21 İyunda tarixdə nələr baş verib? - Bu gün Selfi Günü imiş
İyunun 21-də Yerin Şimal yarımkürəsində yay gündönümü dövrü başlanır.
21 iyundan etibarən günlər qısalmağa, gecələr isə uzanmağa başlayır.
***
1893- cü il, iyunun 21-də ilk dəfə şeytan çarxı attraksionu sakinlərin ixtiyarına verilib. Bu panoram attraksion vasitəsilə ilk dəfə şəhəri seyr etmək isə Çikaqo sakinlərinin payına düşüb.
***
21 iyun Dünya Musiqi Günüdür. Bu ideya 1976-cı ildə amerikalı musiqiçi Coel Koen tərəfindən irəli sürülsə də, ilk dəfə qeyd olunması 1982-ci ilə təsadüf edib. Parisdə Musiqi bayramı keçirilməsi ilə əsası qoyulan bu ənənə tədricən beynəlxalq xarakter alıb və hazırda Dünya Musiqi Günü dünyanın 100-dən çox ölkəsində qeyd olunur. Bu gün həm peşəkar, həm də həvəskar musiqiçilər şəhərlərin küçələrində "Musiqi yaradın" devizi altında çıxış edirlər.
***
21 iyun Ümumdünya Humanizm Günüdür. 1986-cı ildən beynəlxalq humanizm və etika təşkilatının təşəbbüsi ilə təqvimə daxil edilən bu gün sülhün bərqərar olması, sosial ədalətsizliyə qarşı mübarizə və insan hüquqlarının qorunmasına yönəlib.
***
21 iyun Ümumdünya Hidroqrafiya günüdür. 2006-cı ildən ümumdünya hidroqraflar təşkilatının təşəbbüsü ilə təqvimə daxil olunan bu gün çaylar, göllər və bataqlıqların mənşəyinin araşdırılması, landşaftın başqa elementləri ilə əlaqəsi və coğrafi xüsusiyyətlərin öyrənilməsində səylərin birləşdirilməsinə yönəlib.
***
Bu gün həm də selfi günüdür. İlk dəfə bü günün qeyd olunması təşəbbüsü ilə 2014- cü ildə ABŞ-da çıxış edilib.
***
21 iyun Beynəlxalq yoqa günüdür. Artıq 5 ildir ki, təqvimə daxil edilən bu gün çərçivəsində yoqanın insan sağamlığında rolu, eləcə də həyat tərzinə çevrilməsinin əhəmiyyəti diqqətə çatdırılır.
***
1933-cü il, iyunun 21-də muğam ustadı, Xalq artisti Tələt Qasımov anadan olub. Tələt Qasımov uzun müddət Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi fəaliyyət göstərib. Ustad sənətkarlardan dərs alan və bir çox muğamları özünəməxsus tərzdə ifa edən Tələt Qasımovun milli musiqi mədəniyyətimizin inkişafında müstəsna xidmətləri olub. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri, xalq mahnıları bu gün də qızıl fondda qorunur.
***
1984-cü il, iyunun 21-də K-1 qaydasız döyüş ustası, "Mauqli" ləqəbli idmançı Zabit Səmədov anadan olub. 9 yaşından idmanla məşğul olmağa başlayan Zabit Səmədov həvəskar və peşəkar karyerasında kikboksinq üzrə dəfələrlə dünya və avropa çempionu titullarını uğurlarının sırasına daxil edib.
***
1037- ci il, iyunun 21-də İslam dünyasının böyük alimi İbn Sina dünyasını dəyişib. Astronomiya, fəlsəfə, riyaziyyat, fizika, kimya ilə maraqlanan İbn Sinanı bəşəriyyətə tanıdan onun tibb sahəsinə gətirdiyi yeniliklər olub. O, tibb aləmində ilk psixodiaqnostik olub, tarixdə ilk dəfə tibb və cərrahiyyəni iki ayrı istiqamət kimi məhz İbn Sina müəyyən edib. "Göz həkiminin dəftəri" kitabı, 4 cildlik tibb ensiklopediyası , müxtəlif fəlsəfi kitabları, astronomiya və metafizikaya aid əsərləri bütün dünyada məşhurdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət