Abadlaşan kəndimiz – Saltaq
Günəşin ilıq şüalarının ətrafa yayıldığı bir payız günündə yolumuzu Haçadağın ətəyində yerləşən Saltaq kəndinə salırıq. Rayon mərkəzindən başlanan rahat, abad yolla şütüyən maşının pəncərəsindən ətrafı seyr etdikcə gözlərimiz önündə muxtar respublikamızda uğurla inkişaf etdirilən tərəqqi və inkişafın töhfələrini görürük.
Budur, artıq həmin ünvana çatmışıq. Ulu Tanrı bu kənddən səxavətini əsirgəməyib. Bu yurd yeri payız günündə də yaraşıqlı və cazibədardır. Muxtar respublikamızda nail olunmuş sosial-iqtisadi inkişafın bütün təzahürləri, son illər regionda həyata keçirilən quruculuq prosesləri Saltaq kəndinə müasir görkəm verib.
Bu yaşayış məntəqəsində həyata keçirilən quruculuq tədbirlərinin bir qolunu da təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, kənd və xidmət mərkəzlərinin tikintisi təşkil edir.
Kənddə ucaldılan tam orta məktəbin binası yeni quruculuq ərməğanlarından biridir. Məktəbdə təhsil alan şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Elektron lövhəli siniflərdən, müxtəlif fənn kabinələrindən, idman qurğularından, internetə qoşulmuş kompüterlərdən, zəngin fondu olan kitabxanadan müəllim və şagirdlər səmərəli istifadə edirlər. Yaradılan müasir tədris şəraiti təhsilli və vətənpərvər gənclərin yetişməsinə imkan verir.
Kəndin girəcəyində yerləşən kənd mərkəzinin inzibati binası müasir memarlıq elementləri əsasında inşa olunub. Burada icra nümayəndəliyi, bələdiyyə, baytarlıq xidməti fəaliyyət göstərir, mədəniyyət evi, kitabxana vardır. Yeni Azərbaycan Partiyasının ərazi ilk təşkilatı və polis müvəkkili üçün müasir tələblər səviyyəsində iş şəraiti yaradılıb.
Yaşayış məntəqəsində tikilib istifadəyə verilən həkim ambulatoriyası da sakinlərin ürəyincədir. Ambulatoriyada əhaliyə nümunəvi səhiyyə xidməti göstərmək üçün hərtərəfli şərait var. Bu səhiyyə müəssisəsi də lazımi tibbi avadanlıqlarla, dərman preparatları ilə təchiz edilib. Belə şəraitdə insanların sağlamlığına qayğı göstərmək heç də çətin deyil.
Xidmət mərkəzində ərzaq və sənaye mallarının satıldığı 2 mağaza, ət dükanı, bərbərxana, qadın gözəllik salonu yerləşir. Mərkəzdə 5 nəfər daimi işlə təmin olunub. Kənddə su dəyirmanı və çörək sexi də fəaliyyət göstərir. Burada aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Bir-birinin ardınca yaradılan ailə təsərrüfatları, bitkiçilik və heyvandarlıq məhsulları istehsalı ilə məşğul olur, həmçinin xidmət şəbəkələri inkişaf etdirilir. Sahibkarlığın inkişafına yaradılan şərait kənd adamlarının məşğulluq problemlərinin həllinə kömək olur.
Münbit torpağın, bərəkətli yurdun övladları yenə də bolluq həvəsi ilə çalışır, muxtar respublika iqtisadiyyatının inkişafına sanballı töhfələr verir, halal zəhmətləri ilə özlərinin firavan həyatlarını, xoş güzəranlarını təmin edirlər. Sakinlər söyləyirlər ki, qarşıdan gələn soyuq, payız küləkləri və şaxtalı günlər onları qorxutmur. Çünki kənddə payız-qış mövsümü ilə bağlı bütün tədbirlər həyata keçirilib.
Hava qaranlıqlaşır. Kənddən xoş təəssüratla qayıdırıq. Bütün evlərdə mavi qaz şölələnir. Kəndin sayrışan işıqları göz oxşayır. Kənddə insanların rahatlığı üçün görülən bütün bu işlər, əzəmətli tikinti-quruculuq tədbirləri sakinlərin sosial-rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir.
Mənbə: Nuhcixan.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət