28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi günüdür
İşçilərin təhlükəsiz və sağlam əmək şəraiti təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən etibarən 28 aprel - Ümumdünya Əməyin Mühafizəsi günü elan olunub. Hər il həmin gün üçün BƏT tərəfindən aktuallıq kəsb edən konkret mövzu müəyyən olunur. 2019-cu ildəki Ümumdünya Əməyin Mühafizəsi gününün mövzusu da "Təhlükəsizlik, sağlamlıq və əməyin gələcəyi"dir. İstehsalatla əlaqəli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində hər il həyatını itirənlərin 2,3 milyondan çox olduğunu, peşə xəstəliyinə məruz qalanların sayının 160 milyonu ötdüyünü nəzərə aldıqda əməyin mühafizəsinin iş yerləri üçün vacib məsələlər sırasında olduğunu görərik. Bu gün Azərbaycan da məşğulluq imkanlarının artırılması ilə bərabər, layiqli əməyin təminatı, o cümlədən işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi istiqamətində fəal dövlət siyasətinə malik ölkədir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq hələ 1995-ci ildə qəbul edilən ölkə Konstitusiyasında hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunub. Ulu öndərimizin tapşırıqları əsasında 1997-ci ildə ölkəmizdə vətəndaşların əmək, o cümlədən əməyin mühafizəsi hüquqlarının təmin olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu yaradılıb. 1999-cu ildə isə MDB-də ilk dəfə Azərbaycanda yeni sosial-iqtisadi münasibətlər dövrünə uyğun olan, əməyin mühafizəsi normaları, qaydaları və prinsiplərini də əhatə edən Əmək Məcəlləsi təsdiq edilərək qüvvəyə minib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti ölkə vətəndaşlarının səmərəli məşğulluq imkanlarının ildən-ilə artmasına şərait yaratmaqla, eyni zamanda, işçilərin təhlükəsiz və sağlam əmək şəraitdə çalışmasını nəzərdə tutan dövlət siyasətinin də güclənməsinə imkan verib. Bu sahədə ölkəmiz hazırda 100 illiyini qeyd edən BƏT-lə geniş əməkdaşlıq gündəliyinə malikdir. Ötən dövrdə BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar 21 Konvensiyasını) və bir protokolunu ratifikasiya edən Azərbaycanda milli qanunvericiliyin bu sənədlərə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm işlər aparılıb. Həmçinin əmək mühafizəsi ilə bağlı dolğun qanunvericilik bazası formalaşdırılıb. Əmək Məcəlləsində ayrıca bir fəsildə əməyin mühafizəsi normaları, qaydaları və prinsipləri əksini tapmaqla, əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələblərinin, əməyin mühafizəsi normalarının, standartlarının, qaydalarının əmək münasibətlərinin tərəfləri, digər fiziki və hüquqi şəxslər üçün məcburi olduğu qeyd edilib. Ölkəmiz BƏT-in digər mütərəqqi təşəbbüsləri kimi, "Əməyin gələcəyi" təşəbbüsünə də fəal şəkildə qoşularaq, öz dəstəyini ifadə edir. Bu təşəbbüsə uyğun olaraq, Azərbaycanda milli dialoq formatında silsilə tədbirlər keçirilib. Tədbirlərdə demoqrafik vəziyyətin, miqrasiya proseslərinin, texnoloji inkişafın əmək bazarına təsiri, əmək sferasında baş verən dəyişikliklərə, əməyin gələcəyi ilə bağlı aktual məsələlərə, əmək bazarının gələcək inkişafına dair geniş müzakirələr aparılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət istiqamətlərindən biri də bütün iş yerlərində əmək qanunvericiliyinin tətbiqinə, eyni zamanda, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunmasıdır. Vətəndaş müraciətləri obyektv şəkildə araşdırılaraq, aşkar edilmiş hüququ pozuntularının, eləcə də əməyin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Digər tərəfdən, hazırda aparılan islahatların əsas istiqamətlərindən biri - işçilərin əmək hüquqlarının təminatı, habelə onların əməyinin təhlükəsizliyi və sağlamlığı vəziyyətinin öyrənilməsində obyektiv məlumatların əldə olunmasına imkan verən yeni elektron sistemin tətbiqi, bu sahədə effektiv nəzarət mexanizminin səmərəli təşkilidir. Xidmət tərəfindən əmək qanunvericiliyi və onun tətbiqi ilə bağlı Bakıda və respublikamızın bölgələrində işəgötürənlərin və işçilərin iştirakı ilə ardıcıl şəkildə maarifləndirmə tədbirləri də keçirilir. Bu tədbirlər çərçivəsində əməyin mühafizəsi normalarının, standartlarının, qaydaları, onların tətbiqi barədə ətraflı məlumatlar verilir, işəgötürənlərə bu sahədə metodiki köməkliklər göstərilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət