fin memarı, dizayner
ÁALTO Alvar (03.02.1898, Kuortane – 11.05.1976, Helsinki) – fin memarı, dizayner. Müasir fin memarlığının banilərindən biri. Yeni konstruksiya formaları axtarışı, asimmetrik üslub və təbii materiallardan (kərpic, ağac və mis) kontrast istifadə ÁALTO yaradıcılığının əsas xüsusiyyətidir. Kompozisiya sərbəstliyinin şimal təbiəti ilə uyarlığı, xalq memarlığı ənənələrinin avanqard priyomları ilə müasirləşdirilməsi ÁALTO əsərləri (Paymiodakı sanatoriya, 1929–33; Normarkkuda “Mayrea” villası, 1938–39; Otaniemidəki Ali Texniki Məktəb, 1962–65 və s.) üçün səciyyəvidir. Bir çox iri ictimai binaların layihələndirilməsini həyata keçirmişdir (Helsinkidə Pensiya Təminatı İdarəsi, 1952–56; “Finlandiya” sarayı, 1967–71; Reykyavikdə Şimal Ölkələri Evi, 1965–68). Kilsə memarlığı layihələrinin müəllifidir. ÁALTO-nun modern dizaynlı mebel nümunələri dünyada geniş yayılmışdır. ÁALTO müxtəlif ölkələrin memarlarının yaradıcılığına güclü təsir göstəmişdir. 1963–68 illərdə Finlandiya Akademiyasının prezidenti olmuşdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət