Slimfit
  1. TARİX

1924-cü ilin Rus bələdçisi kitabçasında Bakı və Azərbaycan

1924-cü ilin Rus bələdçisi kitabçasında Bakı və Azərbaycan
Sakura

1924-cü ilin Rus bələdçisi kitabçasında Bakı və Azərbaycan

Nadir və köhnə nəşrlərin ticarəti ilə məşğul olan onlayn bir hərraca baxarkən maraqlı bir nüsxəylə - Sergey Anisimovun "Qafqaz diyarı. Bələdçi " adlı kitabıyla qarşılaşdım.

Məni ilk növbədə tanınmış rus səyyahı, Qafqaz üzrə mütəxəssis olan, açıq təsvirləri ilə tanınan müəllif maraqlandırdı.

Bir qədər müəllif haqqında

Sergey Sergeyeviç Anisimov (1876 - 1948) - tanınmış hüquqşünas, yazıçı, ölkəşünas və səyyah. SSRİ Yazıçılar Birliyinin üzvü və coğrafiya elmləri namizədi.

Sergey Sergeyeviç Anisimov (1876 - 1948)

  • İnqilabdan əvvəl bir sıra yüksək səviyyəli proseslərdə iştirak edib, sürgündə belə olub, 1905-ci ildə vəkillərin Ümumrusiya İttifaqının formalaşmasına təşəbbüs göstərib, 1917-ci il fevral hadisələrindən sonra Əmək xalq sosialist Partiyasını yaradıb.
  • İnqilabdan sonra 30-dan çox kitab yazıb, nəşriyyata rəhbərlik edirdi, sovet turizmini qaydaya  salır və təşkil edirdi, mühazirələrlə çıxış edirdi.
  • Müharibə illərində 70 yaşlı Ansimov döyüşçülər qarşısında öz hekayələri ilə çıxış edirdi.

O, sarsılmaz iradə və enerjiyə malik bir insan idi, amma onu yalnız Qafqaz haqqında söhbət düşərkən "böyük" adlandırırdılar. Görüşlərdə və mətbuatda o, "Qafqazın böyük tədqiqatçısı" deyə təqdim olunurdu.

Qafqaz səyahətləri

1913-cü ildə həyat yoldaşı ilə birlikdə Gürcüstana səyahət edən zaman Qafqaza düşən Kursk vilayətinin sakini Anisimov, qarşısına çıxan bu yeni dünya ilə dərindən sarsılmışdı. Üstəlik həm buranın təbiəti, həm də orada yaşayan xalqlar onu heyrətləndirmişdi. Deyə bilərik ki, bu, ilk baxışdan sevgi idi.

Bundan sonra o, hər yay Qafqaz və Zaqafqaziyaya səyahət edir, bütün bölgəni dərindən öyrənirdi. 14 ekspedisiya təşkil edir, bələdçi kitabçası və esse yazır.

Sergey Sergeyeviç Anisimov, bəlkə də, XX əsrin ilk üçüncü hissəsində Qafqazda yalnızca öz gördüklərini təsvir edən yeganə tədqiqatçıdır . Siyasi mətnaltılar və ya "böyük güc şovinizmi" olmadan. Bəlkə də məhz buna görə onu və kitablarını unutmağı tərcih etdilər.

O nə Sovet Ensiklopediyasında, nə də Vikipediyada yoxdur və yeganə qeyd - 2009-cu ilin Ensiklopedik lüğətindədir ki , o da son dərəcə mənasızdır və praktik olaraq əsas mahiyyəti işıqlandırmır:

Anisimov Sergey Sergeyeviç

Siyasi xadim, hüquqşünas, yazıçı.  Ümumrusiya Hüquqşünaslar Birliyinin (1905) və Xalq Sosialist Əmək  Partiyasının (1917-ci ildə onun Mərkəzi Komitəsinin üzvü olub)  yaradılmasında iştirak edib. “L.N. Tolstoyun yaradıcılığının öyrənilməsi və yayılması Tərəfdaşlığı” nın təşkilatçısı (1918),  “Zadruqa” nəşriyyatının rəhbərlərindən biri (1918-1922) olub.  1905 1907-ci il hadisələrinə dair oçerklərin,  Qafqazın coğrafiyasına dair əsərin,  XX əsrin əvvəllərində baş verən siyasi proseslərə dair xatirələrin müəllifidir. 

Kitablarından yalnız birini -  400 səhifədən çox mətndən ibarət olan “Bələdçini» oxuduqdan sonra Anisimovun və onun işinin unudulmasının səbəbini anlayıram. Onların içərisində Qafqaz hökumətinin və Zaqafqaziya bölgəsindəki real vəziyyətin təsviri var idi ki , bu da Sovet hökumətinin sonrakı siyasətinə o qədər də uyğun gəlmirdi.

Xüsusilə, milli respublikaların yaranması məsələsi. Bəziləri monoetnik hala gəldi, baxmayaraq ki, Anisimovu kitablarında oraları qarışıq əhali olan torpaqlar (yumşaq desək) kimi təsvir edirdi.

Qorunub saxlanılan yeganə fotosu:

Sergey Anisimov

Qafqaz bölgəsi. Qafqaz üzrə bələdçi

Xatırladaq ki, kitab 1924-cü ildə çap olunsa da, əvvəllki səyahətlər haqqında da məlumatlar var. Həmçinin,  Sovet dövründən əvvəlki dövrü və ya Sovet hökumətinin Qafqazda möhkəmlənməyə başladığı ilk vaxtları təsvir edir.

"Qafqaz Bölgəsi" Səyahət Bələdçisi

Azərbaycanın təsvirinə keçmədən əvvəl şəxsən mənə maraqlı gələn bir neçə məqamın üzərində dayanacağam 

  1. Məsələn, “Ümumi məzmun” adlı giriş hissəsində Anis, Qafqaz regionunun əhalisinin sayı haqqında yazır:

Hazırda Qafqaz xalqları saylarına görə bu cür bölünür: tatarlar, gürcülər və ermənilər, - əsas xalqlar bunlardır. Sonra: kalmıklar, yunanlar, türklər, farslar, kürdlər, talışlar, tatlar, kumıklar və çoxsaylı dağlı tayfaları gəlir ki, adları daha çox eşidilənlər abxazlar, kabardinlər, osetinlər, çeçenlər və bir sıra digərləridir.

Qafqaz xalqlarının sayı

Maraqlıdır ki, tatarları (azərbaycanlıları) türklərdən, farslardan, kürdlərdən, talışlardan və tatlardan ayırır. Yəni:

  • Bir tərəfdən, bu, azərbaycanlıların indi dəbdə olan (yaramazlar arasında) olduqca qarışıq bir millət olması tezisini təkzib edir. Həm mədəniyyət baxımından yaxın olan - tatarlardan, həm də eynidilli olan- Anadolu türklərindən ayırd edildiyini görürük.
  • Digər tərəfdən, Azərbaycan millətinin çoxluğunun sovet dövründə digər xalqların assimilyasiyasından qaynaqlandığı barədə rəy təkzib olunur. Görürük ki, əsrin əvvəllərində də azərbaycanlılar Qafqazın və Zaqafqaziyanın çoxsaylı millətlərindən olub.

2. "Qafqaz bölgəsinin etnoqrafik və məişət bölmələri"ni təsvir edərək (fəslin adı çəkilir) Anisimov eyni zamanda Qarabağdan da bəhs edir:

Gəncə - keçmiş xanlıq, hazırda Gəncə qəzası

Qarabağ - iqamətgahı Şuşa olan keçmiş xanlıq, hazırda Şuşa və Cavanşir, Gəncə və Cəbrayıl qəzaları

Qarabağ

Bütün yer adları sırf Azərbaycan dilindədir. Üstəlik, fəslin adına nəzər yetirsək, bunlar yaxşı qurulmuş, əsrlərdir oxunan, təkcə məişət deyil, həm də etnoqrafik adlardır.

3. Böyük icazə ilə verilən xəritəyə nəzərə salsaq bir çox maraqlı kəşfləri özündə ehtiva etdiyini görərik.

Ən çox Sevan gölünün türkcə adlandırılmasına təəccübləndim - Göyçə:

Üstəlik, məsələnin sonrakı tədqiqatı aşkar etdi ki, o, həmçinin Brokqauzanın və Efronun Ensiklopediya lüğətində də belə adlanır!.

Ancaq bu Vikipediyadan götürülüb:

"Gekçe-deniz" adına XVI əsrdə oğuz qəhrəmanlıq dastanı olan "Kitabi Dədə Qorqud" un əlyazmasında rast gəlinir.

Anisimov özü gölün adının izahını verir:

Göyçə gölü

Göyçə gölü (göy- çay türkcə mavi su) kiçik Qafqaz dağlarının demək olar ki, ortasında yerləşir. Əgər uzaq ulduzlar və azad quşlar kimi yuxarıdan Kiçik Qafqaza baxsaq, o halda Göyçə, dağların "Mavi gözü" kimi təsəvvür olunar. Onun uzunluğu 67 verst, eni isə ən geniş hissədə - 30 verstdir. Göl 1200 kv. verstlik hövzəni əhatə edir. 

Ancaq ətrafındakı yaşayış məntəqələri haqqında yazdığı daha maraqlıdır:

Hələ 90 il əvvəl Göyçə gölü hövzəsində elə də insan yaşamırdı. Ancaq 1828-ci ildə onun yerləşdiyi İrəvan quberniyası Rusiyaya birləşdirildi; bundan sonra oraya Türkiyədən gəlmə on min erməni yerləşdirildi. Təxminən 20 il sonra buraya Samara quberniyasından molokanlar sürgün edildi; elə həmin vaxt Göyçə gölünün sahillərində daha bir neçə yeni erməni və tatar yaşayış məskənləri meydana gəldi.

Sonra o yazır:

Molokanlar tarla əkinçiliyi ilə məşğuldurlar. Onlar yer əkir, taxıl biçirlər, dənizdən təxminən iki kilometr yüksəklikdə ot biçirlər.

Tatarlar və ermənilər yarı köçəridirlər: erkən yazdan inəklərini və qoyunlarını çıxarır və qışa qədər onlarla birlikdə dağlara gedirlər.

Görün nə alınır. Sevan (Göyçə) ətrafında ermənilər və ruslar süni şəkildə məskunlaşıblar və qəsəbələrdə azərbaycanlılar özləri yaşayırlar. Yəni, İrəvan əyalətindəki Azərbaycan əhalisinin sıxlığı o qədər yüksəkdir ki, təbii olaraq yaşayış olmayan ərazilərdə məskunlaşırlar.

4. Tarixdə bu seçmələri çox sevmirəm. Məncə, nə oldu, oldu, gələcəyə baxmalıyıq və keçmişə (bəzi qonşularımızın etdiyi kimi ) ağlamamalıyıq. Amma Göyçə-Sevana ilişib, Anisimovun ifadəsində diqqəti İrəvana yönəltməyə bilməzdim.

Tarixi arayış. İrəvan VII əsrdə Ərməniyyəyə ərəblərin hökmranlığı ilə məlumdur. Uzun müddət türklər və farslar arasında mübarizə predmeti olub. 1582-ci ildə türklər burada  qalıqları indiyədək duran qala tikiblər. 1604 - cü ildə farslar yeni qala divarları qurublar. 1827-ci ildə qala Rus qoşunları tərəfindən tutulub.

Arxeoloji abidələr. Qalada sərdarın keçmiş sarayı və məscidi, yunanlar tərəfindən tikilmiş, türklər tərəfindən məscidə çevrilmiş, farslar tərəfindən bir ara barıt zirzəmisi olmuş və yenidən məscid kimi bərpa edilmiş kilsə məbədi vardır. Şəhərdə gözəl həyəti və çoxəsrlik ağacları olan məscid yerləşir. 

Azərbaycan

Anisimovun Azərbaycan haqqında yazısı çoxdur (məsələn, Ermənistan haqqında təxminən 11 səhifə, Azərbaycan haqqında 40 səhifədən çox), buna görə də hər şeyi, hətta istəsəm belə məqalənin formatına sığışdırmaq mümkün deyil. Maraqlı görünən şeylər üzərində dayanacam.

Azərbaycanlılar

Keçən əsrin 20-ci illərində azərbaycanlı yaşlılar

Tədqiqatçının əsl görüşünün, irəli sürülən təbliğatdan nə ilə fərqləndiyi maraqlıdır. Kiməsə əzilmiş, itaətkar qul, ziyalı xalqlar tərəfindən azadlıq və müstəqillik verilmiş Azərbaycanlı kəndlisi obrazı yaratmaq sərf edirdi. Anisimovun yazdığı isə budur:

Zaqafqaziya tatarları.  Bütün Kür çayı vadisində - Alazan çayının töküldüyü yerdən Xəzər dənizinə qədər Zaqafqaziya tatarları yaşayırlar. Onların bir hissəsi öz heyvan sürüləri ilə köçəri həyat sürür, qalanları oturaq həyat tərzi keçirir. Tatarlardan başqa XIX əsrin son 50 ilində buraya xeyli sayda pravoslav inancından dönmüş rus təriqətçiləri: molokanlar, duxoborlar və başqaları sürgün olunublar. Burada bir neçə alman koloniyaları da var. Tatarlar öz xasiyyətində görə qonşu gürcülərdən ciddi şəkildə seçilirlər: onlar həmişə azad adamlar olublar, təhkimçilik zülmünün nə olduğunu bilməyiblər. Bundandır ki, onların xarakterlərində köləlik yoxdur. Demək olar ki, hamısının sifəti ciddi və ötkəmdir. Onlar müstəqil adamlardır, öz dəyərlərini bilirlər. 

Tatarların böyük əksəriyyəti heyvandarlıqda, əkinçilik, bağçılıq və sənətkarlıq işlərində çox fəal və əməksevərdirlər. Onlar bağ və sahələrdəki işlərini çox dəqiqliklə aparırlar. Tatarların mal-heyvanları çoxdur, onların atları, iribuynuzlu heyvanları iri və gözəldirlər. 

Söhbət Azərbaycanlıların köçürülməsindən gedir:

Tatarlar yalnız Kürün aşağı hövzəsində deyil, bütün Şərqi Zaqafqaziyada yaşayırlar. Onlar Baki, Yelizavetpol quberniyalarında və İrəvan-Naxçıvan muxtar vilayətinin bir hissəsində yaşayırlar. Bu Azərbaycan Sovet Sosialist Respublikasıdır. Onun mərkəzi Bakı şəhəridir. Azərbaycan SSRİ 74.7 min kv. verst əraziyə, 450 min şəhər əhalisinə və 1 milyon 555 min kənd əhalisinə, ümumilikdə 2 milyon .005 min əhaliyə malikdir. Əhalinin 1 kv. verst üzrə  orta sıxlığı 27 nəfərdir. Zaqafqaziya tatarları hamısı müsəlmandır. Onların böyük əksəriyyəti şiə, az hissəsi sünnüdür. Onlar Zaqafqaziya xalqlarının türk qrupuna aiddilər və Azərbaycan dili adlanan dildə danışırlar. 

Budur, başqa bir maraqlı foto: öküzlərə qoşulmuş araba.

20-ci əsrin əvvəllərində Azərbaycanda araba

Bakı

Qala divarı. Bakı

Bu şəkli Anisin özününmü çəkdiyini , ya da əvvəllər haradansa götürdüyünü bilmirəm, amma hər şey 19-cu əsrə çox oxşayır.

20-ci əsrin əvvəllərində, qərb divarının yanında, qəşəng bir Qubernator Bağı var idi, Şamaxı qapıları qoyulmuşdu, Bulvar tərəfi düzəldilmişdi. Yeganə seçim şərq divarı idi. Qalanın şərqində, Qara şəhər istiqamətində tikinti daha gec həyata keçirildi. Ancaq eyni dərəcədə deyil.

Digər tərəfdən, divarın arxasında olduqca müasir binaları görmək olar. Burada nə isə aydın deyil.

Budur Bakının şəkli, şəhərin ümumi görünüşü:

Bakı

Düşünürəm ki, bu fotolar bölgələrə ilk səfərləri zamanı çəkilib. İnqilabdan əvvəl .

Anisimovun Bakı haqqında yazdığı budur:

Bakı

Azərbaycan SSRİ-nin mərkəzidir. Burada bütün  mərkəzi qurumlar yerləşir, Abşeron yarımadasındakı neft sənayesinin mərkəzidir və Xəzər dənizində daşımalar üzrə ən böyük liman şəhəridir. Bakı buxtası 22 verstlik sahil xəttinə malikdir. Bakıda   neft sənayesi hesabına sürətlə yüksəlmiş müasir yarım-amerikan tərzi və  Şirvanşahların qədim iqamətgahının olduğu köhnə şəhər bir-birindən kəskin surətdə fərqlənir. Birincidə universitet, kontorlar, mağazalar, paytaxta xas görkəmli küçələr, gözəl dənizkənarı bulvar, səs-küylü, qələbəlik liman var. İkincidə tatar və farslar köhnə xan sarayının ətrafına sığınıblar. Burda məscidlər, minarələr, dar və gözəl küçə- dolanbaclar, yastı damları olan evlər, tünd dükan və piştaxtaların cərgələndiyi Şərq bazarı var. 

Əlbəttə, orda daha çox mətn var. Neftə daha çox diqqət yetirilir, amma rəqəmlərin sayı fikirlərdən daha çoxdur . Ancaq Sabunçu stansiyanın bənzərsiz bir fotoşəkili var (baxmayaraq ki, orada heç nə tanıya bilmədim):

Və bir az da tarixi abidələr haqqında:

Arxeoloji abidələr

1) Şirvanşahlar sarayı. Burada cümə məscidi və divanxana var. XV əsr ərəb üslubundadır. Boz-sarı daşdan tikilmiş monumental binadır. Saray qala divarlarının qalıqları arasında yerləşir. Burada əsası 1078-ci ildə qoyulmuş məscidin xarabalıqları da var. Onun yalnız kümbəzi və divarları, eləcə də bəzi qopmuş daş çərçivələr və naxışları qalıb. 

2) Qız qalası. Bir müddət əvvəl mayak rolu oynayırdı, sonra dəniz əmlakı anbarına çevrildi. Qalanın başına 115 pillə qalxır  və oradan dənizə və Bakıya geniş mənzərə açılır. 

3) Su altında qalmış qala divarları. Sahildən 206 sajen aralı suyun üzərində IX-X əsr ərəb üslubunda olan qədim qala divarlarının qalıqları görünür. İndi onlar balıqçı qayıqları üçün liman rolunu oynayır. 

Yuxarıda göstərilən arxeoloji abidələr müxtəlif cür anbarlara çevrilməklə,  tikinti və  müxtəlif düzəlişlərlə eybəcərləşdirilsələr də, turistlərin gözündən onların gözəl memarlıq üslubu və formaları qaçmır. 

Suyun üzərindəki qala divarları tam aydın deyil. Sahildən üç dəfə uzaq məsafədə yerləşən və 1936-cı ildə kəşf edilən Səbail qalası ola bilməz. Bəs bu nədir?

Sonra Anisimov yenidən neft yataqları haqqında yazır. Bibiheybət haqqında danışır. Daha sonra səfəri zamanı 80 zavoddan ibarət olan Qara Şəhər haqqında! (Çox güman ki, kiçik özəl müəssisələr).

Lakin onu daha çox heyrətləndirən , palçıq vulkanları idi. Onlara ayrıca bir fəsil həsr edir:

Abşeron yarımadasında Böyük Qafqazın şərq qurtaracağında yerin təki elə də sakit deyil. Burada yanar qazlar, neft və bütün yarımada boyu özünəməxsus olan palçıq vulkanlar püskürür. Dəniz sahili son 900 il ərzində iki dəfə qabarma və çəkilmə nəticəsində bir neçə sajen azalıb və artıb. Yaxındakı adaların hamısı yeraltı qüvvələrin təsiri ilə yüksəlib. Onlardan biri olan Kumani adası suyun altından 40 il əvvəl qalxıb. Bakının cənub hissəsində dənizin dibindən qazlar elə şəkildə çıxır ki, ordakı bütün su qazanxanada olduğu kimi qaynayır. Ora yanan bir şey atmaq kifayətdir ki, bütün səth alova bürünsün. 

Bakıdan bir az aralıda üzən ərazidə torpağın təkindən yanar qaz çıxır.

Olduqca maraqlı olsa da, burada göstərilmək üçün olduqca böyük həcmdədir. Əbədi yanar ocağı ilə tanınan Suraxanı, Biləcəri yaxınlığındakı Bozdağ böyük palçıq vulkanı, Lökbatan vulkanı, Ələtdəki mövcud vulkanlar haqqında yazır.

Mənbə: Визит в Азербайджан

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR