Slimfit
  1. SİYASƏT

20 Yanvar - xəyallarla gerçəkliyin toqquşması

20 Yanvar - xəyallarla gerçəkliyin toqquşması
Sakura

20 Yanvar - xəyallarla gerçəkliyin toqquşması

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, keçən əsrin 80-ci illərində Sovet İttifaqı ərazisində qarşısıalınmaz təlatümlər yaşanmağa başlamışdı. 70 ilə yaxın müddət ərzində kommunizmin qurulacağına inanan sovetlər cəmiyyəti getdikcə kommunizm haqqındakı xülyadan daha çox uzaqlaşır və siyasi sistemin durğunluq, çürümə və iflas mərhələlərini sürətlə addımlayırdı.

Sovet ideologiyasının sükanı arxasına keçən Mixail Qorbaçovun islahatlar və yenidənqurma ideyasının da artıq bu siyasi sistemi xilas edə bilməyəcəyi görünməkdə idi. Tarixin bu həlledici zamanında vaxtilə silah gücünə Sovet çətiri altına gətirilmiş xalqların düşüncəsində milli dirçəliş ruhu oyanmaqda və əsarətdən qurtuluş imkanları axtarılmaqda idi. Kreml də prosesləri anlayır və hər vəchlə qarşısını almaq üçün yollar arayırdı. Lakin Kremlin diplomatiya arsenalında sovet rejiminin icad etdiyi milli münaqişə ocaqları yaratmaq və xalqlar arasında düşmənçilik salmaqla onların milli azadlıq mübarizəsini silahlı yolla boğmaqdan başqa bir üsul yox idi.

Cənubi Qafqazda bu siyasəti həyata keçirmək daha asan idi. Çünki burada hələ 70 il əvvəl Rusiyanın özü tərəfindən yaradılmış və Rusiya maraqlarının forpostu rolunu oynayan Ermənistan adlı əlaltısı vardı. Kremlin əmri ilə Azərbaycan torpaqlarına qarşı təcavüz planını işə salan ermənilər Kremlin oyununda qurban olacaqlarının fərqində deyildilər. Sovet imperiyasını təşkil edən digər xalqlardan fərqli olaraq onlar hələ də Kremlin mifik qüdrətinə inanır və onun vasitəsilə 100 ildən çox qurmağa hazırlaşdıqları Böyük Ermənistan xülyasını yaxın gerçəklik kimi görürdülər. Bir tərəfdən siyasi-iqtisadi sistemin çökməsi ilə ağır sosial şəraitlə üz-üzə qalmış Azərbaycanın digər tərəfdən torpaqlarının da işğal olunması təhlükəsi yarananda xalq “olum və ya ölüm” dilemması qarşısında qalmışdı. Lakin nə ölümdən, nə də olumdan geri çəkilmədi. Ölərək Vətəni qorumaq, ölərək ata-baba torpaqlarında daimi olmaq uğrunda mübarizəyə qərar verdi.

Moskva onun imperialist dayaqlarını laxladan belə bir cəsarəti qəbul edə bilməzdi və Azərbaycan xalqının haqlı tələblərini təmin etmək əvəzinə onu qan gölündə boğmaq qərarını verdi. Bu qərarın özü də namərdcəsinə gizlində və gözlənilməz şəraitdə qəbul olundu. Yanvar ayının ortalarında artıq SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmiş, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda və Salyan kazarmasında yerləşdirilmişdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun əmri ilə əhaliyə heç bir xəbərdarlıq edilmədən SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Fövqəladə vəziyyət yanvarın 20-də saat oo.00-da elan olunmasına baxmayaraq qoşunlar 3 saat əvvəl yanvarın 19-da saat 21.00-da artıq dinc nümayişçilərin üstünə yerimiş və mülki əhalinin qətlinə başlamışdı.

Əməliyyata rəhbərliyi SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin və SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirirdilər.Fövqəladə vəziyyətin elan olunması ilə bağlı rəsmi məlumat isə kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak tərəfindən efirə vermişdi. Fövqəladə vəziyyət yalnız Bakı şəhərində elan edilməsinə baxmayaraq sovet qoşunları yanvarın 25-də və 26-da Neftçalada və Lənkəranda da 8 nəfəri qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Lakin bu qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqının mübarizə əzmini qıra bilmədi, əksinə sovet imperiyası əvvəlcə Azərbaycanda və daha sonra bütün SSRİ ərazisində özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.

Sovetlər dövlətinin bütün ərazisində mərkəzi hakimiyyətə nifrət qazandıran və xalqın azadlıq naminə öz həyatını belə əsirgəmədiyi Qanlı 20 Yanvar gecəsinin qısa tarixçəsi bundan ibarətdir. Bu tarixin içərisində kommunist ideologiyasının anti-bəşəri xisləti və sovet imperializminin sivil insanlıq cəmiyyətinə xas olmayan vəhşi təbiəti və qəddar sifəti var.

Bu tarixçədə əsrlər boyu davam edən erməni xəyanəti, erməni namərdliyi var. Bütün bunlarla yanaşı bu tarixçədə Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmi, öz haqqını qorumaq uğrunda hər an ölümə belə getməyə hazır olmaq şərəfi var. Həmin gecə vəhşicəsinə qətlə yetirilən Azərbaycan xalqı olmadı. Dinc insanların üzərindən keçən tankların tırtılları altında qalan Sovet dövlətinin varlığı və mövcudluğu oldu. Həmin gecə vəhşıcəsinə güllələnən Azərbaycan xalqı deyildi, ermənilərin “böyük Ermənistan” arzuları idi. Odur ki, bu qətliamdan sonra da xalqın azadlıq mübarizəsi bir an belə səngimədi, ölkə azadlığa da qovuşdu, torpaqlarını da vuruşaraq özünə qaytardı. Odur ki, bu gün Azərbaycan xalqı alnı açıq yaşamqda və öz xoşbəxt gələcəyini qurmmaqda davam edir. Amma nə Sovet dövləti var, nə də “Böyük Ermənistan”. Onların heç biri bir daha olmayacaq. Nə xəyallarda, nə də gerçəklikdə.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala döyüşündə təyyarəyə atəş edən 2 top və Osmanlı əsgərləri

Redaktor seçimi

SON XƏBƏRLƏR