Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: “Bədəni ələ gəlmirdi, insan-insana bunu etməz” - FOTO

32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: “Bədəni ələ gəlmirdi, insan-insana bunu etməz” - FOTO
Sakura

32 güllə yarası alan 20 Yanvar şəhidinin xanımı: “Bədəni ələ gəlmirdi, insan-insana bunu etməz” - FOTO

“Yoldaşım gedəndə mənə heç nə demədi. Hər ailədə söz-söhbət olur, biz də yanvarın 19-da öz aramızda bir az dalaşdıq. Sözləşdik, küsüb getdi evdən. Özü ilə pul da götürdü, dedi, bir yoldaş var, ona ev baxmağa gedirlər. Həmin gecə səhərə qədər gəlmədi, səhər qapı döyüləndə Rövşənin ölüm xəbərini gətirdilər. O gün elə bildim ki, kimsə balta ilə kürəyimdən bir zərbə vurdu. O gecə qəddim əyildi, 34 ildir, mən o gecəni unuda bilmirəm”.

Ens.az-ın məlumatına əsasən,bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində 20 Yanvar şəhidi Rövşən Rüstəmovun həyat yoldaşı Ziyafət Rüstəmova deyib. 34 ildir, hər gün yoldaşı ilə küskün ayrıldıqlarını özünə bağışlaya bilməyən Ziyafət xanım həyat yoldaşından geriyə qalan üç övlad payı ilə təsəlli tapdığını deyir.

“300 manat pul götürüb, bəlkə, gəlmədim deyib, getdi”

Ziyafət xanım deyir ki, yanvarın 19-nu adi günlərdən biri kimi yaşayırdılar:

“Heç kimin ağlına da gəlməzdi ki, bir neçə saat sonra qiyamət qopacaq. Evdə hər zaman olduğu kimi, günümüzə davam edirdik. Rövşən o vaxt tikinti şirkətində işləyirdi. Elə ayın 19-u evdən pul götürdü, təxminən 300 manat civarında və getdi. Soruşanda dedi ki, bir yoldaş var, ona ev baxmağa gedirik. Sonda dedi ki, məni gözləməyin, ola bilər, gəlmədim. O bunu nə mənada deyirdi, mən hələ o gün anlamamışdım. Sən demə, haradansa nəsə eşidib, bilirmiş ki, nə isə ola bilər. Rövşən çıxdı getdi, mən də evdə uşaqlarla yenə günə həmişəki qaydada davam etdik. Yemək yedilər, oynadılar, bir də baxdım ki, axşam olub. Axşama yaxın işıqlar da söndü. Biz onda “8-ci kilometr” deyilən ərazidə, Naxçıvanski, 9 ünvanında qalırdıq. O gedəndə günorta saat iki-dörd aralığı olardı.

Özüm Hacı Zeynalabdin Tağıyev kombinatında işləyirdim. Faciədən iki-üç gün əvvəl işdən gecə növbəsindən çıxanda orada rus işçilər belə bir cümlə işlətdilər ki, az qalıb, Bakıda müharibə olacaq. Bunu rus dilində dedilər, mən də rus dilini bilmirdim. Yanımdakı qızdan soruşanda o mənə tərcüməsini dedi. O cümlə yadımdan necə çıxdısa... Rövşən gedəndə kaş onu buraxmazdım. Əlinə, ayağına düşərdim ki, evdən çıxmasın”.

“Nə yatmısınız, camaatı qırırlar, oyanın...”

Şəhid xanımı yuxudan qışqırıq səslərinə oyandığını deyir:

“Heç bilmədim ki, o arvad nə üçün qışqırırdı. Ağlıma gəlməzdi ki, küçədə camaatı güllələyərlər. Rövşən də mənə zəng etməyib, amma anasıgilə xəbər verib ki, Bakıya ordu girir, biz onların qarşısını almağa çalışırıq. Anasıgil Çobanzadə küçəsi, 51 ünvanında yaşayırdılar. Rövşən, iş yoldaşları, bir də bir neçə şəhər sakini Əzizbəyov tərəfdən (hazırkı 20 saylı məktəbin yanı - red.) tankların qabağını almaq üçün mübarizə aparırmışlar. Bunu da qaynım, qayınanam bilib, amma mənə deməyiblər. Gecəni betonun üstündə Rövşəni gözlədim. Səhər saat 6 radələrində qaynım qapını döydü. Elə qapını açanda dedi ki, sakit ol, uşaqlar eşitməsinlər. O an ürəyim qırıldı, bildim ki, Rövşənə nəsə olub. Amma and içdi, dedi ki, ayaqlarından yaralanıb, 3 saylı xəstəxanaya aparmışıq. Qanım dondu, bilmədim nə edim.

Evdə də pul yox idi. Əlimdə olan qızıllarımı götürüb qaynımla getdim. Elə bildim ki, kimsə balta ilə belimdən vurdu, qəddim qırıldı. Elə bildim, xəstəxanaya gedirik, amma gördüm, qayınanamgilə gətirdi məni. Həyətə girəndə gördüm, qayınanam üzünü cıra-cıra “bala” deyib, fəryad qoparır. Mənim də o vaxt 27 yaşım var idi. Elə hadisələr görməmişdim. Mən ömrümdə silah görməmişdim. Qaçdım qayınanamın yanına ki, heç nə olmayıb, xəstəxanadadır. O ərəfədə də komendant saatı saldılar. Qaynımgil xəstəxanaya gedəndə iki rus əsgəri gəldi girdi evə, silahı tuşladılar bizə. Silahın lüləsini baldızımın sinəsinə qoyub: “İşıqları söndürün, səsinizi kəsin, yoxsa güllələyərik sizi”, - dedilər. O gün ömrümüzdən ömür getdi”.

“Qardaşını görənə qədər can verib, onu görüb, canını tapşırıb”

Ziyafət xanım deyir ki, küçədə müqavimət göstərənlər çoxaldıqca bu iki əsgər küçəyə çıxıb:

“O ərəfədə biz də Rövşəni gətirsinlər deyə qapını bağlamadıq. Ölümlə burun-buruna dayanmışdıq. Sonra qaynım mənə danışdı ki, o gün 3 saylı xəstəxanaya gedəndə tibb bacısı deyib ki, Rövşən Rüstəmov sanki ailə yaxınlarını gözləyirmiş. O da birinci başa düşməyib, soruşub ki, nə demək istədiniz? Tibb bacısı da deyib ki, sizi gördükdən sonra son nəfəsini verdi... O qədər qanaxma ilə heç kim sağ qalmazdı, Rövşən möhkəm dayanıb. Hamı onun həyatla mübarizə aparmasına qibtə edirdi. Qardaşını görüb, sonra dünyasını dəyişib.

Rövşəni gətirəndə çox pis vəziyyətdə idi. 32 güllə yarası hələ həkimlərin təyin edə bildikləri idi. Qarın nahiyəsindən o qədər güllə yarası almışdı ki, bədəni tamam açılmışdı. Ətini bir yerə yığa bilmirdilər. Allah heç bir anaya, bacıya, gəlinə əzizini o halda görməyi nəsib eləməsin, çox ağırdır, qızım... İnsan-insana bunu etməz, bala. Rövşən o qədər güllə yarasına, qanaxmaya necə dözüb, bir Allah bilir. Onu evə gətirəndə iki dəfə bükmüşdülər, yenə də qan dayanmırdı. Yoldaşımın bədəni ələ gəlmirdi...

Gecə evdə saxladıq nəşini, heç yerə çıxa bilmirdik. Yoldaşımı torpağa tapşırmağa da qorxurduq ki, küçəyə kim çıxsa, vurub öldürəcəklər. Bir gündən artıq saxlaya bilməzdik, bir zülmlə götürüb apardıq Əmircan qəsəbəsinə, dəfn etdik. Amma sonra bizə dedilər ki, Rövşən şəhiddir, Şəhidlər Xiyabanında dəfn edilməlidir”.

“Yaralı halda qolundan saatını, cibindən təsbehini çıxarıb, ailəmə verin deyib”

Şəhidin xanımı deyir ki, yoldaşının atışma zamanı tankın qabağına keçdiyini çox sonralar öyrənib:

“Əzizbəyov tərəfdə hamı bir-birinə dəstək olub, tankların qabağın almağa çalışırmış. Dedilər ki, Rövşən də geri çəkilməyib. Qoşunların qabağına əliyalın çıxıblar, güllələrə rəğmən, heç kim qaçmayıb. Rövşən yaralananda əynində paltosu olub. Həkim çağırıblar ki, tez gəlsin, yaralıları götürsün. Yerdə qan içində boğulsa da, həkimlə danışırmış. Əlisilahlı əsgərlər həkimin qoluna, başına qundaqla vururmuşlar ki, yaralılara kömək edə bilməsinlər. Rövşənin qanı paltoya elə hopub ki, ağırlıqdan paltonu qaldıra bilməyiblər. Yaralı halda da qolundan saatını, cibindən təsbehini çıxarıb ki, bunu ailəmə, oğluma verərsiniz. O son sözlərini eşidə bilmədik, 34 ildir, əzab çəkirik. Hər il biz o gecəni yenidən yaşayırıq. Şəhid ailələrinin tək təskinliyi bu oğulların, qardaş-bacıların unudulmamasıdır”.

34 ildir tək-tənha üç övlad böyüdən Ziyafət xanımın itkisi tək Rövşən Rüstəmov olmayıb. Doğma qardaşı İslam İslamov Birinci Qarabağ müharibəsində şəhid olub. Ziyafət xanımın nişanlı olan 24 yaşlı bacısı oğlu Kənan Qafarov isə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR