Slimfit
  1. AZƏRBAYCAN

600-dən çox balla müəllimliyi seçən gənc: “Bu, uşaqlıq arzum olub”

600-dən çox balla müəllimliyi seçən gənc: “Bu, uşaqlıq arzum olub”
Sakura

600-dən çox balla müəllimliyi seçən gənc: “Bu, uşaqlıq arzum olub”

Vəzifə Şabanova: “Peşəmdən aldığım zövqü başqa bir sahədə ala bilməzdim”

Vəzifə Şabanova 1997-ci ildə Qax rayonunda anadan olub. 2014-cü ildə Qax şəhər Tofiq İsmayılov adına 5 nömrəli tam orta məktəbi bitirib. 2014-cü ildə qəbul imtahanında 604 bal toplayaraq Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin Riyaziyyat müəllimliyi ixtisasına daxil olub. Təhsil Nazirliyinin “Gələcəyin müəllimi” təqaüdünə layiq görülüb. Universiteti bitirdikdən sonra müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib və 53 bal toplayaraq Qax rayonunun Qıpçaq kəndində pedaqoji fəaliyyətə başlayıb.

AzEdu.az "Azərbaycan müəllimi" qəzetinə istinadən onunla müsahibəni təqdim edir:

- Vəzifə xanım, 600-dən yüksək bal toplayaraq müəllimlik peşəsini seçmisiniz. Niyə məhz müəllimlik?

- Müəllim olmaq uşaqlıq arzum olub. Bu həvəs məndə həm ailəmizdə  babamın və xalamın müəllim olmağı ilə, həm də məktəbdə müəllimlərimə olan sevgi ilə yaranıb. Mənim aləmimdə müəllimlik öyrədən, kimlərəsə həyatda yol göstərmək və nümunə olmaqdır. Ümid edirəm ki, necə ki, mən müəllimlərimdən nümunə götürmüşəm, şagirdlərim də məndən nümunə götürəcəklər. Bir sözlə, müəllimliyi sevdiyim üçün müəllim olmuşam. Bir az çətinlikləri olsa da, peşəmdən aldığım zövqü hər halda başqa bir sahədə ala bilməzdim. Öyrətməyi sevirəm.

- Riyaziyyat fənnini tədris etmək, şagirdlərə mənimsətmək çətin deyil ki?

- Təbii ki, məktəbdə tədris olunan bütün fənlərin bu və ya digər mənada çətinlikləri var. Lakin müəllim ondan ötrüdür ki, şagirdlərinə öyrənməyin yollarını öyrətsin, heç bir çətinlikdən qorxmamağı, cəsarətli olmağı, özünə inam hissini formalaşdırsın. Məncə, təlim nəticəsi ən zəif olan şagirdi belə bir az cəsarətləndirsək, onun nəticələrinin yaxşılaşmasına nail olmaq mümkündür.

- 600-dən yüksək bal toplayaraq müəllimliyi seçdiyinizə görə Təhsil Nazirliyi tərəfindən “Gələcəyin müəllimi” təqaüdünə layiq görülmüsünüz.

- Bəli. Bu, mənə həm sevinc, qürur verməklə yanaşı, üzərimə çox böyük məsuliyyət qoyub. Mənim müəllimliyə olan həvəsim daha da artdı və mən daha həvəslə məqsədimə doğru irəliləməyə başladım. Və məhz onun nəticəsidir ki, imtahanda 53 bal toplayaraq öz rayonumda daimi iş yeri qazandım.

- İşlədiyiniz pedaqoji kollektiv haqqında nə deyə bilərsiniz?

- Çox gözəl bir pedaqoji kollektivdə fəaliyyət göstərirəm. İşlədiyim məktəbin müasir və yeni binası, mehriban həmkarlarım və sevimli şagirdlərim var. Mənə qarşı qayğı, metodiki ustalığımı artırmaqda köməklik göstərirlər.

- Sizcə, əsl müəllim necə olmalıdır?

- Mən uşaqlıqdan özümü müəllim kimi təsəvvür edir və xəyallarımda canlandırırdım. Bilirsiniz onda əsas nəyi düşünürdüm? Şagirdlərimin məni çox sevdiyini. Deməli, mənim gözümdə əsl müəllim şagirdləri tərəfindən çox sevilən müəllimdir. Əgər şagird müəllimi sevirsə, onun fənnini də sevəcək, sevdiyi fənnə marağı artacaq və nəticədə təlimin keyfiyyəti yaxşılaşacaq.

- Arzunuz və gələcək planlarınız haqqında  nə deyə bilərsiniz?

- Ən böyük arzum hədəflərini gerçəkləşdirə bilən gənclər yetişdirməkdir. Gələcəklə bağlı planlarım isə lap çoxdur. Hələlik ilk addımlarımdır. Öncə, sözün əsl mənasında, öz sahəmin peşəkarı, müəllim kimi böyük nüfuza malik olmaq istəyirəm. Bunun üçün öz üzərimdə işləyir, işimə çox böyük məsuliyyətlə yanaşıram.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR