Slimfit
  1. MƏDƏNİYYƏT

15 aprel Dünya İncəsənət Günüdür

15 aprel Dünya İncəsənət Günüdür
Sakura

15 aprel Dünya İncəsənət Günüdür

15 aprel Dünya İncəsənət Günüdür. Əlamətdar gün ötən il UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında (12-27 noyabr 2019-cu il) təsis olunub.

Bu il birinci  dəfə UNESCO bayrağı altında qeyd olunan bu gün incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək məqsədi daşıyır.

UNESCO-nun rəsmi saytında bununla bağlı dərc yayılan məlumatda qeyd olunur ki, incəsənət, bütün dünyada insanların yaradıcı potensialına, innovasiyalara və mədəni müxtəlifliyə zəmin yaratmaqla bərabər, bilik və bacarıqların mübadiləsində və dialoqun təşviqində mühüm rol oynayır. 15 aprelin “Dünya incəsənət günü” qeyd edilməsi bədii yaradıcılıq və cəmiyyət arasında bağların möhkəmləndirlməsinə  kömək edir, incəsənət adamlarının davamlı inkişafa töhfələrini bir daha diqqətə çatdırır. Bu həmçinin məktəblərdə bədii təhsilin vacibliyini, hər kəs üçün ədalətli və inklüziv təhsilin əhəmiyyətini vurğulamaq üçün daha bir imkandır.

Onu da qeyd etmək lazımdır ki, 15 aprel Dünya İncəsənət Günü kimi beynəlxalq mədəniyyət təqvimində yeni olsa da, əslində, bu günün mədəniyyətlə bağlı bir tarixi var. İndiyədək 15 aprel dünyada qeyri-rəsmi olaraq “Beynəlxalq mədəniyyət günü” kimi qeyd olunurdu. Bu tarix isə 1935-ci il aprelin 15-də rusiyalı rəssam, arxeoloq və yazıçı Nikolay Rerixin təşəbbüsü ilə Vaşinqtonda “Bədii, elmi müəssisisə və tarixi abidələrin qorunması haqqında” müqavilənin (“Vaşinqton paktı” və ya “Rerix paktı” adlanır) imzalanması ilə  bağlı idi.

Sözügedən pakt mədəni irsin qorunması ilə bağlı ilk beynəlxalq sənəd sayılır. Sənədi 20-yə yaxın ölkə imzalamışdı. Sonradan bu paktın bır sıra müddəaları BMT və UNESCO-nun mədəni irslə bağlı sənədlərində əksini tapıb və inkişaf etdirildi. 90-cı illərdə Moskvada yerləşən Beynəlxalq Rerix Mərkəzinin təşəbbüsü ilə yaradılan Beynəlxalq Mədəniyyətin Müdafiəsi Liqası tərəfindən 15 aprel “Beynəlxalq mədəniyyət günü” kimi irəli sürüldü və ayrı-ayrı ölkələrdə (Rusiya, İtaliya, İspaniya, Argentina, Meksika, Kuba və s.) qeyri-rəsmi qeyd edilməyə başlandı.

İndi isə bu tarix beynəlxalq mədəniyyət təqvimində artıq konkret mahiyyət və məqsədi olan gün kimi öz yerini tutub.

Azərbaycan xalqı da qədim zamanlardan zəngin mədəniyyəti ilə tanınaraq bəşəriyyətin mədəni irsinə öz töhfələrini verib. Tarix boyu xalqımızın mədəni özünəməxsusluğu qorunaraq yeni nəsillərə ötürülüb.

Dünyada hər bir xalq öz mədəni dəyərlərinə, mədəni irsinə sahib çıxaraq onu təbliğ və inkişaf etdirməyə çalışır. Əks halda özünəməxsusluğunu qoruya, yaşada bilməz. Sevindirici haldır ki, Azərbaycan beynəlxalq aləmdə malik olduğu zəngin mədəni irsi ilə tanınır. Ölkəmiz dünyanın nüfuzlu qurumları, o cümlədən ən böyük mədəniyyət təşkilatı olan UNESCO ilə sıx əməkdaşlıq edir. Bir sıra maddi və qeyri-maddi mədəni irs nümunəmiz bu təşkilatın müvafiq siyahılarında öz yerini alıb.

Mədəni irsimizin qorunması, gələcək nəsillərə çatdırılması və dünyada tanıdılmasında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri təqdirəlayiqdir. Heydər Əliyev Fondu Azərbaycan mədəniyyəti ilə yanaşı, dünya mədəni irsinin qorunması və bərpasına da töhfələrini verir.

Uzun illərdir davamlı olaraq respublikamızda həyata keçirilən beynəlxalq festivallarda, rəngarəng mədəni tədbirlərdə, maraqlı layihələrdə dünyaca məşhur incəsənət xadimləri iştirak edirlər.

Təəssüf ki, bu günlər dünyanı cənginə almış koronavirus (COVID-19) infeksiyası ilə bağlı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bir sıra mədəni tədbirlərin həyata keçirilməsi təxirə salınıb. Məqsəd bəşəriyyətin başının üstünü almış bu təhlükədən ölkəmizin vətəndaşlarını qorumaqdır. Bununla belə, mədəniyyətimizin davamı və inkişafı üçün zəruri işlər həyata keçirilir. Mədəniyyət Nazirliyinin rəsmi "Facebook” səhifəsi vasitəsilə ictimaiyyətə müraciət ünvanlayan nazir Əbülfəs Qarayev xalq ruhunun dəyərini bir daha hiss etdiyimiz bu günlərdə hər kəsi dövlət qurumları tərəfindən elan olunan zəruri sosial izolyasiya tədbirlərinə əməl etməklə yanaşı, çağdaş texnoloji imkanlar – televiziya, internet, mövcud elektron resurslar vasitəsilə bu zənginliklə, mədəniyyətimizlə sıx təmas qurmağa çağırıb.

Müraciətdə qeyd olunur ki, tətbiq edilən sosial izolyasiya tədbirləri çərçivəsində təhsil ocaqlarının, mədəniyyət müəssisələrinin fəaliyyəti müvəqqəti dayandırılsa da, müasir informasiya vasitələri ilə bu fəaliyyəti müəyyən məcrada davam etdirmək mümkündür. Mədəniyyət Nazirliyi də, öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələri əsasında qurmaqla bərabər, mədəni irsimizin və incəsənətimizin televiziya və internet üzərindən insanlara dolğun şəkildə çatdırılması üçün silsilə layihələr həyata keçirir. Çünki bu günlər insanların mədəni zənginliklə təması, ünsiyyəti xüsusilə vacibdir. Belə bir şəraitdə mədəni dəyərlərimiz bizlərə müsbət enerji və ruh qaynağı ola bilər. Bu məqsədlə həyata keçirilən mədəni təşəbbüs və layihələr böyük maraqla qarşılanır.

Nazirliyin təşəbbüsü ilə başladılan  “Evdə qal, evdə yarat” kampaniyasına yaradıcı insanlarımız öz dəstəyini verir. Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı tərəfindən “Bizi birləşdirən mədəniyyət” adlı telelelayihələr həyata keçirilir. Nazirliyin təşəbbüsü ilə ölkəmizin bütün televiziya kanallarında “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan bədii filmlərin ödənişsiz olaraq nümayiş etdirilməsinə şərait yaradılıb. Nazirlik və telekanalların əməkdaşlığı əsasında mədəni irsimiz və incəsənətimizin digər sahələri bağlı yeni birgə layihələr hazırlanaraq reallaşdırılır.

Nazirliyin internet saytında (mct.gov.az) və sosial şəbəkə səhifələrində mədəniyyətimizin bütün spektri ilə yaxından tanış olmaq üçün elektron resurslar, faydalı mənbələrə keçidlər vardır. Teatrlar fəaliyyətlərini müvəqqəti dayandırsalar da, repertuarlarından seçmə tamaşaları öz saytları və sosial şəbəkə səhifələrindən nümayiş etdirirlər. Kitabxanalarımızın zəngin elektron resurslarından istifadə imkanları, onlayn xidmətləri bu günlər daha da genişləndirilir. İnsanlar evlərində oturub muzeylərimizin ekspozisiyalarını virtual ziyarət edə, mədəni irsimizlə bağlı onlayn mühazirələr dinləyə, maraqlı məlumatlar ala bilərlər. Mədəniyyət qoruqlarını internet üzərindən virtual ziyarət imkanları da mövcuddur.

Bir sözlə, Azərbaycanın mədəni zənginliyini, tarixi irsimizi, incəsənətimizi evlərimizə gətirmək, insanlarım mədəniyyətlə təmasını genişləndirmək üçün bütün imkanlar səfərbər edilib.

"Bu günlər hər birimiz özümüzün, yaxınlarımızın və bütün xalqımızın sağlamlığını düşünməli, rəsmi dövlət orqanları və mütəxəssislər tərəfindən edilən tövsiyələrə riayət etməliyik. Unutmayaq ki, qəbul edilən bütün qərarlar xalq, toplum olaraq hamımız üçün vacibdir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında müvafiq dövlət qurumlarının və cəmiyyətimizin birgə səyləri ilə ölkəmiz bu çətin sınaqdan qısa zamanda çıxacaq” – deyə müraciətdə vurğulanır.

Bu günlərdə insanlarımızdan tək istəyimiz odur ki, dövlətin hər birimizin və bütövlükdə xalqımızın sağlığı, gələcəyi naminə həyata keçirdiyi sosial izolyasiya və xüsusi karantin rejiminə tam şəkildə riayət etsinlər, karantin müddətində evlərdə qalsınlar və mədəni dəyərlərimizdən də yararlanaraq zamanlarını səmərəli dəyərləndirsinlər.

 

Mənbə: mct.gov.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR