Slimfit
  1. CƏMİYYƏT

9 il sonra reyslər açıldı: hansı təhlükə var? – Ekspertlər

9 il sonra reyslər açıldı: hansı təhlükə var? – Ekspertlər
Sakura

9 il sonra reyslər açıldı: hansı təhlükə var? – Ekspertlər

9 illik fasilədən sonra, oktyabrın 1-dən etibarən Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətində test rejimində ilk gecə reysləri xidmətə başlayacaq. Hələlik pilot layihə kimi başlayan və məhdud istiqamətlər üçün nəzərdə tutulmuş reyslər bir çox sərnişinin ürəyincə olub. Lakin dəhşətli avtomobil qəzalarının məhz gecə vaxtı baş verdiyini diqqətə çatdıran mütəxəssislər hesab edirlər ki, şəhərlərarası yolların işıqlandırılması normal vəziyyətdə olmadığı üçün bu reyslərin bərpası təhlükəlidir.

Nəzərə almaq lazımdır ki, sözügedən istiqamətlər üzrə işıq dirəkləri olsa da, işıqlar ya nasazlıq səbəbindən yanmır, ya da qənaət məqsədilə bilərəkdən söndürülür.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən yol-nəqliyyat eksperti Azər Allahverənov bildirib ki, hələlik pilot layihə kimi start verilən gecə reyslərinin bərpasının nəzərdə tutulduğu yollarda işıqlandırma sistemi həyata keçirilir.

“Əsas avtomagistrallarda gecə reysləri bərpa olunacaq, yəni avtovağzaldan avtovağzala. Bu yollarda da gecə işıqlandırılması normaldır. Sözügedən bütün istiqamətlər tam formada işıqlandırılır. Ancaq işıq dirəkləri olduğu halda işıqlar gecə vaxtı yandırılmırsa, bununla bağlı aidiyyəti strukturlar məşğul olmalıdır. Çünki sözügedən istiqamətlərdə magistral yoldur, sürət həddi kifayət qədərdir və yol hamar şəkildə olduğu üçün sürətlə getməyə imkan verir. Yolda bütün təhlükəsizlik tədbirləri də nəzərə alınıb və qarşı-qarşıya avtomobil gəlmir. İki istiqamət üzrə olan avtomobil yolunu xüsusi maneələr ayırır. Belə bir yolda əgər işıq dirəkləri olduğu halda işıqlandırma həyata keçirilmirsə, bu, xüsusi diqqətdə saxlanılmalıdır. “Azərenerji” buna xüsusi diqqət verməlidir”, - A.Allahverənov bildirib.

Hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov isə deyib ki, yollarda ağır hadisələrin mütləq əksəriyyəti qaranlıq vaxtı baş verir. Əsas səbəb də yolda süni işıqlandırmanın olmamasıdır:

“Ləngitmədən bütün avtomagistrallar yüksək səviyyədə işıqlandırılmalı, işıq dirəklərindəki lampalar nəzarətdən keçirilməlidir. Az enerji sərf edən, hətta alternativ enerjidən istifadə edən işıqlandırma sistemi yaradılmalıdır. Həmçinin, bütün yol boyu nişanlanma xətləri müasir işıqqaytarıcı boyalarla işlənməlidir, özü də hərəkət hissələrinin kənarları avtomagistral üçün nəzərdə tutulan 1.2 xətti ilə işarələnməlidir. Ayırıcı zolaqdakı və kənarlardakı qoruyucu sədlər isə standarta uyğun işıqqaytarıcı elementlərlə (üçbucaqlı bayraqcıqlarla) təmin edilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR