19 nəfərin nəticəsi ləğv olunub
Martın 12-də keçirilmiş buraxılış imtahanlarının nəticəsi açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu imtahanlarda iştirakı nəzərdə tutulan 50823 nəfərdən 485 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 19 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 3 may tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 26-28 aprel tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət