Slimfit
  1. İQTİSADİYYAT

Yerli düyü niyə bahadır?

Yerli düyü niyə bahadır?
Sakura

Yerli düyü niyə bahadır?

Çoxlarınız Astara düyüsü haqqında eşitməmiş deyilsiniz. Xüsusilə digər yerli istehsal və idxal məhsulları ilə müqayisədə qiymətinin baha olması onu daha “sirli” edib. 

Bu düyünün keyfiyyəti, bazarda ona olan tələbatla bağlı Oxu.Az-a  açıqlama verən Cənub bölgəsinin ən böyük çəltik istehsalçısı Rüfət Əsgərov deyir ki, beş ildir çəltik istehsalı ilə məşğul olur.

Dövlətin dəstəyindən faydalanaraq ərazilərini iki dəfə - 20 hektara qədər artırıb. Ötən il hər hektardan 4,5 ton məhsul əldə etmişdilərsə, bu il 5-6 ton gözlənilir. Çəltiyi haşimi toxumundan əkdiklərini vurğulayan fermer bu toxumun ənənəvi toxumlardan fərqləndiyini diqqətə çatdırır: 

“Düzdür, məhsuldarlığı nisbətən aşağı olur. Buna baxmayaraq, düyü həddən artıq ətirlidir.  Ən əsası yerli torpağa uyğundur. Bazara “Rəzi Rays”markası ilə çıxırıq. Ötən il məhsulun 80 faizini yerli bazarda satmışıq.  Bu il Rusiya bazarını nəzərdən keçiririk”.

Məlum oldu ki, Astara düyüsü rayonda daha ucuzdur. Belə ki, Lənkəran-Astara bölgəsində bu düyü 6-7 manata satılırsa, paytaxtda qiymət 10 manatdır.  

Nəzərə alsaq ki, digər idxal düyülərin kiloqramı daha ucuzdur, qiymətlərin yüksək olması yerli düyünün rəqabət qabiliyyətini azaldıb-azaltmadığı sual doğurur. 

Fermer deyir ki, yerli düyünün öz alıcısı var: 

“Eyniadlı İran düyüsü 12-14 manata satılır bazarda. İtehsal etdiyimiz düyü keyfiyyətlidir. Bu baxımdan, digər ənənəvi düyülər bizə rəqib deyillər. Yəni məhsulumuz ekoloji cəhətdən təmiz və keyfiyyətli olduğu üçün bazarda tələbat da böyükdür. Düyünün yetişməsində kimyəvi gübrələrdən istifadə edilmir. Məhsul sadəcə su ilə qidalanır”. 

Haşimi sortunun tez yetişdiyini diqqətə çatdıran fermer deyir ki, məhsul cəmi 90 gün ərzində ərsəyə gəlir:

“Bu da imkan verir ki, biçin yağışlı havaya düşməsin. Biçini avqust ayında başa çatdırırıq. Yəni prosesi ənənəvi düyü sortlarından 30 gün əvvəl yekunlaşdırırıq.  Haşimi sortunun bir xüsusiyyəti də odur ki, zərifdir.

“Haşimi” “zəif” sözündən götürülüb. Sortun gövdəsi incə olduğundan torpaqdan az qida qəbul edir. Bu səbəblərdən kimyəvi gübrə istifadə etmədən torpağı beş il istismar edə bilərik. Digər düyü sortlarında isə vəziyyət başqadır. Məsələn, onları iki il əkmək olur. Bu müddətdə torpağın bütün mineral gübrələri tükənir. Artıq növbəli təkrar əkinə ehtiyac yaranır”. 

Fermer suvarılmada problem olduğunu deyir. Onun sözlərinə görə, su olmadığından təssərrüfatların məhsuldarlığı aşağı olur. 

O, eyni zamanda, fermerlərin maarifləndirməyə ehtiyacları olduğunu söyləyir. Bildirir ki, aqro-texniki qaydalarla, marketinqlə bağlı maarifləndirmə aparılsa, yerli məhsullar rəqabətə dayanıqlı olar, istehsalın maya dəyər aşağı düşər. 

L.Ə.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR