,
Ürəkləri çalmağa xüsusilə mahirdir.
Arvad mövcud olduqca eşqbazlıq qalacaq,
Aşiqini hər zaman dərdə, qəmə salacaq.
Xülasə... hiddətlənib canan qalxdı yerindən,
Bir ayna qarşısında gedib oturdu həmən.
Təsadüfən tuş idi aynaya mənim üzüm,
Camalını orda da buraxmayırdı gözüm.
Bəh-bəh, necə deyim ki, gülərək yavaş-yavaş,
Necə burdu saçını, göz vurdu, oynatdı qaş,
Sonra nazü qəmzəylə o can alan nazənin,
Musiqilə bir nəğmə başladı həzin-həzin.
Pəsdən elə oxudu ruh uçdu təsirilə,
Gözlə qulaq girdilər bəhsə biri-birilə,
Sonra rəqsə başladı qonaqlığa gələnlər,
Başqa bəla üz verdi qəlbimizə müxtəsər.
Hərə bir nazəninlə, mən də o xoş nəfəslə,
Hərləndik ortalıqda min bir şövqü həvəslə,
Fürsəti fövt etmədim, zəiflərkən rəftarı,
Möhkəm qucub belini çəkdim özümə sarı.
Ovcumdakı əlini yavaş-yavaş sıxaraq,
Baxdım onun gözünə məftun aşiqlər sayaq,
Nəzərimə düşəndə o dilbərin nəzəri,
Göründü al üzündə eşqü sevda əsəri.
Asta-asta girişdik pıçıltıyla söhbətə,
Yavaş-yavaş yetirdik söhbəti məhəbbətə,
Əl çatmadı mətləbə, gecə keçib gec oldu,
Arzuları qəlbimin açılmadan tez soldu.
Şərh olmadı istəyim, lənət dedim baisə,
Bu söhbətin mabədi qaldı başqa məclisə,
O getdi, mən qayıtdım evə suyu süzülmüş,
Gözü yaşlı, qəlbi qan, dodaqları büzülmüş.
Çəkilmədi gözümdən bütün gecə xəyalı,
Məni heyran qoymuşdu onun günəş camalı.
Oyaqlıqda, yuxuda o idi tək amalım,
Ancaq onun haqqında düşünürdü xəyalım,
Səhər durub hər yeri dolandım neçə saət,
O cananın evindən xəbər tutdum nəhayət.
Ancaq indi öyrəndim nədir onda nişanə,
Onu görmək qəsdilə axtardım bir bəhanə.
Öyrəndim ki, özündən çox qoca bir əri var,
Zəncir olub, zülfü tək gərdəninə dolanar.
Bir məsəl var deyirlər hər işdə var bir müşkül
Xəznə olmaz ilansız, tikansız da qızılgül.
Bu yolda mən çalışdım qurum incə bir hiylə,
Axtardım çıxış yolu mətləb üçün vəsilə.
Bir az sonra yetişdi bayram--istədiyim gün
Şəhər əhli toplaşıb çölə çıxdı büsbütün.
Hərə bir nazəninlə vermiş idi baş-başa,
Həqiqətdə əcəbdi bu misilsiz tamaşa.
Mən də bu vurhavurda deyirdim kaş o afət,
Gəlib yazıq aşiqə verəydi bir səadət.
Görünmürdu gözümə nə bayram, nə izdiham,
Dörd gözlə dolanırdım, tutmurdu qəlbim aram.
Gördüm çətirlə durmuş bir guşədə nagahan,
Ay üzlü o nazənin, şirin dilli o canan.
Ürəyim əmr edirdi, get yaxınlaş, qorxma sən,
Lakin qorxum çox idi, vüsalına ümiddən.
—Bəlkə biri çıxaraq saldı qovğa, cədəli,
Dedi kimsən, haradan tanırsan bu gözəli?
Huşyar olmaq gərəkdir hər əməldə, hər işdə,
Götür-qoy zərər verməz hər hünərli gedişdə.
Lakin eşq olan yerdə ağıl olar əfsanə,
Ağıllıya deyərlər onda dəli, divanə.
Cumdum onun yanına heç bir şey düşünmədən,
Salam verib dil tökdüm, söz açdım həvəslə mən,
Yadındamı, soruşdum o məclisdə, o zaman,
Ki, yamanca rəqs etdi filan qız, filan oğlan.
Yadındamı oxudu xoş səs ilə bir nəfər,
Otaq yaman dar idi, adam çoxdu... müxtəsər,
Bu sözləri aramsız yağdırırdım ki, birdən,
Qonşu evdən ər çıxdı, sanki girdim yerə mən,
Dedi: filan evə biz indi qonaq gedirik,
Tələs, yubanma, tez ol, yamanca gecikirik.
Baxa-baxa gözlərim, verdi onlar qol-qola,
Şadlığımı puç edib tezcə düşdülər yola.
Yazıq ağlım yenə də oldu yerində çaşbaş,
Ürəyimdən od çıxdı, gözlərimdən axdı yaş.
Bir az keçdi, heyranlıq dəmindən oldum aram,
Birdən düşdü yadıma, o evlə mən də dostam.
Oraya mən də gedib bir küncdə əyləşərəm,
Bəlkə yenə o yarı görüb him-cimləşərəm.
Gedib, bəh-bəh, nə gördüm, qurulmuş xoş ziyafət,
Orada qadın, kişi toplanıb var qiyamət.
Qulaqları kar edir ərğənun və saz səsi,
Hər kəsin bir şüğli, var, hər kəsin bir peşəsi.
Bir neçəsi rəqs edir aralıqda şadiman,
Başqaları həvəslə varaq çəkir durmadan.
Başqası bir cananı çəkibdir bir xəlvətə,
Hər şeyi unudaraq qızışmışdır söhbətə.
Ev sahibi görüncə məni gülüb oldu şad,
Razılıqlar eyləyib, göstərdi çox iltifat.
Sonra ondan ayrılıb yarı gəzdim biqərar,
Gördüm ki, tək oturub bir guşədə o nigar.
Anladım ki, dalğındır, pərtdir o nazikbədən,
Ehtiyatlı addımla yaxınlaşdım ona mən.
Əri bir az kənarda qızışmışdı qumara,
Əhəmiyyət vermirdi o gözləri xumara.
Gəlib durdum onunla qarşı-qarşı, üz-üzə,
Yalvarışlı səsimlə belə başladım sözə:
«Ah, bu gecə nə gözəl, nə şadiman gecədir,
Gündüzdən də işıqlı bir kamiran gecədir.
Nə xoşbəxtəm bu gecə ki, önündə dururam,
Sənin şirin sözünlə dərdimi unuduram».
Dedi: «Mən də çox şadam, çox məmnunam ki, bu dəm,
Sənin kimi bir cənab, olmuşdur mənə həmdəm».
Bu cür yenə qızışdı aralıqda xoş söhbət,
Ehtiyatı unutdum qızışdıqda məhəbbət.
Dedim: «Axşamçağı mən bir məclisdə darıxdım,
Ancaq sənin eşqinlə buraya gəlib çıxdım.
Oradakı cananlar bir-birindən gözəldi,
Ki, hər biri dünyaya sanki bir bəla gəldi.
O pərilər içindən çıxıb gəldim bura mən,
Bəlkə yenə pay alım can bəxş edən ətrindən.
Ta oturum səninlə bir anlıq, ey məhliqa,
Bəlkə mənim dərdimə sən verəsən bir dəva».
Yumşaldı o dilbər, dedi: «Cana minnət var,
Kaş ki, belə məhəbbət daim olsun payidar.
Kaş ki, aşiq eşqinə göstərəydi sədaqət,
Ürəyi qızdıraydı həmişə bu məhəbbət».
Mövqeyi xoş görüncə söhbət açdım ərindən,
Evindən xəbər aldım ki, öyrənim dərindən.
İstədim bəlkə məni dəvət etsin evinə,
Tənha bir gün mənimlə xəlvət getsin evinə.
Mənə könül verirdi, bic-bic gülürdü amma,
Təklifsiz danışırdı hər sözündə müəmma.
Artdı qəmim, kədərim, söndü ümidim yenə,
Elə bil asimandan düşdüm yerin dibinə.
Qəlbimə hücum etdi yenə min dərd, min sual,
Hər sual min xəyaldı, hər xəyal min ehtimal,
Düşdüm bu eşqə, söylə, bu dərdə nə əlac var?

 

(II hissə)

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR