Yol polisi: Kənd təsərrüfatı təyinatlı texnikalar saz vəziyyətdə saxlanılmalı, təhlükəsizlik qaydalarına…
Yay mövsümünün başlanması ilə əlaqədar respublikanın əksər bölgələrində kənd təsərrüfatı məhsullarının yığılması, daşınması, habelə bu sahədə çalışan insanların əkin sahələrinə gediş-gəlişi artıb.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, bu işlərin görülməsi zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün yol hərəkəti qaydalarına ciddi əməl edilməli, sürücülərin magistral yollarda nəqliyyatı idarəetmə vərdişləri, texnikanın saz vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılmalıdır. Təəssüf ki, bir sıra hallarda iri qabaritli kənd təsərrüfatı texnikasının, o cümlədən kombaynların, qoşqulu traktorların, otbiçən texnikaların və digər habelə texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkət etməsi, adamların traktorların qoşqularında daşınması, məhsullarının nəqliyyat vasitələrində qablaşdırılmadan aparılması kimi yol hərəkəti təhlükəsizliyi qaydalarına zidd olan hallara rast gəlinir ki, bu da yollarda görünüş dairəsinin məhdudlaşmasına və nəticədə ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə şərait yaradır. Belə halların baş verməməsi üçün kənd təsərrüfatı təyinatlı texnika daim saz vəziyyətdə saxlanılmalı, adamların və məhsulun daşınması zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, əvvəlcədən müəyyənləşdirilmiş hərəkət marşrutlarından kənara çıxmamalı və sürət rejiminə əməl olunmalıdır. Kənd təsərrüfatı texnikasının mütəşəkkil nəqliyyat dəstəsində müşayiəti ilə bağlı müraciət olunarsa Dövlət Yol Polisi bütün lazımi tədbirləri həyata keçirməyə hazırdır.
Daşımalar zamanı təhlükəsizlik qaydalarına əməl edən sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını yol qəzalarının acı nəticələrindən qorumuş olur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət