Dərc edildi: Baxış sayı: 1318
Abbasqulu ağa Bakıxanov - Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə
Əldə mey, üzdə gülüş gəldi nigarım bu gecə,
Pis nəzərdən uzaq, ol çeşmi-xumarım bu gecə,
Yar üzü meylə qızarmış, meyi etmiş üzü al,
Nə məharət eləmiş saqiyi-yarım bu gecə!
Mən bilirdim ki, kimə lütfi və ya nifrəti var
Almasaydı əgər o səbrü qərarım bu gecə.
Üzünü yad eləyib gözlərimə axdı qanım,
Batinü zahir olub güllü baharım bu gecə.
Qaşla üz, ayla günəş misli çıxıb bir yerdə,
Nə qiyamət eləyir laləüzarım bu gecə.
Kuyinə düşmək üçün sinəmi yırtmış könlüm,
O çəmənzari dilər bülbüli-zarım bu gecə.
Kakilindən hələ mən bircə dügün açmamışam,
Tökülür, Qüdsi, qələmdən nəki varım bu gecə.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət